Əlaqə Arxiv
news Image
2019.11.20
13:56
| A A A
"Əvvəlki komandadan əsər-əlamət yoxdur" - Qara Qarayev

"Bu oyunun komandalar üçün fərqli mahiyyəti var idi. Rəqib qrupdan çıxmaqdan ötrü mübarizə aparırdı. Özümüz üçün isə heç nə vəd etməyən oyun idi. Rəqib ümid edirdi ki, bizə qalib gələrək Avropa çempionatına yollanacaq. Lakin Uels evdə qələbə qazandığından, slovakiyalıların istəkləri alınmadı".

Goal.az xəbər verir ki, bunu Azərbaycan milli komandasının kapitanı Qara Qarayev səfərdə Slovakiya yığmasına 0:2 hesabı ilə uduzduqları AVRO-2020-nin seçmə oyunundan sonra deyib. 27 yaşlı futbolçu qrupun ən yaxşı komandalarından birinə və ən təhlükəli rəqibə qarşı çıxış etdiklərini bildirib: "Görüş bizim üçün formal xarakter daşıyır, heç bir əhəmiyyət kəsb etmirdi. Renat Dadaşovun yaxşı imkanı oldu. O epizod bizim üçün bəlkə də səfərdən bir xalla qayıda biləcəyimiz şans idi. Amma yararlana bilmədik. Ümumiyyətlə çətinlik çəkdik. Bizim üçün bu qrup mərhələsi bitdi".

Təcrübəli yarımmüdafiəçi komandanın seçmə mərhələdəki çıxışını da dəyərləndirib: "Kollektivimizdə yaş ortalaması aşağı düşüb. Hazırda daha gənc futbolçularla oynayırıq. Əvvəlki komandadan əsər-əlamət yoxdur. Daha yeni və cavan kollektivik. Qrupdakı oyunlar barədə nəsə deməyim başqa cür qarşılana bilər. Amma oynadığımız komandalara qarşı heç də pis çıxış etməmişik. Seçmə mərhələnin ilk oyununda səfərdə Xorvatiya ilə matçda bərabərliyi son dəqiqələrdə əldən verdik. Uelsdə də eyni ssenari təkrarlandı. Bakıda Macarıstan və Slovakiya ilə görüşlərin ilk yarısında yaxşı idik. Nəsə əldə edə bilərdik. Axırıncı matçlar isə son dəqiqə qolları ilə əlimizdən çıxıb. Nəticə qazanmamışıqsa, qrupdan çıxmamışıqsa, dəyərləndirmə yaxşı ola bilməz. Bunu hədəfə çatmamış kimi dəyərləndiririk. Artıq bu tsikl bitdi. Növbəti tsiklə yeni düşüncə, yeni komanda və istəklə hazırlaşmalıyıq".

Qarayev baş məşqçi Nikola Yurçeviç barədə də danışıb: "Yurçeviç fərqli insandır. Bizə daha çox güvənən və uşaqlara sərbəstlik verən, insani keyfiyyətləri yaxşı olan mütəxəssisdir. Onun qalıb-qalmamağını indidən fikirləşmək bizim üçün tez olar. Yəqin ki, AFFA İcraiyyə Komitəsi işini, hesabatını dəyərləndirdikdən sonra qərar verəcək. Yurçeviçlə davam etmək bizim üçün, sözsüz ki, xoşdur. Amma bundan əvvəlki kimi qərar nə olacaqsa, hörmət və davam edəcəyik".

Kapitan komandada forma şansı tapa bilməyən oyunçuların baş məşqçi ilə münasibətlərinin yaxşı olduğunu vurğulayıb: "Yurçeviçlə bütün futbolçuların münasibətləri yetərincə yaxşıdır. Heç bir oyunçu ilə probleminin olduğunu da görməmişik. Hər zaman bütün oyunçulara inandığını bildirib. Dəfələrlə qeyd edib ki, 11 nəfərə şans verməyə məcburdur. Deyir ki, məndən olsa, hamını oynadaram. Qərar da baş məşqçinindir. Kimin az, kimin çox oynamasına o qərar verir. Bu barədə şərh bildirmək bizim işimiz deyil. Oyunçular yüksək səviyyədə məşq edirlər. Bu dönəmdə kiməsə şans verilmədisə, bu, o demək deyil ki, onunla hər hansı problemi var. Millinin növbəti matçlarında onlar da forma şansı tapacaqlar".

Aparıcı futbolçu millinin perspektivi barədə hələlik heç nə düşünmədiyini etiraf edib: "Ağır bir qrup mərhələsi keçirdik. Yəqin ki, durumdan asılı olaraq, biz də hər hansı işlərə başlayacağıq. İndidən danışmaq bəlkə də tezdir. Yurçeviçin fəlsəfəsi gənclərə daha çox şans verməkdən ibarətdir. Gəldiyi zamandan bəri göstərir ki, hər oyun milliyə yeni futbolçu qazandırıb. Bayaq da qeyd etdiyim kimi, yığmanın yaş ortalaması həqiqətən aşağıdır. Yurçeviç bəzi oyunçuları nəinki, milliyə, həm də Azərbaycan futboluna qazandırdı. Bəhlul Mustafazadəni misal çəkə bilərəm. O, artıq yığmanın əsas oyunçularından birinə çevrilib. Elvin Camalov və Vüsal İsgəndərli də şans qazandılar. İnanıram ki, Yurçeviç davam etsə, daha yenilərini qazandıracaq".

Qeyd edək ki, Qara Qarayev kapitan sarğısını Maksim Medvedevin zədəli olması səbəbindən daşıyıb.

Sizin Reklam Yeriniz