Millət vəkili Qənirə Paşayeva bir neçə gündür ki, barəsində
mediada yayılmış xəbərlərlə bağlı açıqlama yayıb. Movqe.az bildirir
ki, Q. Paşayeva açıqlamasında bir neçə gündür ki, bəzi internet
səhifələrində və agentliklərdə yayılan məlumatların həqiqətəuyğun
olmadığını qeyd edib. Millət vəkili Heydər Əliyev Fondundan guya
uzaqlaşdırılması barədə xəbərlərdən bəhs edib və bildirib ki,
""Azadlıq" qəzetinin bu gün qərəzli və birtərəfli informasiyası isə
bardağı daşıran son damla" olub: " Məlumatda mənim özümü guya
təbliğ etdiyim, bununla əlaqədar Fonddan uzaqlaşdırıldığım iddia
olunur".
Q. Paşayeva deyib ki, xəbərlər yazılarkən onunla əlaqə
saxlanılmayıb, mövqeyi öyrənilməyib. Q. Paşayeva qeyd edib ki,
2005-ci ildə hələ millət vəkili seçilməzdən öncə Fondun prezidenti
Mehriban Əliyeva tərəfindən ictimaiyyətlə əlaqələr departamentinin
rəhbəri vəzifəsinə dəvət edilib. O qeyd edib ki, bu dəvəti qəbul
edib və fondda fəaliyyət göstərib. Lakin 2010-cu ildə parlamentə
təkrar seçildikdən sonra o, həm AŞPA-da, həm də AVRONEST
PA-da təmsil olunub, bir sıra yeni və ölkəmiz üçün vacib
parlamentlərarası dostluq qruplarında təmsil olunub, buna görə də
xarici səfərləri mütəmadiləşib, tədbirlərin,
toplantıların, görüşlərin sayı artıb: "Bu isə Fondun
prezidenti Mehriban Əliyeva tərəfindən heç bir zaman hansısa kiçik
də olsa narazılıqla deyil, tam əksinə, böyük dəstəklə
müşahidə olundu. Bəzən bir ayın yarısını, bəzən ən azı
on gününü daşıdığım digər vəzifələrlə bağlı xarici səfərlərdə
olmağa başladım. Heydər Əliyev Fondu isə bu gün
Azərbaycanda ən böyük nazirliyin işindən də bəlkə daha böyük
fəaliyyətə malikdir, bu təşkilatda İctimaiyyətlə Əlaqələr
Departamentinin, onun rəhbərinin də üzərinə xeyli iş düşür. Bunun
üçün bu vəzifəni daşıyan insanın daha çox ölkə daxilində
olması, burdakı işlərlə mütəmadi məşğul olmaq üçün günün
böyük bir hissəsini məhz bu işə ayırması vacibdir".
Q. Paşayeva buna görə də təxminən yarım il əvvəl özünün Fondun
prezidenti Mehriban Əliyevaya müraciət edərək, vəzifədən getməyinə
icazə istədiyini qeyd edib: "Özüm ərizə yazaraq bir neçə ay bundan
əvvəl Fonddakı vəzifədən ayrıldım. Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyeva və Fondun bütün kollektivi
ilə gözəl münasibətlər də, əməkdaşlıq da
davam edir, bu gün də Heydər Əliyev Fonduna məxsus binada
əvvəlki otağımda otururam. Ümid edirəm ki, bu açıqlamam
"dostları" və məni özlərinə düşmən elan edənlərin
"narahatlıqlarını" aradan qaldıracaq".
Q. Paşayeva açıqlamasında bəzi mesajlar da göndərib: "Hansısa
siyasi məqsədlər güdərək, məni müəyyən oyunlarına
çəkmək istəyənlərə isə demək istəyirəm ki, mən sizin
düşündüyünüz adam deyiləm! Mənim bir üzüm var! Bu
məlumatları yayanların arxasında duranları, jurnalistika pərdəsi
arxasında öz çirkin oyunlarını oynayanların kimlər olduğunu
və niyyətlərini də çox yaxşı bilirəm və demək istəyirəm
ki, mən sizin kimilərin çirkli oyunlarında heç zaman
iştirak etməyəcəm! Özünüzü çox yormayın"