Əlaqə Arxiv
news Image
2013.05.14
12:16
| A A A
Almaniyada Heydər Əliyevin yubileyinə həsr olunmuş boks çempionatı keçirilib

Almaniyada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş peşəkar boks çempionatı keçirilib. 


May ayının 11-də Karlsruhe şəhərinin idman zalında Almaniya, Türkiyə, Avstriya, Macarıstan, Hollandiya və digər ölkələrdən gəlmiş boksçular öz gücünü sınayıb. Mövqe.az-ın məlumatına görə, 2000-ə yaxın tamaşaçının izlədiyi çempionatı yerli Baden TV canlı yayımlayıb. Zalda quraşdırılmış böyük monitorda isə yarış boyu Heydər Əliyevin yubileyinə həsr olunmuş fotoşəkil və slaydlar nümayiş etdirilib. Çempionatın son yarışında ağır çəkidə "Alman palıdı" ləqəbi ilə tanınan Timo Hofmann və "Ağ pələng" ləqəbli Aleksandr Petkoviç mübarizə aparıb. Döyüşdən əvvəl Hannover şəhərində fəaliyyət göstərən "Xəzər" Alman-Azərbaycan cəmiyyətinin sədri Etibar Qəniyev rinqə çıxaraq Heydər Əliyev adına Dünya Boks Komitəsi haqqında məlumat verib, təsisçisi və yaradıcısı Yaşar Niftəliyevin (Millinits) olduğu komitənin məqsəd və vəzifələri barədə danışıb, əsas məqsədlərinin Heydər Əliyevin adını daşıyan Dünya kəmərinin yaxın gələcəkdə daha da  məşhurlaşdırmaq olduğunu deyib. Etibar Qəniyevin çıxışından sonra çempionatın son döyüşünə start verilib. Timo Hoffmann və serbiyalı Aleksandr Petkoviçin mübarizəsi maraqlı və gərgin keçib. 12 raund davam edən döyüş sonda  "Ağ pələng"in - A.Petkoviçin xal hesablı qələbəsi ilə başa çatıb. Yarışdan sonra Etibar Qəniyev təntənəli şəkildə ümummilli lider Heydər Əliyevin Dünya kəmərini qalibin belinə bağlayıb. Çempionatın sonunda Heydər Əliyev kəməri fonunda xatirə şəkilləri çəkdirilib.


Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş ikinci turnir WBCA boks federasiyasının təsisçisi Yaşar Niftəliyevin iştirakı ilə mayın 11-də Weiswasser şəhərində keçirilib. Bu turnirdə həmyerlilərimiz Azad Əzizov Samir Boukraroya, Bəxtiyar İsgəndərzadə isə alman boksçusu Matthias Pelke qarşı mübarizə aparıb. Bəxtiyar İsgəndərzadə 4-cü raundda əlindən ciddi zədə almasına baxmayaraq döyüsü davam etdirsə də, məşqçisinin məsləhəti ilə 8-ci raundda mübarizəni dayandırmalı olub. Gözəl texnika və döyüş əzmkarlığı nümayiş etdirən Azad Əzizov rəqibini artıq 3-ci raundda nokaut edərək Heydər Əliyevin Dünya kəmərini almağa müvəffəq olub. 

Qeyd edək ki, boks turniri Azərbaycanın Almaniyadakı səfirliyinin, Diasporla İs üzrə Dövlət Komitəsinin, "Odlar Yurdu" təşkilatının, Sachsen-Anhalt federal əyaləti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin, Hannover şəhərində fəaliyyət göstərən "Xəzər" Alman-Azərbaycan cəmiyyətinin, Almaniyada yaşayan Azərbaycanlıların Koordinasiya Mərkəzinin və Avropa Azərbaycanlıları Konqresinin dəstəyi və təşkilatçılığı baş tutub. 

Sizin Reklam Yeriniz