Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Apasport.az saytının məlumatına görə, toplantıda Topaz Premyer Liqasının V turunda qeydə alınan qanun pozuntularına hüquqi qiymət verilib.
"Sumqayıt"la matçın 89-cu dəqiqəsində "Rəvan"ın futbolçusu Ramazan Abbasov simulyasiyaya görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub. Həmçinin, hakimlərin idarəçiliyinə Hakimlər Komitəsində baxılması və İntizam Komitəsinə məlumat verilməsi barədə qərar qəbul edilib.
"Neftçi" ilə görüşün 48-ci dəqiqəsində "Bakı"nın futbolçusu Cavid Hüseynov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klub isə bu səbəbdən 3000 manat cərimə ödəməli olacaq.
Matçın 49-cu dəqiqəsində "Bakı"nın qapıçısı, milliyə çağırılan Aqil Məmmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəzalanıb, klubu 4 min manat ziyana salıb.
"İnter" – "Simurq" dueli başa çatdıqdan sonra "İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze mətbuat konfransında iştirak etmədiyi üçün klub 1000 manat cərimələnib.
"Qarabağ"la AZAL arasında keçirilən oyunda hər iki klubunun 5 futbolçusu sarı vərəqə aldığı üçün klublar 1000 manat cərimə ödəyəcəklər.