Əlaqə Arxiv
news Image
2019.07.07
19:41
| A A A
Masallı Rayon Ağsaqqallar klubunda tanınmış taekvondoçunun yubileyi keçirilib

Təcrübəsi ölkədə yayılmaqda olan Masallı Rayon Ağsaqqallar Şurası son illərdə rayonda onlarca xeyirxah əməllərə imza atıb. Neçə-neçə ağsaqqalın, şair-ziyalının, yaxşı əməl sahiblərinin, şərəfli ömür sürmüş tanınmış şəxsiyyətlərin yubileylərini keçirib. İnsanı, onun əməllərini, əməyini dəyərləndir məkdən önəmli nə ola bilər?
Bu günlərdə rayon Ağsaqqallar Klubunda növbəti bir yubiley keçirildi. Ölkəmizin tanınmış taekvandoçusu, SSRİ-nin idman ustası Ədalət Ağayevin 60 illik yubileyinə idmançının həmkarları, ağsaqqallar, dostları, yaxınları onu təbrikə gəlmişdilər.
Tədbiri Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev açaraq yubilyarın 60 illik ömrür yoluna nəzər saldı. Göstərdi ki, Ədalət Ağayev işi, istedadı, idmandakı uğurları ilə bu yolu mənalandırmışdır. Şəhər məktəbində oxuyarkən həmyerlimiz, tanınmış pəhləvan Nadir Ağayevdən güləşin sirlərini öyrənmiş, sonralar Bakıda indiki Bakıxanov qəsəbəsindəki Olimpiya Ehtiyatlar Mərkəzində idmanla məşğul oimuşdur. Xoşbəxtlikdən burada da ustadı həmyerlimiz, dünya şöhrətli güləşçi Yaqub Məmmədov olmuşdur. O, orta təhsilini bitirdikdən sonra Azərbaycan Bədən Tərbiyəsi İnstitutunun tələbəsi adını qazanır.
İlk uğuru – 1969-cu ildə yeniyetmələr arasında sərbəst güləş yarışlarında birinci yeri özünə təmin edir. Bu nailiyyət onun sonrakı uğurlu idman dünyasına tramplin rolunu oynamışdır. Ədalət güləşin bir çox növündə qüvvəsini sınayır və həmişə məqsədinə nail olur. 1988-ci ildə Ukraynanın Donetsk şəhərində keçirilən karate üzrə SSRİ birinciliyində ən yüksək yeri özünə təmin etmişdir. Çox keçmədi ki, Rostov-Don şəhərində də bu nailiyyəti qoruya bildi.
1989-cu ildə idmanın taekvondo növü üzrə məşğul olmağa başladı. Tanınmış məşqçi, idman ustası Süleyman Məmmədli bu güləşin sirlərini məmnuniyyətlə ona öyrətdi. Nəticə yaxşı alındı. 
İstedad insanı tez tanıdar, deyirlər. 1992-93-cü illərdə Ədalət Ağayev bu sahənin ən yaxşı bilicisi olacağını göstərdi. İranda keçirilən Fəcr yarışlarında rəqiblərinin adı-sanı onu qorxutmadı. O, yalnız bir dəfə meydanı uğursuz tərk edərək II yerə sahib oldu. 
1994-cü ildən Masallı Gənclər və İdman İdarəsində baş məşqçi kimi fəaliyyətə başlayıb. Rayonda idmanın inkişafında, o cümlədən taekvondoçuların yetişdirilməsində əməyi yüksək qiymətləndirilib. Əməkdar məşqçi adını qazanıb, Prezident mükafatını alıb.
Bu gün yetişdirdiyi gənclərin səsi dünya yarışlarında eşidilir. Bir neçə dəfə Avropa və Dünya birinciliyində uğurla yarışan Türkanə Tahirli adını ən yaxşı karateçilər sırasına yaza bilmişdir. Bu gün Aqşin Əliyev, Sadiq Ağayev, Tural Qafarov, Natiq Ağayev, Samir Məhərrəmov və başqaları ölkə və beynəlxalq turnirlərində Ədalət müəllimin zəhmətini doğruldurlar. 
Hazırda 70 yeniyetməni taekvondoçu kimi yetişdirir. Övladı da ata yolunun davamçısıdır.
Ədalət Ağayevin idman karyerası bununla yekunlaşmır. Yubiley tədbirində iştirak edən uşaqlıq dostu Azər Xankişiyev, Tahir Məmmədov, MƏSQ rayon təşkilatının sədri Məmmədağa Şiriyev , “Tərəqqi” medallı jurnalist Əyyub Mehdiyev, qohumu Bəyoğlan Mansurov, rayon gənclər və idman idarəsinin nümayəndəsi Şaban Əliyev, nəvələri Fuad Surxayev, Samir Ağayev və başqaları onu yaxşı intizamlı idmançı, vətənpərvər insan, Masallının adını yüksəldən taekvondoçu kimi səciyyələndirdilər. 
Yubilyara peşəkar əməyinə görə Masallı Rayon Ağsaqqallar Şurasının Təşəkkürnaməsi, MƏSQ rayon təşkilatının Fəxri fərmanı təqdim edildi.
Ədalət Ağayev ona göstərilən hörmət və ehtirama görə tədbirin təşəbbüsçülərinə minnətdarlıq etdi, idmanda ona cəsarət verən, fəndləri öyrədən məşqçiləri – Yaqub Məmmədova, Süleyman Məmmədliyə, İlyas İsayevə təşəkkür etdi.
Əlihüseyn Şükürov,
Həsənağa Əliyev.

Sizin Reklam Yeriniz