news Image
2012.11.23
11:34
| A A A
Həmin futbolçuların adları siyahımda var

19 yaşadək futbolçulardan ibarət yığmamız noyabrın 19-dan 21-dək seleksiya xarakterli təlim-məşq toplanışı keçirib. İlk dəfə komandanı hazırlığa çıxaran baş məşqçi Arif Əsədov toplanışdan sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

- Rəhbərliyiniz altında U-19-un ilk toplanışı yekunlaşdı. İlkin təəssüratlarınızı bilmək istərdik.

- 30-a yaxın futbolçunu baxışdan keçirməyi planlaşdırmışdıq. Toplanış əsnasında tanışıq baxımından həmin oyunçuların hamısına şərait yaratdıq ki, nəyə qadir olduqlarını göstərsinlər. Təbii ki, növbəti hazırlığa bu seleksiya toplanışında yaxşı mənada seçilənlər dəvət ediləcəklər.

- Ümumi mənzərə necədir?

- Uşaqlar istəkli idilər. Aralarında yaxşıları da var, hansı ki, onları sonradan pik nöqtəyə yüksəltmək mümkündür. Mənzərə bədbinləşməyə əsas vermir. Əsas problem ondadır ki, bu uşaqların əksəriyyəti klublarında ehtiyatda qalırlar. Onlara tövsiyə edəcəyik ki, öz klublarında əsas heyətə düşsünlər. Ən azı əvəzedici komandanın heyətində daim meydana çıxsınlar.

- Bununla bağlı klub məşqçiləri ilə söhbət etməyi düşünürsünüzmü?

- Düşünürəm. Kimləri ki, nəzərimdə tutmuşam həm onlarla, həm də digərləri ilə danışacaq ki, əsas məqsədləri əsas heyətə düşüb, oynamaq olsun. Əsas heyətdə oynamayanda, artıq kənarda qalırlar.

- 30-a yaxın futbolçunu baxışdan keçirdiyinizi dediniz. Seleksiya işləri bununla yekunlaşdı, yoxsa axtarışlar davam edəcək?

- Seleksiya işləri davam edəcək. Bu gün dəvət etdiyimiz oyunçular klublarımızda çıxış edənlərdir. Marafon uzundur. Qarşıda turnirlər, təlim-məşq toplanışları olacaq və biz yeni oyunçuları sınayacağıq. Ola bilər ki, bu gün yaxşı formada olmayan futbolçu sabah özünü yaxşı tərəfdən göstərsin. Və ya əksinə, hansısa oyunçu geriləsin. Artıq həmin oyunçuların adları siyahımda var. Onlar hər zaman izləniləcəklər. Məndən əvvəl U-19-da, U-17-də oynayanlar var ki, həmin futbolçuları növbəti – Qranatkinin xatirəsinə keçirilən ənənəvi beynəlxalq turnir öncəsi keçirəcəyimiz toplanışa dəvət edəcəyik.

- Adətən bizdə hücum xəttində daha çox problem olur. Seçim zamanı bu çatışmazlıq kimi özünü göstərdimi?

- Qıtlıq var idi. Amma kənarda olan futbolçularımız arasında hücumçular da yer alıb. Onlara da baxdıqdan sonra müəyyən bir nəticəyə gəlmək mümkündür. Orta xətdə seçim imkanımız çoxdur. Çalışacağıq ki, bu problemi həll etmək üçün futbolçuları fərqli mövqedə oynadaq. Bəlkə onda potensialı daha çox açılacaq. Vaxtımız var, bunları növbəti toplanışlarda edəcəyik.

- Ölkə xaricində necə, axtarışlar davam edəcəkmi?

- Bəli, hələ vaxtımız var. Bu gün toplanışda özlərini yaxşı tərəfdən göstərməyənlərin üzünə yığmanın qapıları bağlanmayacaq. Onlar mütəmadi izləniləcəklər. Çalışacağıq ki, azərbaycanlı gəncləri bu yaşdan futbolumuza qazandıraq ki, gələcəkdə onların əsas milliyə köməyi dəysin.

- U-19-un ilk ciddi sınağı nə vaxt olacaq?

- Qranatkinin xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turnirdə iştirak edəcəyik. Bildiyiniz kimi, həmin yarışda çox güclü, səviyyəli komandalar iştirak edirlər. 16 komanda arasında İtaliya, Xorvatiya, Türkiyə, Çin milliləri gücün sınayacaq. Onda futbolçularımızın hansı keyfiyyətlərə malik olduqlarını daha aydın şəkildə görəcəyik. Ölkə daxilindəki oyunlar fərqlidir.

- Dekabrın 5-də növbəti Avropa çempionatının püşkü atılacaq. U-19 B səbətində yer alıb. Maraqlıdır ki, komanda öz səbətində ən yüksək reytinqə malik olanıdır. Cüzi xallar çatmadı ki, püşkatmaya A səbətində yollanaq. Baş məşqçisi kimi püşkün hansı komandaları rəqibimiz etməsini istərdiniz?

- Bu artıq məndən yox, püşkdən asılı olan məsələdir. Hansı rəqib düşsə, onunla da oynayacağıq. Sadəcə, rəqiblərimiz bilindikdən sonra onların oyun sisteminə uyğun sparrinqlər seçəcəyik. Artıq gələn ilin oktyabrına qədər planımız hazırdır. Qrafiklər orada göstərilib.

- U-19-un üzvü Orxan Əliyev hazırda "Porto"nun düşərgəsində baxışdadır. Onun bu yaşda Avropa klublarından birinə baxışa yollanması digərlərini də stimullaşdıra bilərmi?

- Əlbəttə. Bu elə yaş dövrüdür ki, həmin oyunçular il ərzində milli ilə müxtəlif turnirlərdə, yoldaşlıq oyunlarında iştirak edəcəklər. Təbii ki, onların oyunlarını müxtəlif ölkələrdən gələcək menecerlər, skautlar izləyəcəklər. Bu da onlar üçün şans olacaq ki, özlərini yaxşı tərəfdən göstərib, həmin menecerlərin diqqətini cəlb etsinlər. Orxan Əliyevin timsalında bunu gördük. Çox istərdik ki, Orxan bu yaşda elə klublarda oynasın. Çünki bu yaşda futbolçular güclü klublarda nə qədər çox oynasalar, gələcəkdə əsas milliyə də faydalı olacaqlar.