Əlaqə Arxiv
news Image
2020.04.14
08:56
| A A A
Millimizin sabiq legioneri: "Koronavirusun "bioloji bomba" olmasına inanmıram"
"Koronavirusla bağlı yaranmış vəziyyətə görə Braziliyada hər şey dayanıb. Hamı evdən işləyir. Aprelin 22-dək ölkədə karantin rejimi elan olunub". Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan yığmasının keçmiş futbolçusu Fabio Luis Ramim deyib. Ölkəsindəki vəziyyətdən söz açan milliləşdirilmiş braziliyalı sabiq yarımmüdafiəçi virusa yoluxma sayının az olduğunu bildirib: "Ölkə üzrə ümumi yoluxma təqribən 1 000 nəfərdir. Ölüm sayı da çox deyil. Koronavirusla bağlı panika yoxdur. Əsas məsələ işsizliyin artmasıdır". 39 yaşlı veteran oyunçunun sözlərinə görə, Braziliyada ən çox yoluxma faktı San-Pauluda qeydə alınsa da, vəziyyət İtaliya və ya İspaniyadakı kimi faciəvi deyil: "Səhiyyə Nazirliyi çox yaxşı işləyir. Virus təhlükəsi başlayandan Amerikanın tərəfdaş ölkələrindən, həmçinin İsraildən bizə süni nəfəs aparatları və digər tibbi avadanlıqlar göndərilib. Vəziyyət tamamilə nəzarət altındadır". Ramim bildirib ki, hazırda əsas narahatlıq ölkə iqtisadiyyatı ilə bağlıdır: "Çünki çox adam öz işini itirib. Dövlət insanların evdə qalmaları üçün işləyənlərin hər birinə maaşlarının 70-80 faizini ödəyir. Bu isə kifayət qədər böyük məbləğ deməkdir və iqtisadiyyata ciddi ziyan vurur". Veteran futbolçu insanların evdən yalnız alış-veriş etmək üçün çıxdıqlarını vurğulayıb: "Biz əyləncəni, çimərlikləri, rəngarəng festivalları sevən xalqıq. Ona görə də evdə qalmaq insanlara pis təsir edir. Mən özüm yalnız alış-veriş etmək üçün çölə çıxıram. İnsanlarla ara məsafəsi saxlayıram. Evə qayıtdıqdan sonra isə spirtlə əlimi, hətta ayaqlarımı dezinfeksiya edirəm. Ümumdünya Səhiyyə Təşkilatı müəyyən tövsiyələr verib. Vəziyyətdən minimum itki ilə çıxmaq üçün bunlara əməl etmək önəmlidir". Milliləşmiş legioner virusun "bioloji bomba" olduğuna inanmır: "Mənə qəribə gələn odur ki, virus Çindən yayılmağa başladı və 2-3 ay ərzində bütün dünya iqtisadiyyatını demək olar ki, çökdürdü. İndi Çində vəziyyət normaldır. Dünya isə hələ də koronavirusla mübarizə aparır". Qeyd edək ki, Fabio Luis Ramim Azərbaycanda 2005 - 2012-ci illərdə ardıcıl olaraq, artıq fəaliyyətini dayandırmış "MKT-Araz", "Olimpik" və "Bakı" klublarında forma geyinib. O, 2008 - 2011-ci illərdə çıxış etdiyi Azərbaycan millisində 16 oyuna 4 qol vurub.
Sizin Reklam Yeriniz