Əlaqə Arxiv
news Image
2019.06.30
20:50
| A A A
Yerli boksçuların Minskə aparılmama səbəbi - Federasiyadan açıqlama
Bir neçə gündür ölkənin Boks Federasiyası idman ictimaiyyəti tərəfindən tənqidlərə tuş gəlib. Buna səbəb isə Minskdə keçirilən Avropa Oyunlarına milliləşdirilmiş kubalı idmançılarımız Lorenso Sotomayor və Alfonso Dominqesin aparılmasıdır. Son ölkə çempionatının finalında Alfonsonu məğlub edən Rauf Rəhimov və bir sıra uğurlu nəticə əldə etmiş yerli boksçularımızın Avropa Oyunlarına aparılmaması etirazlara səbəb olub. Məsələ ilə bağlı olaraq Azərbaycan Boks Federasiyası ilə əlaqə saxladıq. Qurumdan Sport7.az-a verilən açıqlamanı diqqətinizə çatdırırıq: "Milli komandaya tək ölkə çempionları deyil, mükafatçıların hər biri dəvət alır. Azərbaycan çempionatından da müəyyən müddət keçib və bu səbəbdən də baş məşqçi yığma komandanı Avropa Oyunlarına hazırlıq üçün baş tutan təlim-məşq toplanışlarına əsasən müəyyənləşdirib. Lorenzo Sotomayorun çəkisində Azərbaycan çempionu olan Elnur Süleymanovun çəkisi 75 kq-a yüksəldiyindən və iştirak etdiyi yarışlarda medal qazana bilmədiyindən o, Rio Yay Olimpiya Oyunlarının finalçısı ilə əvəz edilib. Rauf Rəhimovun Minskə aparılmaması isə son döyüşdə onun Alfonso Dominqesə məğlubiyyəti ilə bağlıdır. Çünki baş məşqçinin istəyinə əsasən heyət açıqlanmazdan öncə onlar arasında yoxlama görüşü təşkil olundu və A.Dominqes qalıb gəldi. "Onluğ"'u bir qədər gec açıqlamamızın da səbəbi bu idi. Yekunda isə Avropa Oyunlarına yollanan hər iki boksçu medal qazanmağı bacardı. Digər ölkələrdəki azərbaycanlı boksçulara gəlincə, biz həmişə hər bir həmyerlimizi diqqətdə saxlamışıq və saxlamağa davam da edirik. Bugünkü gün Azərbaycan yığmasını təmsil edən Nurlan Səfərov, Məsud Yusifzadə, vaxtı ilə Azərbaycana Olimpiadada medal qazandırmış Teymur Məmmədov və bir sıra azərbaycanlılar Rusiyadan komandamıza cəlb olunub. Rio 2016-nın bürünc mükafatçısı Kamran Şahsuvarlı isə Qazaxıstandan komandamıza dəvət edilib. Həmçinin son Azərbaycan çempionatında 91 kq çəki dərəcəsində çempion olmuş Rövşən Yaqubzadəni də onların arasına daxil etmək olar. Bugünkü gün də bu siyasətimiz davam edir. Rusiyada və dünyanın hansı ölkəsində olmasından asılı olmayaraq, bütün azərbaycanlıları milliyə cəlb edirik. Hədəfimiz azərbaycanlıların ölkəmizi öz bayrağımız altında təmsil etməsidir. Biz bunun üçün bütün şəraiti yaratmışıq və bunu da bütün dünya bilir. Unutmaq lazim deyil ki, legioner dediyimiz idmançılar Alfonso Dominqes ve Mariya Stadnikin qızıl medallari Azerbaycanı bir neçə pille irəli apardı".
Sizin Reklam Yeriniz