Yanğınla bağlı cinayət işi açıldı
Şəmkirdə iki nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi ilə
bağlı Cinayət Məcəlləsinin yanğın təhlükəsizliyi qaydalarını pozma
(225.2) maddəsi ilə cinayət işi açılıb. Bu barədə Movqe.az-a daxil
olan Respublika Baş Prokurorluğu və Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidmətlərinin birgə məlumatında bildirilir. Məlumatda qeyd
olunur ki, faktla bağlı müvafiq ekspertizalar təyin edilib. Qeyd
edək ki, yanvarın 31-də saat 1:00 radələrində Şəmkir çayı üzərində
su anbarının tikintisini həyata keçirən Türkiyənin "Çingiz"
inşaat-tikinti şirkətinin fəhlələrinin yaşadıqları yataqxanada
yanğın baş verib. Dərhal hadisə yerinə Fövqəladə Hallar
Nazirliyinin Şəmkir rayon Dövlət yanğından mühafizə hissəsinin
şəxsi heyəti, maşın və mexanizmləri cəlb edilməklə yanğının qarşısı
alınıb, yanğının genişlənməsinə və binanın digər hissələrinə
keçməsinə imkan verilməyib. Yanğın nəticəsində binanın 300 kvadrat
metr ərazisi yanıb, həmçinin tikintidə çalışan fəhlələr - Türkiyə
Respublikası vətəndaşları 1988-ci il təvəllüdlü Engin Yaşar və
1968-ci il təvəllüdlü Aladdin Özden ölüblər. 1986-cı il təvəllüdlü
Murat Altun, 1984-cü il təvəllüdlü Nasib Keçkin və 1963-cü il
təvəllüdlü Levent Sürül isə aldıqları yanıq xəsarətləri ilə
əlaqədar Bakı şəhərindəki 5 saylı şəhər kliniki xəstəxanasının
yanıq şöbəsinə yerləşdirilib, vəziyyətləri orta ağırdır. Hazırda
xəstələrə zəruri ilkin tibbi yardım göstərilir. Şəmkir rayon
prokurorluğunun və rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakı
ilə hadisə yerinə, meyitlərə baxış keçirilib və digər zəruri
prosessual hərəkətlər yerinə yetirilib.