Əlaqə Arxiv
news Image
2014.09.25
23:16
| A A A
Bakı-Tbilisi-Qars dəmir yolunun Marabda-Tetriskaro hissəsi istismara hazırdır

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin Gürcüstan hissəsində tikinti işləri uğurla davam etdirilir. Ümumi uzunluğu 184 kilometr olan Marabda-Kartsaxi-Türkiyə sərhədi ərazisində aparılan işlər dörd mərhələdə həyata keçirilir.


Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən AzərTAc-a daxil olan məlumata görə, həmin mərhələlər yolun Marabda-Tetritskaro (29,2 kilometr), Tetritskaro-Tsalka (49,7 kilometr), Tsalka–Axalkalaki (74,1 kilometr), Axalkalaki-Kartsaxi-Türkiyə sərhədi (26,3 kilometr) hissələrinin reabilitasiya, rekonstruksiya və tikintisini, həmçinin Axalkalaki stansiyasının (4,5 kilometr) və Qırxbulaq körpüsünün (156 metr) inşasını əhatə edir.
İlk üç mərhələ Gürcüstan hökumətinin müvafiq qurumu – "Marabda Kartsaxi Dəmiryolu" MMC ilə imzalanmış podrat müqaviləsinə əsasən, "Azəryolservis" ASC tərəfindən icra olunmaqdadır. 2011-ci ildə "Azəryolservis" ASC-nin Gürcüstan filialı təsis olunduqdan sonra tikinti işlərinin sürətinin artırılması üçün zəruri struktur bölmələri yaradılıb.
Artıq birinci mərhələ üzrə tikintisi yekunlaşan Marabda-Tetriskaro hissəsi istismara hazırdır. Belə ki, torpaq yatağı və süni qurğular üzrə əsas işlər yekunlaşıb, bina və qurğularda son tamamlama işləri başa çatdırılıb.
İkinci mərhələdə Tetritskaro-Tsalka hissəsinin torpaq yatağı və yolun üst quruluşu elementləri üzrə işlər tamamlanıb, əsas yol yenidən qurulub. Hazırda rabitə-işarəvermə, elektrik təchizatı, binaların bərpası və abadlaşdırma işləri davam etdirilir.
Tikintinin üçüncü mərhələsinə daxil olan Tsalka–Axalkalaki hissəsində 155 qurğu və körpünün, bina və digər tikililərin inşası, relslərin döşənməsi yekunlaşıb. Son 5 ayda 70 kilometrdən çox rels döşənib ki, bu da Gürcüstan üçün rekord nəticədir.
Dördüncü mərhələ çərçivəsində isə Axalkalaki-Kartsaxi-Türkiyə sərhədi hissəsində yol yatağı, körpülər, suötürücülər inşa olunub, relslər döşənib. Kartsaxi stansiyasında əsas və stansiyadaxili yolların, Qırxbulaq çayı üzərindəki dəmir yolu körpüsünün tikintisi tamamlanıb.
Gürcüstan-Türkiyə sərhədində uzunluğu 4450 metr olan tunelin tikintisi davam edir. Tunelin Türkiyə ərazisindəki 2560 metrlik hissəsində işlər başa çatıb. Gürcüstan ərazisinə düşən hissədə isə qazıntı işləri sürətlə davam etdirilir.
Layihəyə uyğun olaraq Axalkalaki stansiyasında vağzal binasının tikintisi başa çatmaq üzrədir. Binanın cari ilin sonunadək təhvil verilməsi nəzərdə tutulur.
Layihənin icrasına ümumilikdə 2000 nəfərdən çox işçi və 500-dən çox maşın-mexanizm cəlb olunub.
Sizin Reklam Yeriniz