Əlaqə Arxiv
news Image
2019.04.06
14:54
| A A A
Avropa çempionatında ölkəmizin 6 idmançısı medallar uğrunda yarışır

 

 

Batumidə keçirilən ağır atletika üzrə 98-ci Avropa çempionatında Azərbaycanı 6 idmançı təmsil edir.

MÖVQE xəbər verir ki, Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionata 43 ölkədən 402 idmançı qatılıb. İdmançıların 215-i kişi, 187-si qadındır. Onlar 20 çəki dərəcəsində güclərini sınayırlar.

Bu çempionatda ən geniş heyətlə Türkiyə millisi iştirak edir. Qardaş ölkədən 30 atlet mübarizə aparır. Komandaların heyətindəki idmançıların sayına görə ikinci yerdə Rusiya millisidir - 29 nəfər. Çempionata ev sahibliyi edən Gürcüstan 17 idmançı (13 kişi, 4 qadın) ilə təmsil olunur.

Qitə çempionatında atletlərimizdən Rüstəm Qasımov (67 kq) aprelin 8-də mübarizəyə başlayacaq. Kənan Əliyev (73 kq) aprelin 9-da, Kənan Əliquliyev isə (81 kq) aprelin 10-da güclərini sınayacaqlar. Ağır çəkili atletlərimiz Nailxan Nəbiyev (96 kq), Kamran İsmayılov (96 kq) və Alış Nəzərov (102 kq) isə aprelin 11-də mübarizəyə qoşulacaqlar.

Yarışların idarə olunmasında Azərbaycanı beynəlxalq dərəcəli hakim, Olimpiya kateqoriyalı, Əməkdar bədən tərbiyəsi və idman xadimi, SSRİ idman ustası Vahid Nəzərov münsiflər heyətinin tərkibində, beynəlxalq dərəcəli hakim Azad Mustafayev isə hakimlər kollegiyasında təmsil edəcəklər.

Sizin Reklam Yeriniz