news Image
2016.11.30
17:56
| A A A
Şaban Şahpələngov: "Tokio Olimpiadasında çempion olmaq istəyirəm"
Movqe.az Goal.az saytının müsahibəsini təqdim edir:

 

Şaban Şahpələngov boks həvəskarlarına yaxşı tanışdır. 2010-cu ildə Gənclər arasında dünya çempionu "Qızıl əlcək" idman klubunu təmsil edir. 24 yaşlı boksçumuz hazırda qarşısına Olimpiya çempionu olmaq məqsədi qoyub. Onunla gündəlik gərgin məşqlərini keçirdiyi zalda görüşdük. Movqe.az xəbər verir ki, Şahpələngov Goal.az saytının suallarını həvəslə cavablandırıb:

- İdmanla məşğul olmağa necə başladın?

- Kikboksinqlə başlamışam. Müəllimim qonşuluqda yaşayırdı. Yeniyetmə yaşlarımdan məni məşqlərə aparırdı. Bir müddət sonra nəticələr verməyə başladım. 2008-ci ildə Beynəlxalq Həvəskar Kikboksinq Assosiasiyasının versiyası üzrə Limassolda keçirilən dünya çempionatında birinci oldum. Daha sonra boksa keçdim. 2010-cu ildə gənclər arasında dünya çempionu adını qazandım. Həmin il planetin ən yaxşı boksçusu seçildim.

- 2010-cu ildə Sinqarupda keçirilən Gənclər arasında Yay Olimpiya oyunları barədə hansı xatirələrin var?

- Açılışı yaxşı xatırlayıram, çünki bayraqdar idim (gülür). Amma rinqdə uduzmağım yadıma düşəndə deyirəm "getsin, bir də gəlməsin". Sinqapurla Azərbaycan arasaındakı vaxt fərqi mənə pis təsir etdi. Ürəyim bulanırdı, özümü yaxşı hiss etmirdim.

- Səhv etmirəmsə, ilk görüşündə misirli boksçu Heşam Abdelaala uduzmuşdun...

- Açığı, ora çempion olmaq üçün getmişdim. Psixoloji hazırlığa söz ola bilməzdi. Rinqdə, sanki əl-qolum bağlanmışdı. Zərbə ata bilmirdim. Sonra yorğunluq, halsızlıq hiss etməyə başladım. Nə qədər çalışdım rəqibi məğlub edim, alınmadı. Qismət bu imiş.

- Yarışlarda hakim qərəzi ilə çox üzləşmisən?

- Çox olur. Amma müəllimimin yaxşı bir sözü var: "Çempion olmaq istəyirsənsə, rəqibi hakimlə birgə məğlub etməlisən". Elə işləməlisən ki, hakimlər qərəzli qərar verməyə cürət etməsin.

- Rio-de-Janeyro Olimpiadasının boks yarışlarında medal ümidlərimizin bəzisi özünü doğrultmadı. Bunun səbəbini nədə görürsən?

- Düzü, Olimpiadanı izləyə bilmədim. Hərbi xidmətdə idim. Səbəblər çox ola bilər : fiziki və psixoloji hazırlıq, rəqiblərin güclü olması və s. İnşallah, Tokioda keçiriləcək Olimpiya oyunlarında özüm çempion olmaq istəyirəm.

- Azərbaycan idmanında legionerlərə ehtiyac var?

- Məşğul olduğum növdən danışa bilərəm. Boksda legionerə ehtiyac yoxdur. İstənilən çəkidə dünya səviyyəli boksçu yetişdirmək potensialımız var. Digər növləri isə o qədər də izləmirəm. Səhərdən axşama qədər məşqdə oluram. Kənar işlərə vaxtım da olmur.

- Hansı boksçunu müasir dövrdə ən güclü hesab edirsən?

- Vasili Lomaçenkonun pərəstişkarıyam. Onun döyüş üslubunu çox bəyənirəm.

- Gələcəkdə peşəkar boksa keçmək fikrin var?

