Əlaqə Arxiv
news Image
2012.10.16
19:50
| A A A
İlham Əliyev: "Bəzi ölkələrdə islam müqəddəslərinin təhqir edilməsi bizi hiddətləndirir"
Dövlət başçısı İƏT-in Bakıda keçirilən XII zirvə toplantısında açılış nitqi söyləyib "Bəzi ölkələrdə İslamafobiya meyllərinin güclənməsi, İslam müqəddəslərinin təhqir edilməsi bizi narahat edir, hiddətləndirir". Bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən XII zirvə toplantısında açılış nitqində söyləyib.

Prezident İlham Əliyev Azərbaycanın ECO-nun fəaliyyətinin genişləndirilməsi üçün əlindən gələni edəcəyini bildirib: "Bu zirvə görüşü çox əlamətdar tarix ərəfəsində baş verir. 1992-ci ilin noyabrında ECO-ya 7 yeni üzv daxil olub ki, onlardan biri də Azərbaycan idi. Azərbaycan öz fəaliyyətində ECO-ya daim böyük önəm verib. Bizi həm ortaq tarix, həm də siyasi və iqtisadi maraqlar birləşdirir. Hesab edirəm ki, təşkilatımızın bu tarixi irs üzərində formalaşması böyük ənənədir. Biz çalışırıq ki, İslam mədəniyyətinin təbliği istiqamətində fəaliyyətimizi gücləndirək. 2018-ci ildə Azərbaycanın Naxçıvan şəhəri islam mədəniyyəti paytaxtı olacaq".

Prezident ötən il Azərbaycanın ECO-ya üzv dövlətlərin də dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildiyini xatırladıb: "Azərbaycan da öz növbəsində ECO-ya üzv dövlətlərin maraqlarının beynəlxalq təşkilatlarda qorunmasında səylərini göstərir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ECO-ya üzv ölkələrin mövqeyini yüksək qiymətləndiririk".

Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən prezident bildirib ki, münaqişə nəticəsində azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb: "Ermənistan BMT-nin məlum qətnamələrini yerinə yetirmir. 1992-ci ildə ermənilər tərəfindən Xocalı soyqırımı törədilib. Artıq üç dövlət bu soyqırımı rəsmən tanıyıb və onlardan biri ECO-ya üzv ölkə Pakistandır. Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu olmayıb və ola da bilməz. Əlbəttə ki, bu işğal və ədalətsizlik bizim iqtisadiyyatımıza da zərbə vurub".

Dövlət başçısı çıxışında Azərbaycandakı iqtisadi və sosial inkişafdan da danışıb: "İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə ticarət dövriyyəsi 2011-ci ildə 38, cari ilin 9 ayında isə 20 faiz artıb. Azərbaycan ECO Bankın səhmdarıdır və üzv ölkələrdə həyata keçirilən vacib layihələrdə həm bank vasitəsi ilə, həm də investor kimi iştirak etmək niyyətindədir. Biz yeni bazarlara çıxmaq üçün araşdırma işləri aparırıq. İnvestisiya yatırmaq üçün özümüzə dost-qardaş bildiyimiz ölkələrə üz tuturuq".

Prezident bildirib ki, malik olduğu coğrafi mövqe Azərbaycanın nəqliyyat sahəsində regional mərkəzə çevrilməsinə imkan verir: "Bu yaxınlarda tikintisi başa çatacaq Bakı-Tiflis-Qars dəmir yolu İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələri birləşdirəcək".
Sizin Reklam Yeriniz