Əlaqə Arxiv
news Image
2014.09.28
00:13
| A A A
Azərbaycan Uşaqlarının III Ümumrespublika Forumunun keçirilmə tarixi məlum oldu
Movqe.az Trend-ə istinadən xəbər verir ki , Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, III Forum bu il noyabrın 17-də Bakı şəhərində keçiriləcək.

Foruma Azərbaycanın bütün şəhər və rayonlarından öz fəallığı və intellektual səviyyəsi ilə seçilən, fikirlərini sərbəst şəkildə ifadə edə bilən 350 nəfərə yaxın uşaq, həmçinin xüsusi istedadı olan, xüsusi qayğıya ehtiyacı olan uşaqlar, sağlamlıq imkanları məhdud, digər millətlərdən olan, valideyin himayəsindən məhrum olmuş, qaçqın və məcburi köçkün ailələrdən olan uşaqlar nümayəndə qismində iştirak edəcəklər.

Ombudsman (insan hüquqları üzrə müvəkkil) Aparatının "Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi", C.Naxçıvanski adına hərbi liseydə təhsil alan kursantlar, Dövlət Sərhəd Xidmətinin Mərdəkan qəsəbəsindəki xüsusi məktəbində təhsil alan şagirdlər, qeyri-hökumət təşkilatlarını təmsil edən uşaqlar, Komitənin dəstəyi ilə fəaliyyət göstərən "Azərbaycanın Gələcəyi" Uşaq və Gənclər Təşkilatının üzvləri arasından da Foruma nümayəndələr seçilib.

Qeyd edək ki, Heydər Əliyev Fondu və UNICEF-lə birgə uşaqların öz hüquqları ilə bağlı qərarların qəbul edilməsində iştirakını təmin etmək, uşaqlara öz problemləri ilə bağlı təşəbbüslərlə çıxış etmək və təkliflər vermək imkanı yaratmaq, həmçinin ictimaiyyətin diqqətinin uşaq hüquqlarının qorunmasına yönəldilməsi məqsədilə 2009-cu ildə Azərbaycan Uşaqlarının I və 2011-ci ildə Azərbaycan Uşaqlarının II Ümumrespublika Forumu keçirilib.

Forumlar ölkə üzrə bütün şəhər və rayonları təmsil edən uşaqların iştirakı ilə keçirilir. Forum həm də hər bir uşağın onu düşündürən, narahat edən məsələləri dilə gətirməsinə, problemlərin birgə həlli yollarını araşdırmasına imkan verir. Məhz bu forumlar istedadlı uşaqların üzə çıxmasında mühüm rola malikdir.

Forumlar uşaqların öz bacarıqlarını nümayiş etdirmək üçün bir vasitəyə çevrilib. Həmçinin Forum uşaqların ictimai fəallığının artırılmasında, iştirak hüququnun təmin edilməsində və liderlik keyfiyyətlərinin formalaşmasında mühüm əhəmiyyətə malikdir..
Sizin Reklam Yeriniz