Əlaqə Arxiv
news Image
2012.12.09
11:21
| A A A
Şadlıq evləri üçün yeni standartlar
Fazil Talıblı: "Standarta uyğun gəlməyən şadlıq evlərinin rəhbərliyinə nöqsanları aradan qaldırmaq üçün vaxt veriləcək" 2012-ci ildən etibarən şadlıq evlərilə bağlı tətbiq ediləcək standartlarda istehlakçıları narahat edən məsələlər öz əksini tapıb. Məlumatlara görə standartlar tətbiq ediləndən sonra şadlıq evləri istehlakçılarla müqavilə bağlamaq məcburiyyətində qalacaq.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti qida məhsulları şöbəsinin müdiri Məsim Babayev bir müddət öncə jurnalistlərə açıqlamasında bildirmişdi ki, şadlıq evlərində xaos hökm sürür. Hazır yeməklər soyuducuya qoyulmaq əvəzinə, mətbəxlərdə saxlanır. Masaya qoyulan qidalar toy qurtardıqdan sonra istifadədən çıxarılmaq əvəzinə yenidən növbəti toy üçün saxlanılır. Məsələn, masanın üzərində soyuq yeməklər bir neçə gün istifadə olunur. Xidmətçilər çəngəl-bıçaqları cibldərində gəzdirirlər. Salatların, ayrı-ayrı qidaların hazırlanmasında normativlərə əməl olunmur. Şadlıq evlərinə bir sıra hallarda real tutumlarından daha çox qonaq dəvət olunur. Musiqi sədalarının yüksək həddə olması daha dözülməz vəziyyət yaradır. Səsgücləndiricilərin qeyri-münasib vəziyyətdə yerləşdirilməsi, qulaqbatıran musiqi sədası iştirakçıların toylardan həzz almalarına, feyzyab olmalarına imkan vermir.
O da məlumdur ki, şadlıq evlərilə istehlakçılar arasında müqavilənin şərtləri hazır olmasa da, bu müqavilənin bağlanılmaması anlamına gəlməməlidir. Şadlıq evləri göstərilən xidmətlər müqabilində istehlakçıya qəbz ödəməlidir, qidaların keyfiyyətinə dövlət təminatı olmalıdır.
Bundan başqa bəzi məlumatlara görə, şadlıq evlərinin interyeri və xarici quruluşu ilə bağlı da standartlar hazırlanır. Gələn ildən etibarən şadlıq evinin sahəsinin ölçüsünə uyğun olaraq masalar qoyulacaq. Masalar, oturacaqların sayı, musiqi heyətinin yerləşdirilməsi, akustika bundan sonra dövlət qaydaları ilə tənzimlənəcək.
Bakıda və respublikanın digər rayonlarında qeyri-standart şadlıq evlərinin sayının kifayət qədər olduğunu nəzərə alsaq onların bir çoxunun bağlanacağını düşünmək olar.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblının sözlərinə görə, şadlıq evlərilə bağlı standartın layihəsi hazırlanır: "Layihə hazırda ekspertiza mərhələsindədir. Layihə tamamlanıb təsdiqlənəndən sonra onun barəsində ictimaiyyətə daha geniş məlumat verəcəik. Onu deyə bilərəm ki, layihədə şadlıq evinin daxili quruluşu ilə bağlı standartlar nəzərdə tutulub. İstər masaların sayı, yerləşdirilməsi, rənglər, akustika, ansamblın yeri, iştirakçıların sayı barədə standartlar nəzərdə tutulub".
Standartlara uyğun olmayan şadlıq evlərinin taleyinə gəlincə F.Talıblı bildirdi ki, məqsədləri hansısa obyekti bağlamaq deyil: "Şadlıq evlərində tərəfimizdən yoxlamalar aparılacaq. Standarta uyğun gəlməyən şadlıq evlərinin rəhbərliyinə nöqsanları aradan qaldırmaq üçün vaxt veriləcək. Əgər verilmiş vaxt ərzində tövsiyələrimiz nəzərə alınmasa onların fəaliyyətinin dayandırılması üçün aidiyyəti dövlət qurumları qarşısında məsələ qaldıracağıq".
Sizin Reklam Yeriniz