- Var. Müəllimim nə vaxt desə, onda peşəkar boksa başlayacam. 1 il, 5 il dəqiq deyə bilmərəm. Peşəkar boksda Rusiya, Qazaxıstan, Puerto-Riko, ABŞ, Filippinin məşhur təmsilçiləri döyüşür. İstərdim ki, Floyd Meyvezer kimi güclü olum. Yenilməz gəldi, yenilməz də getdi.

- Özünə seçmək istədiyin ləqəb var?

- Onu zaman göstərər. Hazırda bunun üstünə ciddi düşməmişəm.

- Başqa hansı sahədə istedadın var?

- Fərqli istedadı özümdə kəşf etməyə zamanım belə olmayıb. Atam da boksla məşğul olub. Mən də uşaqlıqdan əlimdə əlcək, rinq, "qruşa" görmüşəm.

- Məşq edəndə hansı musiqiyə qulaq asırsan?

- Dini musiqi, ilahiləri dinləməyi sevirəm. Mənə stimul verən musiqilərdir.

- Özünü bənzətdiyin film qəhrəmanı var?

- Heç bir film qəhrəmanına bənzəmək istəmirəm. Həyat filmimin qəhrəmanı olsam, kifayətdir.

- Elə situasiya yaranıb ki, yumruqlarını işə salmağa məcbur olmusan?

- Nadir hallarda. İdmançı üçün təkcə döyüşü bacarmaq bəs etmir. O, tərbiyəsi, qanacağı, əxlaqı ilə seçilməlidir. Rinqdə qalib gəlib küçədə təkəbbürlü gəzmək idmançıya yaraşmaz. Özlüyündə bilirsən ki, kimisə vurub zədələyə bilərsən. Bu səbəbdən çalışmışam ki, qol gücümdən çox sözlə başa salım. Situasiyalar da fərqli olur, mərdimazara rast gələ bilərsən. Mən risk etməyi sevmirəm. Çalışmaq lazımdır, elə adamın yanından belə keçməyəsən.

- Məşqlərin barədə danışardın.

- Hazırda fiziki hazırlıq üzrə çalışırıq. Yarışa az qalmış taktiki-texniki məşqlərə keçəcəyik. Düzü, nə məşq edəcəyimi şəxsi müəllimim müəyyənləşdirir. Günü proqramı ilə zala gələndə tanış oluram.

- Bəs, özün tələbə yetişdirirsən?

- Hərbi xidmətdən gəldiyim qısa müddətdir. Bir neçə tələbəm var. Onlarla məşğul oluram.

- Tələbədə ən çox diqqət yetirdiyin xüsusiyyət nədir?

- Döyüşmək üçün ürək lazımdır. Taktika, texnikanı sonradan düzəltmək mümkündür. Ürəyi olmasa rinqə çıxar, sonra vuruşmaq istəməz.

- Daxili yarışlarda hakim kimi də iştirak edirsən. Gələcəkdə bu istiqamətdə fəaliyyət göstərmək istərdin?

- Noyabrın 26-27-də İmişlidə Milli Dirçəliş gününə həsr olunmuş kikboksinq üzrə Respublika turniri keçirildi. Orda rinq hakimi kimi işlədim. Niyə də, olmasın? İdmançı karyeramı bitirəndə sonra Azərbaycanı dünya, Avropa çempionatlarında hakim kimi təmsil etmək istərdim.

- Qarşıda səni hansı sınaqlar gözləyir?

- İnşallah, yanvara planlaşdırılan Azərbaycan çempionatına hazırlaşıram. Bilirsiz ki, 2017-ci ilin mayında Bakıda İslam Həmrəyliyi Oyunları keçiriləcək. Həmin turnirdə iştirak edib qalib olmaq istəyirəm.

- Azyaşlı boksçulara nə məsləhət görərdin?

- Birinci ailənin, sonra da müəllimin sözlərindən çıxmasınlar. Onların dediklərinə əməl etsələr, qalan şeylər qaydasında olacaq.

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs