Əlaqə Arxiv
news Image
2012.12.19
13:13
| A A A
Bivalyuta səbətinin bərpası aktuallaşır
Samir Əliyev: "Mərkəzi Bank bivalyuta sistemini tətbiq etməklə manatın kursunun daha optimal səviyydə saxlanılmasını təmin edə bilər" Məlum olduğu kimi hazırda Azərbaycan manatının məzənnəsi ancaq ABŞ dolları ilə müəyyənləşir. Dolların isə digər valyutalara münasibətdə  məzənnəsinin gah qalxdığı, gah da endiyi müşahidə olunur. Belə hal isə milli valyutanın kursunun ancaq bir valyuta ilə, dollarla müəyyənləşməsinin bir qədər riskli olduğunu düşünməyə əsas verir.
Ona görə də bəzi mütəxəssislərə görə Azərbaycan manatının kursu təkcə dollarla deyil, avro və dollar əsasında müəyyən olunmalıdır.
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Samir Əliyev də manatın kursunun məhz avro və dollar əsasında müəyyənləşdirilməsinin tərəfdarı olduğunu bildirdi: "Təxminən 2008-2010-cu illər arasında Azərbaycanda bivalyuta səbətindən istifadə olunurdu. Yəni həmin illərdə Azərbaycan manatının kursu dollar və avrodan ibarət bivalyuta səbəti vasitəsilə müəyyən olunurdu. Bu zaman dolların payı 90, avronun payı isə 10 faizə qədər idi. 2011-ci ilin əvvəlindən başlayaraq isə Mərkəzi Bank bu sistemdən imtina etməyə başladı. Belədə qurum manatın kursunun ancaq dollar əsasında həyata keçirilməsi siyasətini yürütməyə doğru istiqamət götürdü. Həmin andan başlayaraq istər avro, istərsə də funt sterlinq olsun, digər valyutaların manata nisbətən kursu çarpaz kurslar vasitəsilə, yəni dollar vasitəsilə müəyyən edildi. Bivalyuta səbətindən bir çox ölkələr bəhrələnirlər. Məsələn, Rusiyada rublun kursu bivalyuta səbətilə müəyyənləşir. Orada dolların səbətdə nisbəti 55, avronun nisbəti isə 45 faiz təşkil edir. Bu səbəbdən neftin qiyməti qalxsa da, rus rublunun ucuzlaşmasını müşahidə edirik. Amerika dollarının kursunda isə 6 digər valyutalar iştirak edir ki, burada iyenadan tutmuş funt sterlinq, avro yer alır. Bivalyutada əsas məqsəd isə milli valyutanın kursunun optimal səviyyədə saxlanılmasına nail olmaqdan ibarətdir. Yəni milli valyutanı ancaq bir valyutanın kursundan asılı olmayan vəziyyətə gətirmək. Azərbaycanda görünür, bivalyuta sisteminə keçid Mərkəzi Bank üçün çətinlik törədir. Manatın kursunu saxlamaq üçün Mərkəzi Bank dollar bazarının tənzimlənməsinə gedir. Lazım olanda dollar satışını həyata keçirir. Yaxud da manatın kursunu qaldırmaq istədikdə dollar alıb onun qıtlığını yaradır və manat bahalaşır. Bivalyuta sistemində isə hökumət həm avro, həm də dollar bazarını bu mənada tənzimləməlidir. Bivalyutada isə dollar bahalaşanda avronun düşməsi nəticəsində milli valyutanın kursunu optimal vəziyyətdə saxlayır. Azərbaycanda da bivalyuta sisteminə keçilməsi fikrimcə, daha yaxşı olardı. Mərkəzi Bank isə bu mənada manatın kursunu saxlamaq, inflyasiyanın qarşısını almaq üçün manatı sırf dollardan asılı vəziyyətə salıb. Bivalyuta səbəti isə prosesi daha optimal səviyyədə saxlamağa imkan verəcək. Həmin proses gələcəkdə manatın ucuzlaşmasını da rahat həzm edə bilər. Bilirik ki, neftin qiyməti bahalaşır, ölkəyə dollar axını başlayır, bu da manatı möhkəmləndirir. Bu baxımdan Mərkəzi Bank bivalyuta sistemini tətbiq etməklə manatın kursunun daha optimal səviyyədə saxlanılmasını təmin edə bilər".
Sizin Reklam Yeriniz