news Image
2012.04.11
12:12
| A A A
“Fikirləşən yoxdu ki, "Qarabağ”ın Avroliqadan kənarda qalmaq təhlükəsi var”
“Qarabağ” klubunun müdafiəçisi Rəşad Sadıqovun Qol.Az saytına müsahibəsi

- Unibank Premyer Liqanın 27-ci turunda "İnter"lə 1:1 hesabıyla bərabərə qaldınız. İlk yarıda "Qarabağ"ın zəif təsir bağışlamasını nə ilə əlaqələndirərdin?

- Ümumilikdə götürəndə komanda pis oynamadı. Düzdü, matçın əvvəlində, xüsusilə, birinci hissədə oyunumuz istədiyimiz kimi getmədi. Demək olar ki, üstünlük "İnter"in tərəfindəydi. Lakin bir şey bildirim ki, biz buna hazırıydıq. Hətta belə bir planımız da vardı ki, ilk hissədə üstünlüyü rəqibə verək. Ola bilərdi ki, ilk yarıda irəli atılaraq, əla oynayardıq, ikinci hissəyə gücümüz çatmazdı. Ona görə də istəyimizi ikinci hissədə həyata keçirmək istəyirdik. Hər şey planlaşdırdığımız kimi getdiyi bir vaxtda son dəqiqələrdə buraxdığımız qol iki xal itirməyimizə səbəb oldu.

- Bəs, son dəqiqələrdə qələbəni əldən verməyinizə səbəb nə oldu?

- İki tur bundan əvvəl biz son dəqiqələrdə qol vuraraq məğlubiyyətdən qaçdıq. Bu dəfə də eynisini "İnter" etdi. Futbolda belə şeylərə tez-tez rast gəlinir.

- "Qarabağ" son vaxtlar özünə bənzəmir. Elə bil komandanızda ruh düşgünlüyü yaranıb.

- Ruh düşgünlüyündən söhbət gedə bilməz. Sadəcə, bizim meydançaların durumu 90 dəqiqə istədiyin futbolu nümayiş etdirməyə imkan vermir. Bilmirsən, rəqiblə, yoxsa meydançalarla mübarizə aparasan. Götürək elə "İnter"in stadionu olan "Şəfa"nı. Demək olar ki, həmin stadionun meydançası futbol üçün yaramır. Artıq oradakı süni ot örtüyünü təbii örtüyə çəvirməyin vaxtıdır. Belə meydançalarda kombinasiyalı futbol oynamaq mümkün deyil. Bir az zədəli futbolçuları isə məşqçilər meydana buraxmaqdan çəkinirlər. Stadion daşdan bərk vəziyyətdədir. Elə bizim Quzanlı stadionu da ideal vəziyyətdə deyil. "Neftçi"ylə bu cür oyunda meydança amili imkan vermədi ki, gözəl futbol olsun. Çox heyif ki, belə maraqlı qarşılaşmalara meydançanın bərbad vəziyyəti təsir edir. Hər kəs özünü zədədən qoruyaraq, ehtiyatlı olmağa çalışır. Rəqiblər bir-birinin səhvini gözləyirlər. Demək olar ki, bütün komandalar eyni şəkildə meydançalarda çəkinərək çıxış edir.

- "Qarabağ"ın son iki oyunda qələbə qazana bilməməsinin səbəbi nədir?

- Ümumiyyətlə, ilk "altılıq"da qələbə qazanmaq çox çətindir. Lakin bir şey də var ki, ilk "altılığ"ın birinci dövrəsində ən çox qələbə qazanan komanda biz olduq. "Neftçi" çempionluğa ən əsas namizəd sayılırdı ki, onlarla heç-heçə edərək bir xal qazandıq. Bu sıraya "İnter"i də daxil etmək olar. İndi bir az daha ağıllı oynamağa çalışırıq. Bir çoxları çempionluqdan danışsa da, heç kim fikirləşmir ki, "Qarabağ"ın Avroliqadan kənarda qalmaq təhlükəsi var. Kubokun yarımfinalında "Bakı"yla qarşılaşacağıq. Bilirik ki, "Bakı"nın bütün ümidləri kubokadır. Yəni nəyin bahasına olursa-olsun finala çıxmaq istəyəcəklər. Bizim avrokubok şanslarımız isə 50-50-yədir. Bütün bunlar qalıb bir qıraqda, hamı deyir, niyə çempion olmursunuz. Biz bu söhbətlərə fikir vermirik. Özümüzü artıq şeylərə yükləmirik. Belə söz-söhbətlərə daha çox fikir verməklə uduzub avrokuboklardan kənar qalmaq istəmirik.

- Amma son zamanlar artıq çoxları bu fikirdədir ki, "Qarabağ" çempion olmaq istəmir. Buna münasibətin necədir?

- Belə şey ancaq Azərbaycanda olur. Deməli, özləri bir uydurma atıblar ortaya. "Qarabağ" yaxşı oynayanda deyirlər ki, ona çempion olmağı söz veriblər. Pis oynayanda isə iddia edirlər ki, "Qarabağ" çempion olmaq istəmir. Bu, peşəkar yanaşma deyil. Hamı futbolçulardan danışır, ancaq hər kəs peşəkar olmalıdır. Bir peşəkar fikir bildirərək yaxşı söhbətlər etsinlər. Dünyanın hansı ölkəsində komanda çempion olmaq istəməz? Ağlabatan söhbət deyil axı. Hər mövsümün sonu "Qarabağ"ın adına bir söz çıxarırlar. Hər şeyi gətirib futboldan kənar söhbətlərə bağlayırlar. Məgər, biz Çempionlar Liqasında oynamaq istəmirik?

- Son vaxtlar "Qarabağ"ın azarkeşləri də çıxışınızdan narazıdırlar. Komandada əzmkarlığın olmamasından şikayət edirlər...

- Azarkeşlərə bircə onu deyərdim ki, çox yox, 3-4 il bundan qabaqkı günləri yada salsınlar. "Qarabağ" klubunu tənqid edən azarkeşlərə əvvəlki nəticələrimizi unutmamalarını xahiş edərdim. Onlar da yaxşı bilir ki, bütün rəqiblərimiz "Qarabağ"dan çox çəkinir. Bizdən ehtiyat edirlər. Bu günlərə şükür etmək lazımdır. Uğur birdən-birə gəlmir ki. Bir də gördün ki, qarşıdakı illərdə "Qarabağ" ard-arda çempion oldu. Bəlkə də, bu il çempion ola bilərik. Heç kim qabaqcadan çempionun kim olacağını əminliklə söyləyə bilməz. "Qarabağ" çempion olmaq istəmir" söyləyən azarkeşlərimiz mənə çatmır.

- Qarşıdakı turda "Qəbələ"nin qonağı olacaqsınız. Bu oyun barədə nə düşünürsən?

- Çox yaxşı heyətə malik olan komandadır. Bu komandaya qarşı oynamaq asan deyil. Lakin çalışacağıq ki, yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edək. Çünki növbəti turda "İnter" - "Neftçi" görüşü də olacaq. Rəqiblərimizin oyununda istənilən nəticə əleyhimizə işləyə bilər. Ona görə də mütləq qələbə qazanmalıyıq. Bu turda qazanılan üç xal çox şeyi həll edə bilər. Ancaq "Qəbələ"ylə oyunda qələbə qazanmaq çətin olacaq.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs