Əlaqə Arxiv
news Image
2018.10.01
13:06
| A A A
Oleq Krapivinin şərəfinə sərbəst güləş üzrə VI açıq Respublika turniri keçirilir

Sentyabrın 29-da Şamaxı Olimpiya İdman Kompleksində Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Oleq Krapivinin şərəfinə 2004-2005-ci il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə VI açıq Respublika turniri start götürüb.

Azərbaycanı bütün dünyaya tanıdacaq bu  önəmli yarışın keçirilməsində həmyerlimiz Oleq Krapivinin xidmətləri olduqca böyükdür. Bu yarış da məhz məşhur idmançının öz vəsaiti hesabına təşkil edilib.

Yarışların təşkilat komitəsinin üzvü, Salyandakı Aran İdman klubunun sədri Abdullayev Vüqar “Oxu məni” qəzetinə verdiyi açıqlamasında deyib ki, yarışlarda Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan, İran, Qazaxıstan və Qırğızıstandan ümumilikdə 300-ə yaxın güləşçi mübarizə aparır. O qeyd edib ki, yarışların mükafat fondu 4500 dollar  təşkil edir: “Birinci yeri tutan güləşçilərə 300 dollar, ikinci yeri tutanlara 150, üçüncü yeri tutanlara isə 100 dollar mükafat veriləcək. Bundan  əlavə həvəsləndirici mükafatlar da nəzərdə tutulub. Yarış iştirakçılarının bütün xərcləri isə həmyerlimiz, məşhur bədən tərbiyəsi xadimi Oleq Krapivin tərəfindən ödənilir. Əminik ki, yarış içtirakçısı olan uşaqlar arasında Azərbaycanı bütün dünyaya tanıdacaq Olimpiya, Avropa və dünya çempionları çıxacaq”.

 

Qeyd edək ki,  yarışın açılışından əvvəl rəsmi şəxslər əvvəlcə şəhərdə yerləşən Heydər Əliyev abidəsini və mərkəzini ziyarət edib. Şamaxı İcra Hakimiyyətinin başçısının müavini Gülnisə Ələkbərova qonaqlarla görüş keçirib.

 

Daha sonra Şamaxı Olimpiya İdman Kompleksində turnirin açılış mərasimi keçirilib. Mərasimdə Gənclər və İdman Nazirliyinin nümayəndəsi Tofiq Eyvazov, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayev, Ukraynanın olimpiya çempionu Elbrus Tedeyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Diasporla İş üzrə Dövlət Komitəsinin departament rəhbəri Ruslan Quliyev və veteran güləşçi Oleq Krapivin çıxış edib.

 

Çıxışlarda dünyada idman ölkəsi kimi tanınan Azərbaycanda dövlətin bu sahəyə göstərdiyi yüksək diqqət və qayğıdan danışılıb. Bildirilib ki, bunun nəticəsində ölkəmiz mötəbər beynəlxalq yarışlara uğurla ev sahibliyi edir. İdmançılarımızın beynəlxalq arenada uğurla çıxış etdiyini bildirən natiqlər ölkəmizin Olimpiya hərəkatı, eləcə də idmanın inkişafı istiqamətində qazandığı nailiyyətlərdən bəhs ediblər.

 

Tədbirdə Azərbaycanda güləşin inkişafında Oleq Krapivinin mühüm xidmətləri diqqətə çatdırılıb, onun şərəfinə həsr olunan turnirin təşkilinin artıq ənənəyə çevrildiyi vurğulanıb. Qeyd edilib ki, belə yarışlar istedadlı yeniyetmə güləşçilərin üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Sonda Oleq Krapivin Gənclər və İdman Nazirliyinin fəxri fərmanı ilə təltif olunub.

 

Görkəmli güləşçi Oleq Krapivin Azərbaycanda idmanın, xüsusi ilə güləşin inkişafında verdiyi böyük töhfələrə, o cümlədən Şamaxıda öz hesabına güləş məktəbi açması və hər il republikamızın bu gözəl guşəsində güləş üzrə yarışlar təşkil etdiyinə görə, Mətbuat  firması tərəfindən xüsusi diplomla təltif edilib. Diplomu Oleq Krapivinə  Mətbuat firmasının rəsmisi Murad Şahməmmədov təqdim edib. Murad Şahməmmədov Oleq Krapivinə  uğurlar arzulamış və respublikamızda idmanın inkişafında göstərdiyi xidmətlərə və verdiyi dəstəyə görə ona təşəkkür etmişdir. O eyni zamanda Oleq Krapivini ad günü  münasibəti ilə təbrik edərək, ona daha uzun və mənalı ömür arzulayıb. Təltif edildiyi fəxri diploma görə Mətbuat firmasına və onun rəhbəri Emin Axundova xüsusi təşəkkürlərini bildirən Oleq Krapivin bundan sonra da Azərbaycanda idmanın inkişafı üçün bütün imkanlarından istifadə edəcəyini bildirib.

Açılış mərasiminin rəsmi hissəsi Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başa çatıb.Qeyd edək ki, bu gün yarış qaliblərinin mükafatlandırılması mərasimi keçiriləcək. Mükafatları qaliblərə Oleq Krapivin və digər rəsmi şəxslər təqdim edəcəklər.

 

Sizin Reklam Yeriniz