Əlaqə Arxiv
news Image
2013.01.11
14:15
| A A A
Sahibkarlıqdan uzaq düşən universitetlərimiz
Zahid Məmmədov: “Bu, universitetlərin büdcələrini qorumağa dəstək olar” Məhərrəm Zülfüqarlı: “Qərbdə böyük universitetlər var ki, onlar sifarişlər qəbul etməklə büdcələrinə yüksək gəlir gətirirlər” Hazırkı "Təhsil haqqında" qanunda qeyd olunur ki, hər bir fakültə profilinə uyğun fərdi sahibkarlıqla məşğul ola bilər. Yəni, fakültələr təcrübi praktikalarında əldə etdikləri və yaxud da ümumiyyətlə, istiqamətləri üzrə istehsal etdikləri məhsulları satışa çıxa bilərlər. Təbii ki, göstərilən fəaliyyət ən çox texniki, tikinti istiqamətdə olan ixtisaslara şamil edilir. Satışdan əldə olunan gəlir isə müəyyən nisbətlərdə həm fakültənin öz, həm də ali məktəbin büdcəsinə daxil edilir.
Xarici universitetlərdə belə praktika mövcud olsa da, Azərbaycanda hələlik qanun kağız üzərində qalıb. Lakin təəssüf ki, ölkəmizdə bu gün satışa çıxardığı məhsulundan əldə etdiyi gəliri ilə universitet büdcəsinə dəstək olan ali məktəb demək olar ki, yoxdur. Ekspertlər bildirirlər ki, mövcud qanuna əməl olunsa, ali məktəb maliyyə baxımından daha çox vəsait əldə edə bilər.
İqtisad elmləri doktoru, professor Zahid Məmmədov bildirir ki, universitet beyin fabrikidir: "Universitetlər fabrik və zavodlara düşüncə satır. Zavodlar da həmin insanlara satdığı məhsulun müəyyən miqdarında pul verirlər. O professorlara da həmin şəraiti universitet yaradır. Təbii ki, universitet pul qoyub, pul qazanacaq. Yəni, layihələr satılır, əvəzində pul alınır. Əsasən də texniki profilli ali təhsil müəssisələri texnikanı, materialları yox, texnikanın, materialların keyfiyyətini yüksəltmək üçün əldə oluna biləcək mövzusunu satır. Ona görə də universitetlər üçün əsas göstərici tələbələrin sayı yox, ideyanın satışı, yeni - yeni məhsulların çıxışıdır".
Alim bildirir ki, bu gün Azərbaycanda belə layihələr istehsal edən təhsil müəssisləri az da olsa var: "Onlardan biri Azərbaycan Dövlət İqtisad Universitetidir ki, hazırda onun tərkibində İqtisadi Araşdırmalar Elmi Tədqiqat institutu fəaliyyət göstərir.  O, çox böyük layihələr verir. AMEA-nın İqtisadiyyat institutu da bir neçə şirkətlərdə menecment - idarəetmənin yenidən qurulması, insan kapitalının dəyərləndirilməsi üçün layihələr istehsal ediblər. Amma bizdə bazar və alıcı azdır. Düşüncə dəyişməlidir. Şirkətlər deyir ki, biz layihələri xaricdən alırıq. Milli innovasiya sistemi lazımdır. Milli düşüncəyə sahib olmalıyıq, milli iqtisadiyyatı inkişaf etdirməliyik. Universitetlər buna doğru getməlidir. Bir-birilərini təkrarlayan universitetlər dövlət hesabına fəaliyyət göstərməməli, birləşməlidirlər. Meydanı düşüncəli, novator insanlara vermək lazımdır. Universitetlər özləri öyrənməlidir. Özü öyrənməyi bilməyən başqasını öyrədə bilməz".
İqtisadçı  bildirir ki, bu gün Moskva Maliyyə Akademiyası, Türkiyə Mərmərə Universiteti ən zəngin universitetlərdəndir: "Çünki, ölkələrindəki əksər şirkətlər onlarla işləyir. Burada da hər kəs eyni maaş almır. Kim bilik istehsal edirsə, yüksək maaş alır. Bundan başqa dövlət sərmayəli olub da inkişaf etmək olar. Universitetlər dövlətin adından marka kimi istifadə edə bilər. Dünyaya çıxışı üçün dövlətin adı onlara bəsdir. Bununla da öz büdcələrini qoruyacaqlar. Bu gün Beynəlxalq Bank və      ARDNŞ dövlət əhəmiyyətlidir. Lakin bu, o demək deyil ki, onlar sərmaya dalınca getmir. Universitetlər də onlar kimi, dövlət maraqlarını nəzərə almaqla inkişafları üçün bu istiqamətdə gərəkli addımlar atmalıdırlar. Bu da universitetlərin büdcələrini qorumağa dəstək olar. Burdan əldə olunan gəlirin 30 faizi fakültənin, 70 faizi isə universitetin büdcəsinə əlavə olunur".
Təhsil üzrə ekspert Məhərrəm Zülfüqarlı bildirir ki, qanundakı bu maddə istehsal sahələrinə yaxın olan ixtisaslara aiddir: "Məsələn, kimya, fizika, tikinti sahəsində bunlar nəzərdə tutula bilər. Humanitar fənlərdə elə bir məsələ ola bilməz. Amma Azərbaycanda artıq universitetlərə müstəqillik verilməsi halları müşahidə olunur. Gələn ildən müəllimlərin əmək haqlarının universitetin özünün müəyyən etməsi nəzərdə tutulub. Yəni, universitetin büdcəsi olacaq. O büdcəyə uyğun da istədiyi müəllimə istədiyi əmək haqqı vermək hüququ olacaq. Ona görə də gələcəkdə bu məsələ də gündəmə gələ bilər ki, universitetlər öz büdcələrini artırmaq üçün istehsal sahələri aça bilərlər. Büdcəyə gəlir gətirmək üçün praktikada tələbələrin zəhmətinin nəticələrinin həm tələbələrə, həm də universitetə xeyir verilməsi nəzərdə tutula bilər. Amma hələ ki, deyilən məsələ barədə heç bir universitetdə hansısa işlər görülmür. Qərb təcrübəsinə istinad etsək, orada böyük universitetlər var ki, onlar sifarişlər qəbul etməklə büdcələrinə yüksək gəlir gətirirlər".
Ekspertin sözlərinə görə, hazırda ölkəmizdə ali məktəblərin bu cür işləri görə bilməmələrinin kökündə universitetlərin müstəqil olmaması, nazirlikdən və digər orqanlardan asılı olması durur: "Hər il Maliyyə Nazirliyi universitetlərdə yoxlama keçirir. Hansısa əlavə xərc, vəsait olarsa, onlar nöqsan kimi tutulur. Ona görə də belə  ciddi nəzarət olan universitetlər hələ ki, bu işləri görə bilmirlər. Amma Qərb ölkələrində təhsil sahəsində sadələşmiş rejimlər mövcuddur".
Sizin Reklam Yeriniz