Əlaqə Arxiv
news Image
2013.01.21
11:10
| A A A
İran Ermənistan vasitəsilə Qərbin sanksiyalarından yayınır
Mərkəzi qərargahı Belçikanın Brüssel şəhərində yerləşən Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi (CSİS) son hesabatında İran-Ermənistan münasibətlərinin genişlənməsi tendensiyasına toxunub.

APA-nın İran saytlarına istinadən məlumatına görə, hesabatda bildirilir ki, rəsmi Tehranla İrəvan arasında xüsusi münasibətlər var: "Son illərdə İran-Ermənistan əməkdaşlığı artıb. İki ölkə arasında müəyyən bir ittifaq yaranıb. Bu da İranın Ermənistan vasitəsilə Qərbin sanksiyalarından yayınması üçün yol açıb".

Sənəddə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Dağlıq Qarabağ və ətraf rayonların işğal altında olduğu, həmin ərazilərin hazırda nəzarətsiz zonaya çevrildiyi qeyd edilib.

Hesabatda vurğulanır ki, Tehran-İrəvan əməkdaşlığının genişlənməsi hər iki tərəf üçün faydalıdır: "Belə ki, Ermənistan İran vasitəsilə Fars (Bəsrə) körfəzinə, İran da Ermənistan vasitəsilə Qara dənizə çıxır".

Sənəddə qeyd olunur ki, İranla Ermənistan arasında münasibətlər təkcə təbii qaz və elektrik enerjisi ilə məhdudlaşmır. İki ölkə arasında ağır sənaye, əczaçılıq, dağ-mədən və neft-qaz sənayesi sahəsində də ciddi əməkdaşlıq var: "Hətta İran Ermənistana mal ixrac edən ölkələr sırasında dördüncü yerdədir. İki ölkə arasında əməkdaşlıq göstərir ki, yaxın gələcəkdə Ermənistan xarici diasporun maliyyə yardımı, Rusiya və beynəlxalq maliyyə institutlarının verdiyi kreditlərdən asılılığını sıfra da endirə bilər".

İranda ermənilərin azlıqda olduğunu xatırladan hesabat müəllifləri yaxın gələcəkdə İran və Ermənistan arasında strateji, siyasi və iqtisadi əməkdaşlığın daha da artacağını proqnozlaşdırırlar.
Sizin Reklam Yeriniz