Mayın 19-da, saat 10.00-da, Abşeron Marriott otelin Şərq zalında
Bakıda ilk dəfə Beynəlxalq Futbol Könüllülüyü Forumu
keçiriləcək.
Movqe.az AFFA-ya istinadən xəbər verir ki, forumun əsas məqsədi həm
Azərbaycan, həm də beynəlxalq səviyyədə futbol könüllülüyünün
inkişaf etdirilməsi və regional təcrübələrin
paylaşılmasıdır.
Forumda 8 ölkədən 9 beynəlxalq səviyyəli spiker çıxış edəcək.
Spikerlərin mövzusu müxtəlif dövrlərdə keçirilmiş tədbir və
layihələrdən qazanılmış təcrübələri forum iştirakçıları ilə
bölüşmək olacaq. İştirakçı qismində azərbaycanlı könüllülərlə
yanaşı Polşa, Çin və Türkiyədən də könüllülər iştirak edəcək.
Qeyd edək ki, Azərbaycanda 2012-ci ildə keçirilmiş FIFA U-17
Qadınlararası Dünya Çempionatından sonra daha da inkişaf etmiş
futbol və idman könüllülüyü imkanları sayəsində yüzlərlə gənc uğur
qazanıb.
Forumda AFFA-nın tərəfdaşı Azərbaycan Respublikası Təhsil Nazirliyi, dəstəkçiləri isə SOCAR, Bakcell və AccessBank-dır.