Əlaqə Arxiv
news Image
2011.11.23
20:39
| A A A
"Futbolçulara sözüm yoxdur, əhsən!"

"Rəvan" klubunun baş məşqçisi Vladislav Qədirovun Apasport.az saytına müsahibəsi.

- Öncə lider "Xəzər Lənkəran"a qarşı keçirilən görüş barədə fikirlərinizi bildirərdiniz...

- Səfərdə "Xəzər Lənkəran"a qarşı oynamaq çox çətindir. Biz ilk dövrədə də bu komandadan xal götürmüşdük. Bildiyim qədəri ilə onlar bizimlə qarşılaşmayanadək öz meydanlarında xal itirməmişdilər. Amma çətin səfərdən xalla dönməyi bacardıq.

- Rahid Əmirquliyev 89-cu dəqiqədə qol vurduqdan sonra artıq əliniz hər şeydən üzülmüşdü, yoxsa nəyəsə nail olacağınıza inanırdınız?

- Düzdür, Rahid son dəqiqələrdə fərqləndi. Amma hiss edirdim ki, uduzmayacağıq. Çox təəssüf ki, oyun canlı yayımlanmadı. Əgər azarkeşlər baxsaydılar, "Rəvan"ın necə mübarizə apardığını görərdilər. Fikrimcə, rəqib bizdən cəmi 15 dəqiqə üstün futbol oynadı. Mənim futbolçulara sözüm yoxdur, əhsən! Onlar qarşılaşmanın məsuliyyətini dərk etdilər. Lənkəranda oynamaq asan deyil, onların yaxşı azarkeşləri var. Bunları nəzərə alsaq da, səfərə qələbə üçün getmişdik. Yəni oyunu avtobusda uduzmamışdıq.

- Bir müddət öncə 3 futbolçunu heyətdən uzaqlaşdırdınız. Ola bilərmi ki, bu, komanda üzvlərində məsuliyyəti bir qədər də artırıb?

- Bilirsiniz ki, Con Pelu "İnter"lə matçda penaltini dəqiq vura bilmədi. Yazdılar ki, bəs gedişinə səbəb budur. Əgər belədirsə, bütün klublarda futbolçu qalmasın. Hər bir oyunçunun səhv etmək ehtimalı var. 1 penaltiyə görə futbolçu qovmaq peşəkarlığa sığmır. Əlbəttə, istənilən futbolçunun gedişi komandaya mənfi təsir göstərə bilər. Amma mən futbolçularımla söhbət etmişdim.

- Ardıcıl qələbələr və münasib nəticələr qazansanız da hələlik ilk "altılığ"a düşə bilmirsiniz. Balansı aradan qaldırmaq üçün nə etmək lazımdır?

- Komanda hücum futboluna üstünlük verir. Gələn gündən demişəm ki, sürətli, hücum futbolu oynadacağam. İddialarımla komandanın potensialı üst-üstə düşür. Nə oldusa, "Simurq" və "İnter"ə qarşı oyunlardan sonra oldu. Biz "Simurq"la görüşdə 1 xal qazanmadıq, 2 xal itirdik. Komandamız səfərdə daha yaxşı oynayır. Biz səfərdə 10 xal toplamışıq. Əlbəttə, arada balans var. "Sumqayıt Şəhər"lə oyunda qeydə alınacaq nəticə bizim üçün çox önəmlidir.

- Demək olarmı ki, bu fərq sizdən öncəki məşqçinin vaxtında meydana gəlib?

- Mən ancaq özümdən danışa bilərəm.

- "Rəvan" özünəməxsus futbol oynayır. Bir neçə dəfə hesabda geri düşməsinə baxmayaraq, tarazlıq yaradır, qələbə qazanır. Bu, nədən irəli gəlir?

- Futbolçularla baş məşqçi arasında mütləq qarşılıqlı inam olmalıdır. Komandanı qəbul etməzdən öncə futbolçulara göz gəzdirdim. Gördüm ki, bunlarda potensial var. İnanıram ki, biz belə davam edəcəyik.

- "Rəvan" "Muğan"ın davamçısı hesab olunur. Artıq bu 2 komandada dəfələrlə baş məşqçi olsanız da, istefaya göndərilmisiniz. Yenə eyni halın təkrarlanacağından ehtiyatlanmırsınız?

- Olanlar keçmişdə qalıb. Gələcəkdə nəyin baş verməsini isə bilmirik. Hər şeyi zaman göstərəcək. Amma bütün bunlar məni çəkindirə bilməz. Belə keçici şeylərdən qorxmuram.

- Komandanın ev oyunlarının yayım hüququ "Space" TV-yə verilsə də sonradan bu telekanal oyunlarınızı canlı yayımlamadı. Bu mövzuda nəsə irəliləyişlər varmı?

- Biz onlarla müqavilə imzalamışdıq. Amma bu kanal bizim oyunumuzu yayımlamaqdan imtina edib, voleybol klubu ilə Dohaya getdi. Əlbəttə ki, biz də alternativ variantlar axtardıq. Komandamız növbəti 2 turu səfərdə oynayacaq. Bundan sonrakı ilk ev oyunumuz isə "İdman Azərbaycan" kanalı ilə göstəriləcək. Bu barədə qarşılıqlı razılaşma əldə olunub.

- Artıq bəzi klublarımız qış "transfer pəncərəsi"ndə görəcəyi işləri konkretləşdirib. Sizin də axtarışda olduğunuzu bilirik. Artıq menecer Anatoli Ponomaryov sizə yeni oyunçular təklif edibmi?

- Yaxşı 1 hücumçu istəyirik. Mənə taran tipli hücumçu yox, özündə top saxlamağı bacaran, vəziyyətləri dəyərləndirən oyunçu lazımdır. Anatoliyə demişəm ki, bu tipdə ön xətt oyunçusu axtarıram. O, bizim üçün oyunçu seçməlidir. Eyni zamanda, müdafiəçi və yarımmüdafiəçi də axtarıram. Çox güman ki, 3 oyunçu almaqla kifayətlənəcəyik.

- Son vaxtlar hakimliklə bağlı müəyyən narazılıqlar əmələ gəlib. Siz də etiraz edənlər arasındasınız?

- Bizi sıxmırlar, problem yaratmırlar. Amma həqiqətən də elə oyunlar olub ki, təcrübəsizlikdən bəzi anlaşmazlıqlar meydana gəlib.

Sizin Reklam Yeriniz