Əlaqə Arxiv
news Image
2014.07.19
10:30
| A A A
Ərdoğan Azərbaycana şeir həsr edib
Türkiyəli şair Fehmi Ərdoğan Azərbaycan dilinə şeir həsr edib. Onun şeirlərində Azərbaycan dilinin şirinliyi süzmə bala, rəvanlığı sayrışan ulduzlara, xalqımızın genetik səs tonu saz simlərindən qopan məlahətli musiqiyə bənzədilir.

Movqe.az xəbər verir ki , Azərbaycan xalqına tükənməz məhəbbət bəsləyən şair AzərTAc-a müsahibəsində deyib: Keçmiş Sovetlər Birliyi qapalı dövlət olduğu üçün o dövrdə, Azərbaycan ilə əlaqələrimiz olduqca məhdud idi. Amma doğma Azərbaycanı həsrətlə seyr edir, xəyalımızda gəzdirirdik. Digər tərəfdən isə Azərbaycanda və Türkiyədə istifadə olunan əlifbaların fərqli olması Azərbaycan nəşrlərini, mətbuatını oxumaq imkanlarımızı məhdudlaşdırırdı. 1969-cu ildən başlayaraq proseslər dəyişdi. Türkiyədə söz və mətbuat azadlığı mövcud olduğu üçün keçmiş Sovet dövründə rəsmi mərasimlərin birində ilk dəfə, ulu öndər Heydər Əliyevin Azərbaycan dilində nitq söylədiyini eşitdik. O vaxt Türkiyə mətbuatı Ümummilli Liderin Azərbaycan dilində, səlis, rəvan və sərbəst danışıqlarını sensasiya kimi yaydı. Azərbaycandakı bu proses, Türkiyədə müasir milli intibahın başlanğıcı kimi qəbul olunurdu. Təbii ki, o dövrdə televiziya və radio dalğalarının yayım imkanları indiki səviyyədə deyildi. Buna baxmayaraq, Azərbaycan haqqında məlumatlar əldə edir və bu xəbərlərə böyük bir qənimət kimi baxırdıq.

Türk ədəbiyyatı müəllimi, şair və tədqiqatçı kimi uzun illər Avropa məktəblərində dərs deyən şair Azərbaycan ədəbiyyatının dünya ədəbiyyatına verdiyi töhfələrdən də danışıb: Füzulisiz, Nizamisiz, Nəsimisiz, Vaqifsiz, Natəvansız dünya ədəbiyyatı yoxdur. Azərbaycan ədəbiyyatının korifeyləri elə bir zəngin irs yaradıblar ki, bütün dünya onları sevə-sevə oxuyur və bəhrələnir. Böyük ədiblərimiz özlərindən sonrakı nəsillər üçün geniş yaradıcılıq imkanları da formalaşdırıblar. Böyük şairimiz Şəhriyar "Heydər Baba" poemasını yazanda Ulu Öndərimiz o qədər də yaşlı deyildi. Amma biz Türkiyə ədəbiyyatçıları bu poema ilə tanış olanda, əsəri təhlil edəndə, onun ümumi məzmununda Heydər Əliyev şəxsiyyətinə tərənnüm görürdük. Müstəqilliyinin bərpasının ilk illərində Azərbaycanın qarşılaşdığı təlatümləri biz də yaşadıq. Şükürlər olsun ki, Ümummilli Liderimiz Azərbaycanı təhlükələrdən xilas etdi və siyasətin ən uca zirvələrini fəth edərək bütün dünyanın heyranlıqla baxdığı Heydər Əliyev zirvəsini yaratdı. Azərbaycan ədəbiyyatı tarixin heç bir dövründə indiki qədər tanınmamışdı və inkişafda olmamışdı. Ölkənin və xalqın tanınmasında bədii ədəbiyyat, o cümlədən poeziya böyük imkanlara malikdir. Sevindirici haldır ki, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev bu işlərə böyük diqqət və qayğı göstərir. Mən də bir ədəbiyyat adamı kimi, Azərbaycana, qədim Qarabağımıza, hər qarşı torpağımıza, bütün türk dünyasına, xalqlarımızın qardaşlığına olan ülvi hisslərimi şeirlərimlə tərənnüm edirəm.


Sizin Reklam Yeriniz