Avrokubokların pley-off mərhələsinin ilk oyunlarına start verilib.
Movqe.az goal.az-a istinadən xəbər verir ki, mərhələnin ilk oyun günündən sonra UEFA reytinqi açıqlanıb.
“Qarabağ”ın öz meydanında Danimarka çempionu “Kopenhagen”ə 1:0 hesabı ilə qalib gəlməsi Azərbaycanın xal hesabını dəyişib. Əldə olunan 0,250 xalla mövsümlük qazancımız 2,875-ə çatıb. Son 5 mövsümə əsasən hesablanan reytinq xalımız 17,625-ə yüksəlib və bu göstərici ilə 22-ci pillədəyik.
APOEL-in qələbəsi sayəsində 21-ci olan Kipr daha bir pillə irəliləyib. Nəticədə bir addım geriləyən Rumıniya Azərbaycana qonşu olub. Hazırda ölkəmiz bu rəqibdən 1,025 xal geridədir.
Ən yaxın izləyicimiz Belarusla xal fərqi isə artıb. 23-cü sıradakı bu ölkə Azərbaycandan 0,375 xal geri qalır.
Qeyd edək ki, siyahıya İspaniya başçılıq edir – 89,212 xal.