Əlaqə Arxiv
news Image
2012.10.23
16:07
| A A A
Azərbaycanda razılaşdırılmamış aksiyalara görə cərimələrin artırılması məsələsi parlamentin plenar iclasına tövsiyə olunub
Milli Məclisin (MM) Hüquq siyasəti və Dövlət quruculuğu Komitəsinin iclası keçirilib.

İclasda "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna, həmçinin İnzibati Xətalar və Cinayət məcəllələrinə edəcəyi dəyişikliklər müzakirə olunub. 

APA-nın məlumatına görə, Cinayət Məcəlləsinə ediləcək dəyişikliklə qanunvericiliklə qadağan olunmuş hallarda toplantılar təşkil etmə, keçirmə və ya belə toplantılarda iştirak etmə vətəndaşların hüquq və qanuni mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda 5000 manatdan 8000 manatadək cərimə nəzərdə tutulur (indiyədək cərimənin məbləği 300 manatadək olub). 

Toplantıların keçirilməsi zamanı toplantıda iştirak edənlər tərəfindən odlu və ya soyuq silah, yaxud partlayıcı maddə və qurğular, eləcə də ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə törədən sair maddə və əşyaları gəzdirənlər üçün də 5000-8000 manat cərimə nəzərdə tutulub (indiyədək bu məbləğ 100-500 manat olub). Bu cərimələrin nəzərdə tutulduğu maddənin hər iki bölümündə (169.1 və 169.2) azadlıqdan məhrumetmə ilə bağlı hissə əvvəlki kimi saxlanılıb.

Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə ictimai qaydanı kobud surətdə pozan və ya hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan, yaxud nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsini təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştiraka görə 5000 manatdan 8000 manatadək cəza nəzərdə tutulur (bu məbləğ indiyədək 500 manat olub).

Qanunvericiliyə təklif edilən dəyişikliklərdə razılaşdırılmamış aksiyalara görə fiziki, hüquqi və vəzifəli şəxslərin məsuliyyəti fərqləndirilib. 
Dəyişikliklər MM-in plenar iclasına tövsiyə olunub. 

Yalnız deputat Qüdrət Həsənquliyev layihənin əleyhinə səs verib.
 
Sizin Reklam Yeriniz