Əlaqə Arxiv
news Image
2014.11.08
22:04
| A A A
Mərkəzi Bank manatı saxlamağa böyük vəsait xərcləyir
Rus rublunu sıradan çıxaran proses Azərbaycanın milli pulu üçün də ciddi təhlükələr vəd edir.

Movqe.az Bizim Yol-a istinadən xəbər verir ki , dolların qlobal bazarda güclənməsi qonşu Rusiyanın milli valyutasını sürətlə dəyərsizləşdirib. Dünən birjalarda ABŞ pulunun sentyabr ayından bəri ən yüksək səviyyəyə qalxması müşahidə edilirdi. Analitiklər proseslərə 3 amilin təsir göstərdiyini bildirirlər.

Birincisi, Ukraynada silahlı qarşıdurmaların təkrar başlaması rublun məzənnəsinə sərt təpkilər yaradıb. Artıq il başlayandan bəri rublun dollara nisbətən dəyəri, dünyanın 30-a yaxın valyutası ilə müqayisədə 40 faiz ucuzlaşıb. "Bloomberg" Agentliyinin yazdığına görə, Rusiyanın Mərkəzi Bankı pulun dəyərini sabitləşdirmək üçün təkcə oktyabr ayında 30 milyard dollar istifadə edib. Artıq Mərkəzi Bank məhdudiyyət tətbiq edib. Belə ki, valyuta səbətində intervensiya üçün günə maksimum 350 milyon dollar xərclənməsi qərara alınıb. Qərara görə, vəsait valyuta səbətində gündəlik 5 sentin alınmasına qədər yönəldiləcək. Bahalaşmanın qalan hissəsi isə "üzən məzənnə"yə, yəni sərbəst buraxılıb. Artıq Rusiyanın beynəlxalq rezervləri 24-31 oktyabr tarixinə görə 10,5 milyard dollar azalaraq 428,6 milyard dollara qədər düşüb.

Mərkəzi Bankın sədr müavini Kseniya Yudayeva bildirib ki, ilin sonunda stabilliyin yaranması gözlənilir. Dolların bahalaşmasına təsir göstərən ikinci amil isə Avropa Mərkəzi Bankının sədri Mario Draghinin avro ilə bağlı daha çox yumşalma siyasəti həyata keçirəcəkləri barədə açıqlaması olub. Bu açıqlamadan sonra avro dollara nisbətən son iki ilin ən aşağı səviyyəsinə düşüb. Dünən beynəlxalq valyuta səbətində 1 ABŞ dollar 1.24 AVRO-ya təklif edilib. Beynəlxalq valyuta səbətində dolların güclənməsinə təsir göstərən üçüncü amil isə Cənub Afrika Respublikasının kredit notlarının kəskin aşağı düşməsi olub. Bu prosesdən sonra CAR-ın milli valyutası rand son 5 həftədə ən aşağı səviyyəyə enib.

Dünən dollar indeksinin 2008-ci il qlobal maliyyə böhranından sonra ən yüksək həddi qeydə alınıb. Artıq ilin əvvəlindən dolların bahalaşmasının Azərbaycan rezervlərinə də təsiri müşahidə edilməkdədir.

İqtisadçı-ekspertSamir Əliyevin bildirdiyinə görə, neftin ucuzlaşması və dolların bahalaşması fonunda 2014-cü ilin III rübündə Neft Fondunun aktivləri 317,1 milyon dollar azalıb: "Azalma beynəlxalq ehtiyatlarda da müşahidə edilib. Beynəlxalq ehtiyatların xarici valyutada olan aktivləri sentyabr ayında 340,18 milyon dollar azalıb. Sentyabr ayı ərzində xarici valyutada olan aktivlərin həcmi 17,783 milyard dollardan 17,443 milyard dollara düşüb. Azalma digər maddələr üzrə də olub. SDR (Beynəlxalq Valyuta Fondunun xüsusi borcalma hüquqları) üzrə göstərici isə 233,19 milyon dollardan 238,29 milyon dollara düşüb.

Güman ki, azalma noyabr ayında da davam edəcək. Çünki neft 80 dollara yaxınlaşır, dolların isə digər valyutalara nisbətən bahalaşması ehtiyatlarımıza mənfi təsir göstərəcək".

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının statistikasına görə, rəsmi valyuta ehtiyatlarında azalma iyul ayından, beynəlxalq ehtiyatlarda isə (rəsmi valyuta ehtiyatı+qiymətli kağızlar+qızıl) avqust ayından etibarən müşahidə olunmağa başlayıb.

Sizin Reklam Yeriniz