Fransa Bakıda keçiriləcək birinci Avropa Olimpiya Oyunlarına xüsusi hazırlıq görür . Mövqe.az xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye səfirliyin təşkilatçılığı ilə I Avropa Olimpiya Oyunlarına hazırlıqla bağlı keçirilən tədbirdə deyib.
Səfir bildirib ki, bununla bağlı istifadəyə veriləcək Olimpiya stadionunun açılışına Mişel Platininin də gələcəyi nəzərdə tutulub.
P.Mönye deyib ki, Azərbaycanda diplomat kimi fəaliyyət göstərdiyi müddətdə Bakının surətli inkişafının şahidi olub. Onun sözlərinə görə, bu gün paytaxt Bakı Tokionu xatırladır: "Avropa Olimpiya Oyunlarına Bakının uğurla ev sahibliyi edəcəyinə əminik. Azərbaycan çox ambisiyaları olan ölkədir. Eyni zamanda, Azərbaycan Xəzər bölgəsində stabilliyi qoruyub saxlayan bir ölkədir. Burada digər millətlərin nümayəndələri də yaşayır və ölkə böyük qonaqpərvərlik ənənələrinə malikdir".
Diplomat deyib ki, bu tədbirin təşkilində məqsəd təcrübə mübadiləsi aparmaqdır: "Azərbaycan "Eurovision" mahnı müsabiqəsində uğur qazandı. Amma bu sadəcə mahnı müsabiqəsi idi. Avropa Olimpiya Oyunları daha vacib bir tədbirdir".
P.Mönye deyib ki, əldə edilmiş nailiyyətlərlə bağlı həllini gözləyən bir sıra məsələlər də var və onların həlli vacibdir: "Dünən mən bir müddət tıxacda qaldım. Ona görə hesab edirəm ki, nəqliyyat və bir sıra digər məsəslələr var ki, onlarla bağlı razılığa gələ biləcəyimizə inanıram".