news Image
2017.10.10
12:30
| A A A
Tıxac probleminin əsas səbəbləri açıqlandı
Ərşad Hüseynov: “Şəhərdəki nəqliyyat tıxacını maksimum dərəcədə azaltmaq üçün kompleks işlər həyata keçirilməlidir” Azər Allahverənov: “Bəzən təmir-tikinti işləri əlaqələndirilmiş şəkildə həyata keçirilmir”

Tədris ili başlayandan tıxac problemi yenə də özünü qabarıq şəkildə göstərməyə başlayıb. Ötən aydan başlayaraq, sürücülər paytaxtda tıxac probleminin kəskinləşdiyini bildirirlər. Ancaq mütəxəssislərin fikrincə, tıxac probleminin kəskinləşməsinin səbəbi təkcə tədris ilinin başlaması deyil. Bu problem ənənəvi səbəblərdən qaynaqlanır.

Nəqliyyat məsələləri üzrə hüquqşünas Ərşad Hüseynov bildirdi ki, hazırda ənənəvi tıxaclardır: “Xüsusi fərqlənən tıxac yalnız Sumqayıt istiqamətində var. Oradakı tıxacın səbəbəbi də Mehdibad qəsəbəsi istiqamətində təmir işlərinin həyata keçirilməsidir. Bundan başqa, Binəqədi qəsəbəsi ilə Xıdralan şəhəri arasındakı yolda təmir işləri gedir. Həmin ərazilərdə yollar bağlı olduğuna görə Bakı-Sumqayıt yolunda tıxac yaranıb. Ancaq yaxşı olardı ki, həmin yollar yay vaxtı təmir edilsin. Tədris ili başlayanda yolların təmiri ciddi tıxaca səbəb olub. Ancaq ənənəvi tıxacların səbəbləri çoxdur. Yəni, yalnız dərs ilinin başlanmasını demək olmaz. Burada yay tətilin bitməsi də müəyyən rol oynayır”.
Hüquqşünas əlavə etdi ki, şəhərdəki nəqliyyat tıxacını maksimum dərəcədə azaltmaq üçün kompleks işlər həyata keçirilməlidir: “Məsələn, yol infrastrukturundakı problemlər aradan qaldırılmalıdır. Həmçinin hərəkətin optimallaşdırılması vacib şərtdir. Tıxaclar əsasən yol ayrıclarında yaranır. Daha sonra, zəbt olunmuş alternativ yolları azad etmək lazımdır. Nəzərə alaq ki, paytaxtın ən böyük problemlərindən biri tikinti-şəhərsalma məsələdir. Nəqliyyat infrastrukturuna mənfi təsir göstərən tikinti işlərinin aparılmasına imkan verilməməlidir. Bundan başqa, sürücülərin hazırlıq səviyyəsi artırılmalıdır. Çünki tıxacların bir səbəbi də sürücülərin düzgün mövqe seçməmələridir. Eyni zamanda ictimai nəqliyyata xüsusi diqqət verilməlidir. İctimai nəqliyyatın xidmət keyfiyyəti artırılmalıdır ki, insanlar fərdi nəqliyyatdan çox istifadə etməsinlər”.
Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov bildirdi ki, tədris müəssisələri ətrafında yaranan tıxaclarda tədris ilinin başlmasını səbəb kimi göstərə bilərik:  “Nəzərə alaq ki, xüsusən də dar küçələrdə yerləşən məktəblər var. Ona görə də məktəbə uşaq gətirən valideyn nəqliyyat vasitəsini məktəbdən bir-iki küçə əvvəl saxlamağa çalışmalıdır. Araşdırmalar göstərir ki, yol-patrul xidməti duran ərazilərdə tıxac yaranmır. Deməli, istənilən vaxt bu problemi aradan qaldıra bilərik”.
Ekspert əlavə etdi ki, tıxaca səbəb olan bir amil isə qeyri-qanuni parketmə hallarıdır: “Nəticədə dar olan küçə bir qədər də daralmış olur. Bundan başqa, sürücülərin əksəriyyəti alternativ yollardan istifadə etmirlər. Sürücülər düşünür ki, alternativ yollar daha çox məsrəfə səbəb olur. Halbuki, tıxacda çəkilən məsrəf daha çoxdur.  
 Eyni zamanda tıxacda vaxt itkisi var. Ancaq bütün problemi sürücülərin üstünə atmayaq. Bəzən təmir-tikinti işləri əlaqələndirilmiş şəkildə həyata keçirilmir. Bu da yollarda müəyyən gərinliyə səbəb olur. Məsələn, yol örtüyü çəkiləndən sonra kanalizasiya xətti çəkirlər. Bu cür olmamlıdır. Kommunikasiya xətləri yollar çəkilənə qədər həyata keçirilməlidir”.
Mübariz BAYRAMOV

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs