FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandası ötən ayla müqayisədə 1 pillə irəliləyib. 298 xalı olan yığmamız 117-ci pilləyə qalxıb. Berti Foqtsun komandası UEFA-nın reytinqində 43-dür.
Maraqlıdır ki, bu müddətdə millimiz Lüksemburq yığmasına rəsmi oyunda evdə qalib gələ bilməmişdi - 1:1. Ancaq göründüyü kimi, bu uğursuz nəticə bizi geriyə yox, əksinə, irəli salıb. Lüksemburqlular isə bu səfər nəticəsindən daha çox fayda görüb – 4 pillə irəliləyiş. Belə ki, onlar 210 xalla 141-ci pillədə qərarlaşıb.
Yığmamızın 2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqiblərindən 1099 xalı olan Portuqaliya yığması 1 pillə geriləyərək, 7-ci yerə düşüb. Rusiya millisi isə daha çox – 6 pillə aşağı enib. Belə ki, 979 xala malik şimal qonşularımız 17-ci pilləyə düşüb. 540 xalı olan İsrail isə 2 pillə geriləməklə 64-cü yerə enib. Şimali İrlandiya yığması 307 xalla 5 pillə irəliləyərək, 111-ci yerə yüksəlib.
Millimizin avqustda Bakıda yoldaşlıq görüşü keçirəcəyi Malta ən çox irəliləyən yığmalardan olub. Belə ki, rəqibimiz Ermənistanı səfərdə rəsmi oyunda 1:0 hesabı ilə yenməyi ilə 23 pillə irəliləyib. 236 xalı olan maltalılar 133-cü pillədədir.
Reytinqdə ilk 2 pillə dəyişməz qalıb. Belə ki, İspaniya 1532 xalla 1-ci, Almaniya 1273 xalla 2-ci yerdədir. 1206 xalı olan Kolumbiyanın 4 pillə irəliləyək 3-cü yerə qalxmağı gözlənilməz olub. Vaxtilə uzun müddət reytinqə başçılıq etmiş Braziliya Konfederasiyalar Kubokunun qalibi olmağı ilə 1095 xalla 13 pillə qabağa gedərək, 9-cu yerdədir.
573 xalı olan Türkiyə 3 pillə geriləməyi nəticəsində 57-ci yerə düşüb.