news Image
2013.08.23
16:08
| A A A
Fərdi mənzillərin inşası böyük sürətlə artır
Nüsrət İbrahimov: «Getdikcə fərdi yaşayış mənzillərinə nisbətən çoxmərtəbəli yaşayış binalarının həcmində azalmalar qeydə alınır»

Vüqar Bayramov: "Yaxın vaxtlarda Bakıda çoxmərtəbəli binaların inşasında artım müşahidə olunacağı gözlənilir"


Son dövrlərdə çoxmərtəbəli binalarla müqayisədə Azərbaycanda fərdi yaşayış evlərinin inşasında daha dinamik artım müşahidə olunur. Hətta bu gedişlə çoxmərtəbəli binalarda mənzillərə tələbatın əhəmiyyətli dərəcədə azalması belə istisna olunmur. 

 Məsələ ilə bağlı  MBA LTD şirkətinin rəhbəri Nüsrət İbrahimov Mövqe.az-a açıqlama verib: "Fərdi evlərə meyl göstərən əsasən, əhalinin aşağı təbəqəsidir. Hansı ki, mənzil almağa imkanları nisbətən məhduddur. Onlar, əsasən, iki-üç sot torpaq sahəsi alırlar və özlərinə ev tikdirilər. Bu, onlara hardasa, 40-42 min manata başa gəlir. Belə qiymətə 3 otaqlı ev əldə edirlər. Amma binalarda bu pula yalnız bir otaqlı mənzil almaq olar. Ona görə də, bu kateqoriyaya aid olan insanlar, əsasən, yaşayış evlərinin fərdi şəkildə tikintisinə üstünlük verirlər. Nəticədə, şəhərə nisbətən yaxın kənd və qəsəbələrdə həmin ərazilərdə tikintini həcmi artır. Təbii ki, belə seqmentdə tələbin yaranması bazarda müəyyən struktur dəyişikliyinə gətirib çıxarır və həmin struktur dəyişikliyi də göz qabağındadır. Getdikcə fərdi yaşayış mənzillərinə nisbətən çoxmərtəbəli yaşayış binalarının həcmində azalmalar qeydə alınır". 

Ekspert müəyyən müddət sonra mənzillərin qiymətlərində stabilləşmənin gözlənildiyini deyib: "Amma bu meyillər də müəyyən bir zaman çərçivəsində müşahidə olunacaq. Müəyyən müddət keçəndən sonra, təxmini 7-8 ildən sonra bazarda mənzil sahəsində stabilləşmə müşahidə edəcəyik ". 


İqtisadçı-ekspert Vüqar Bayramov isə məsələ ilə bağlı saytımıza verdiyi açıqlamada fərdi evlərin inşasının heç də çoxmərtəbəli binalardakı mənzillərə tələbatın azalmasına təsir etmədiyini qeyd edib: " Ümumiyyətlə, fərdi evlərə olan tələbatın artması onunla bağlıdır ki, son illərdə torpaq sahələrinin alınması, orda insanların ev inşa etməsi və fərdi evlərdən istifadə etməsi halları müşahidə olunur. Daha çox 2000-ci ilin əvvəllərində müşahidə olunmağa başladı ki,  Bakıda fərdi evlərə maraq artdı. Səbəb isə o idi ki, torpaq sahələrinin qiyməti həmin dövrdə nisbətən ucuz idi. Torpaq sahələrinin qiymətinin ucuz olması əhaliyə həmin torpaq sahələrini almağa və orda fərdi evlər tikmək imkanı verirdi. Amma, təbii ki, fərdi evlərin tikilməsi yüksək mərtəbəli binalara marağın az olması anlamına gəlmir. Çoxmərtəbəli binalardakı evlərə də marağın qalması müşahidə edilir. Yəni, birmənalı şəkildə yüksək mərtəbəli binalara ehtiyyac var. Bu baxımdan, mən hesab etmirəm ki,  fərdi evlərin inşası çoxmərtəbəli evlərə olan tələbatın azalmasına gətirib çıxara bilər. Fərdi evlərin sayı artsa belə, bu cür evlər az sayda vətəndaşların mənzillə təmin olunmasını təmin edir. Amma vətəndaşların böyük bir qismi çoxmərtəbəli binalara üstünlük verirlər və belə binalarda inşa edilən mənzillər alırlar. Bu o deməkdir ki, çoxmərtəbəli binalarda mənzillərin sayı çoxdur. Mənzillərin sayı çox olduğu üçün belə binalara tələbat xüsusilə yüksəkdir. Əslində, yaxın vaxtlarda Bakıda çoxmərtəbəli binaların inşasında artım müşahidə olunacağı gözlənilir.  Sovet dövründə inşa edilmiş köhnə binaların bir qisminin sökülərək yeni binalarla əvəz edilmə ehtimalı daha böyükdür. Bu baxımdan birmənalı şəkildə fərdi evlərin inşası çoxmərtəbəli binalara olan tələbatı azalda bilməyəcək və belə binaların əhalinin yerləşdirilməsində böyük rolu olduğu üçün gələcəkdə də onların tikintisi davam etdiriləcək " .   


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs