Braziliyada keçirilən prezident seçkisini ölkə tarixində
nəticənin əvvəlcədən proqnozlaşdırılması baxımından ən çətin seçki
adlandırmaq olar. Movqe.az milli.az-a istinadən xəbər verir ki ,
namizədlərin topladığı səslər arasında fərq cüzi olub. Sonda seçki
hazırkı dövlət başçısı Dilma Ruseffin qələbəsilə bitib. Səsvermənin
ikinci turunda onu seçicilərin 51%-dən bir qədər çoxu
dəstəkləyib.
Ruseffin seçkidə 7 opponenti var idi. Onlar seçki kampaniyası
dövründə öz proqramlarını təqdim etməkdənsə, hazırkı prezidenti
tənqid atəşinə tutmaqla məşğul olublar. Dilma Ruseffə gəlincə, o,
seçkidə sol-mərkəzçi İşçilər Partiyasını təmsil edirdi. İlk dəfə o,
prezident vəzifəsinə 2010-cu ildə seçilib.
Seçkinin ikinci turunda Ruseff senator Aesio Nevesa ilə mübarizə aparırdı. Braziliya Sosial Demokrat Partiyasının namizədi olan Nevesa ölkənin zəngin sinfinin maraqlarını təmsil edirdi. Üstəlik, digər namizəd, Lulanın (Luis İnasio Lula da Silva - İşçilər Partiyasından birinci prezident, 2002-2010-cu illər) hökumətində ətraf mühitin mühafizəsi naziri işləmiş Marina Silva da tərəfdarlarını Nevesaya səs verməyə çağırmışdı.
Lakin bütün bunlara baxmayaraq, Lulanın siyasi varisi minimal
fərqlə olsa belə, qələbə qazanmağı bacardı. Bəs, solçuların
qələbəsinin səbəbi nədir və onların növbəti 4 illik hakimiyyətləri
dövründən nələri gözləmək olar?
Sol mərkəzçi İşçilər Partiyasının qələbəsindən və 2002-ci ildə onun lideri Lula de Silvanın ölkə başçısı seçilməsindən sonra Braziliya Cənubi Amerikaya siyasi sabitlik və iqtisadi inkişaf nümunəsinə çevrilib. Bundan başqa, ölkənin əsas beynəlxalq problemlərin həllindəki rolu da artıb.
Lulanın prezidentliyi dövründən bu tərəfə Braziliya iqtisadi
inkişaf templərini durmadan artırır. Bununla yanaşı, Bolsa Familia
kimi sosial proqramlar çərçivəsində dövlət tərəfindən aztəminatlı
ailələrin, sosial baxımdan aşağı səviyyədə yaşayan vətəndaşları
saxlanılmasına on milyonlarla dollar ayrılır. Braziliya xarici
investorlar üçün da cəlbedici ölkəyə çevrilib. Onlar Latın
Amerikasında bizneslərini inkişaf etdirmək üçün məhz Braziliyanı
vacib bazar hesab etməyə başlayıblar. Yerli biznesmenlər və
sahibkarlar da iqtisadi və maliyyə imkanlarını genişləndirirlər, bu
isə orta sinfin inkişafına əlavə dəstəkdir. Lulanın hakimiyyəti
dövrünün daha bir xarakterik cəhəti dövlətin (milli dövlətin)
yalnız pul və maliyyə siyasətilə iqtisadiyyatın tənzimlənməsində
rolunun artması yox, həm də bir sıra inkişaf etmiş infrastruktur
layihələrinin real iqtisadiyyata təsiridir.
İqtisadi çiçəklənmə və hökumətin xüsusilə sadə insanlar arasında populyarlığının yüksək səviyyədə olması ölkənin siyasi landşaftının dəyişməsini, İşçilər Partiyasının hegemonluğunu, müxalifətinsə konkret siyasi qüvvəyə çevrilməsini vəd edirdi.
Beynəlxalq münasibətlər baxımından da Lulanın prezidentliyi
dövrünü "qızıl əsr" adlandırmaq olar. Braziliya bu dövrdə IBSA
Təşəbbüsü (Hindistan, Braziliya, Cənubi Afrika) çərçivəsində
Hindistan və Cənubi Afrika ilə münasibətlər qurub, bu isə öz
növbəsində qlobal Cənubun beynəlxalq arenada nüfuzunu xeyli
artırıb. Lula diplomatiyasının əsas nailiyyətləri arasında BRHÇCA
qrupunun (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika)
institusiallaşması, həmçinin Türkiyə ilə birlikdə Fələstin-İsrail
münaqişəsinin, İranın nüvə proqramı ilə bağlı problemin həllində
vasitəçilik etmək cəhdlərini də göstərmək olar. Bundan başqa,
Braziliyanın Cənubi Amerikada UNASUR (Cənubi Amerika xalqları
ittifaqı), Merkosur (Cənubi Amerika ümumi bazarı) kimi
təşkilatlarda liderlik rolu da artıb.
Dilma Ruseff İşçilər Partiyasının əvvəlki administrasiyasının
iqtisadi və beynəlxalq nailiyyətlərini, həmçinin partiya və Pulanın
populyarlığının siyasi kapitalını mənimsəyə bilib.
Lakin bütün bunlarla yanaşı, Ruseffin ilk prezidentlik dövrünü
qənaətbəxş saymaq olmaz. Prezident beynəlxalq münasibətlərə az
diqqət yetirib, əsas gücünü daxili siyasətə yönəldib. Onun ilk
prezidentliyi dövründə əsas iqtisadi və siyasi vəziyyət mütəmadi
olaraq pisləşib, Braziliyanın beynəlxalq fəallığı azalıb. Hakim
partiyadan olan yüksək vəzifəli şəxslərin iştirakı ilə baş verən
siyasi qalmaqallar, şəffaflığın olmaması, administrasiyada və
bürokratik dairələrdəki korrupsiya, həmçinin inflyasiyanın artması
ilə əlaqədar keçirilən sərt etiraz aksiyaları, bir neçə idman
tədbirinin təşkilinə (2013-cü ildə Konfederasiya Kuboku, 2014-cü
ildə futbol üzrə Dünya Çempionatı), hökumətin legitimliyinin
əsaslarına və Braziliyanın beynəlxalq imicinə öz təsirini
göstərir.
Son prezident seçkisi Braziliya cəmiyyətində qütbləşmənin dərinləşdiyini, həmçinin İşçilər Partiyasının siyasi sistemdəki mövqelərinin zəiflədiyini göstərir. Əlbəttə, mühafizəkar və ya neoliberal sistemin bərpasını, bu sistemlərə qayıdılacağını gözləmək artıq olardı. Lakin hazırkı dinamikanı nəzərə alsaq, hakim partiyanın əsas siyasi xəttindən qismən imtina edəcəyini proqnozlaşdırmaq mümkündür. Bir neçə il davam edən iqtisadi inkişafdan, milyonlarla insanın orta sinfə qoşulmasından sonra Braziliya ictimaiyyətinin ölkə rəhbərliyinə qarşı irəli sürdüyü tələblərin xarakteri dəyişir. İşçilər Partiyasının hakimiyyətdə olduğu ilk illərdə əsas problem bərabərsizlik, sosial ədalətsizlik idi. Braziliya xalqı bir tərəfdən iqtisadi inkişaf sahəsindəki nailiyyətləri qoruyub saxlamaq istəyirsə, digər yandan o, hakimiyyəti inflyasiyada, işsizliyin artmasında günahlandırır. Bu amillər, əlbəttə ki, gündəlik həyata öz mənfi təsirini göstərir. Amma məsələ bununla bitmir. İnsanlar dövlət strukturlarında effektivliyi, şəffaflığı təmin edəcək "keyfiyyətli islahatlar" tələb edir. Beləliklə, dövlət institutları strukturlarının fundamental rolunun vacibliyi daha çılpaqlığı ilə üzə çıxır.
Eyni "tələblər"i Cənubi Amerikanın digər ölkələrində də müşahidə
etmək mümkündür. Misal kimi, Uruqvayı, Kolumbiyanı, Argentinanı
göstərmək olar. Deyəsən, Cənubi Amerikada "sosial islahatçılar
dövrü" "sosial administratorlar dövrü"nə çevrilir. Amma bu zaman
neoliberal baxışlar üstünlük təşkil etmir.
Nəhayət, xarici siyasi problemlər Dilma Ruseffin yeni səlahiyyət
dövründə mərkəzi yeri tutmalıdır. Braziliya imicini yeniləməli,
beynəlxalq mövcudluğunu genişləndirməli, daha aydın mövqe nümayiş
etdirməli, dünya arenasında öz maraqlarını müdafiə etməlidir.
Braziliyanın gücünün mənbəyi yaxşı məlumdur. Yüksək iqtisadi
inkişafa nail olmuş Braziliya Cənubi Amerikanın regional lideri
olmaqla yanaşı, yumşaq gücün çoxsaylı cəlbedici elementlərinə
malikdir - mədəni irs və təbii sərvətlər. Bütün bunlara baxmayaraq,
son illər Braziliya dünya siyasətində öz mövqelərini itirib.
Lulanın prezidentliyi dövründəki fəallıq hökumətin daxili siyasətdə
daha ciddi legitimlik qazanmasına kömək edən effektiv siyasətə
gözəl nümunədir. Müasir qlobal dünyada xarici siyasət boşuna zaman
itkisi və elitanın üstünlüyü deyil. Bu, ictimai siyasətdir.
Beynəlxalq münasibətlər və daxili siyasət bir-birilə əlaqəlidir və
onların yaxşı və pis nəticələri bir-birinə təsir göstərir.
Bu gün Ruseff üçün beynəlxalq gündəlikdə ən təxirəsalınmaz məsələlər arasında bir neçə problemi sadalamaq olar: Cənubi Amerikada Braziliyanın müsbət lider rolu; ABŞ ilə münasibətlərin yenidən qurulması; demokratik və sülhsevər dövlət kimi, dünya siyasətinə reinteqrasiya.