Sevinc Babayevanı ölkədən Gülər Əhmədovanın cıxarması təsdiqləndi
Respublika Prokurorluğu Gülər Əhmədovanın Sevinc Babayevanı ölkədən necə cıxartdığı barədə şok məlumat yaydı
Respublika Baş Prokurorluğu Sevinc Babayevanın ölüm işi ilə bağlı
məlumat yayıb. Movqe.az Prokurorluğun yaydığı məlumata istinadən
xəbər verir ki, Bakı şəhər prokurorluğunda Cinayət
Məcəlləsinin 178.3.2-ci maddəsi ilə istintaq edilən cinayət işi
üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində
axtarış elan olunmuş Sevinc Babayevanın Türkiyə Respublikasında
vəfat etməsi ilə əlaqədar Azərbaycan Prokurorluğu və Daxili İşlər
Nazirliyinin əməkdaşları İstanbul şəhərinə ezam olunublar. Həmin
fakt üzrə Azərbaycan hüquq mühafizə orqanlarının əməkdaşları
Türkiyəli həmkarları tərəfindən həyata keçirilən araşdırmalarla
əlaqədar İstanbul Ədliyyə Tibb Baş İdarəsində keçirilmiş
məhkəmə-tibbi ekspertizası müayinəsində, daha sonra baxış,
dindirmə, götürmə və digər istintaq hərəkətlərində iştirak ediblər.
Araşdırmalarla müəyyən edilib ki, S.Babayeva 25 sentyabr 2012-ci il
tarixdə internet saytlarında məlum videogörüntülər yayımlandıqdan
sonra Gülər Əhmədovanın təklifi ilə ertəsi gün saat 05:57-də
Beynəlxalq Hava Limanından Bakı-İstanbul reysi ilə öz ümumvətəndaş
pasportu ilə ölkədən çıxmış və həmin tarixdə saat 08:37-də İstanbul
Hava limanında qeydiyyatdan keçib. İstanbul şəhərində G.Əhmədovanın
tanışı, Türkiyə Respublikası vətəndaşı Səlcuk Ağlayan onun xahişi
ilə S.Babayevanı qarşılayaraq özünün adına "Bəynova" otelində nömrə
götürüb və S.Babayeva həmin oteldə 10 oktyabr 2012-ci il tarixə
qədər yaşayıb. Qeyd edilən tarixdən etibarən S.Babayeva İstanbulun
Esenyurt Atatürk məhəlləsində yerləşən "Ay işığı" yaşayış
kompleksində S.Ağlayanın öz adına müqavilə bağlayaraq kirayə etdiyi
mənzildə tək yaşayıb. Orada yaşadığı müddətdə S.Babayeva özünü
"Meryem Solmaz" adı ilə təqdim edib, S.Ağlayana məxsus mobil
telefonla öz ailə üzvləri və G.Əhmədova ilə əlaqə saxlamış, "Skype"
proqramı vasitəsi ilə danışıb. Həmin vaxt o, ürək ağrılarından
şikayətlənərək müxtəlif dərman preparatları qəbul edib. Noyabrın
16-da "Meryem Solmaz Muhammed" adı ilə "Cərrahpaşa Tibb fakültəsi"
xəstəxanasının kardioloji poliklinikasına müraciət edərək müayinə
olunub və müalicə pulunun yüksək olması səbəbindən müayinə və
müalicəsini davam etdirə bilməyib. Dekabrın 26-da S.Babayeva
səhhətinin pisləşməsi ilə əlaqədar yaşayış kompleksinin mühafizə
xidməti tərəfindən çağırılmış təcili tibbi yardımla Esenyurd dövlət
xəstəxanasına aparılıb. S.Babayeva huşsuz vəziyyətdə xəstəxanaya
qəbul olunarkən, onunla birlikdə xəstəxanaya gəlib S.Ağlayan onu
"Meryem Solmaz" adı ilə təqdim etdiyindən tibbi sənədlər həmin ad
və soyadla rəsmiləşdirilib. Xəstəxananın təqdim etdiyi sənədlərdə
S.Babayevaya saat 09:32-dən saat 16:13-dək ilkin tibbi yardım
göstərilməsi, o cümlədən kardioqrammasının çıxarılması, qan
nümunələrinin götürülməsi və xəstəyə "ürək çatışmazlığı"
diaqnozunun qoyulması göstərilib. Həkimlərin daha keyfiyyətli
kardioloji müayinə və müalicə tədbirlərinin davam etdirilməsi üçün
xəstənin ixtisaslaşdırılmış tibb müəssisəsinə köçürülməsi barədə
məsləhətlərindən sonra o, S.Ağlayan tərəfindən təcili tibbi yardım
maşıını ilə "Medicana International İstanbul Hospital"
xəstəxanasına aparılıb. Xəstəxananın təqdim etdiyi tibbi sənədlərdə
S.Babayevanın "Meryem Solmaz" adı ilə qeydiyyata alınaraq "ürək,
qan-damar və ağ ciyər çatışmazlığı" diaqnozu ilə xəstəxananın
reanimasiya şöbəsinə yerləşdirilməsi və intensiv
müalicətədbirlərinin aparılmasına baxmayaraq onun qeyd edilən
tarixdə saat 19:15-də orada vəfat etməsi göstərilib. Araşdırmalar
zamanı S.Babayevanın yaşadığı mənzildən şəxsi əşyaları, 10 adda
müxtəlif dərman preparatları, o cümlədən ürək və qan-damar
xəstəliklərinin müalicəsi üçün nəzərdə tutulan "Diltiazem" və
"Aldactazide" preparatları və ekspertiza tədqiqatları üçün zəruri
nümunələr götürülüb. Dekabrın 29-da S.Babayevanın meyiti
Azərbaycana göndərilib və həmin tarixdə onun ölümünün səbəblərinin
müəyyənləşdirilməsi və digər xüsusatların araşdırılması məqsədi ilə
təkrar məhkəmə-tibbi ekspertiza təyin edilmiş və ekspertizanın
aparılması Səhiyyə Nazirliyinin "MTE və PA" Birliyinə tapşırılıb.
Hazırda S.Babayevanın ölkədən çıxmasında və Türkiyədə gizlənməsində
G.Əhmədova və onun ailə üzvlərinin nə kimi iştirakının olması və
digər xüsusatların araşdırılması istiqamətində zəruri istintaq
tədbirləri davam etdirilir.
Türkiyə Respublikasına ezam olunmuş hüquq mühafizə orqanlarının əməkdaşları ölkəyə qayıtdıqdan və iş üzrə həyata keçirilmiş istintaq-əməliyyat tədbirlərinin nəticələri, həmçinin Türkiyə tərəfindən məhkəmə-tibbi ekspertizanın rəyi alındıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.
Türkiyə Respublikasına ezam olunmuş hüquq mühafizə orqanlarının əməkdaşları ölkəyə qayıtdıqdan və iş üzrə həyata keçirilmiş istintaq-əməliyyat tədbirlərinin nəticələri, həmçinin Türkiyə tərəfindən məhkəmə-tibbi ekspertizanın rəyi alındıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.