Əlaqə Arxiv
news Image
2014.05.19
18:17
| A A A
Beynəlxalq Futbol Könüllülüyü Forumu

Bu gün Abşeron otelində Beynəlxalq Futbol Könüllülüyü Forumu keçirilib.
Move.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, forumda federasiyanın  prezidenti Rövnəq Abdullayev, qurumun I vitse-prezidenti Rauf Əliyev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, təhsil nazirinin müavini Ceyhun Bayramov, tanınmış italiyalı futbolçu, tədbirə forumun səfiri qismində dəvət olunmuş Canluka Zambrotta, 8 xarici ölkəni təmsil edən beynəlxalq səviyyəli spikerlər iştirak ediblər.


Aparıcı tədbiri açıq elan edib forumun gündəliyi barədə məlumat verdikdən sonra UEFA-nın baş katibi Gianni İnfantinonun forum iştirakçılarına videomüraciəti nümayiş etdirildi. G.İnfantino müraciətində könüllülərin futbol turnirlərinin və tədbirlərinin təşkilində xüsusi rola malik olduğunu qeyd edərək, Beynəlxalq Futbol Könüllülüyü Forumunun böyük əhəmiyyət kəsb edən tədbir olduğunu bildirib, foruma öz işində uğurlar arzulayıb.


AFFA-nın baş katibi Elxan Məmmədov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, mötəbər futbol turnirlərində könüllülərin rolu barədə danışıb. O, qeyd edib ki, könüllülük təkcə gənc nəsli əhatə edən fəaliyyət sahəsi deyil, ayrı-ayrı ölkələrdə təşkil olunan idman və digər sferalar üzrə tədbirlərdə müxtəlif yaş qrupuna aid könüllülərə rast gəlmək mümkündür.


Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, təhsil nazirinin müavini Ceyhun Bayramov öz çıxışlarında könüllülüklə bağlı müsbət fikirlər səsləndirib, bu prosesin gənclərin səmərəli fəaliyyət göstərməsinə və təhsil məsələlərinə faydalı olduğunu qeyd ediblər.


Sonra söz Canluka Zambrottaya verilib: "Hər birinizi salamlayıram. Bugünkü tədbirə dəvət olunduğum, bu forumun səfiri seçildiyim üçün çox sevinir və bundan böyük qürur hissi keçirirəm. Həyatın bütün sahələrində gənclər xüsusi rola malikdir. Gənc yaşlarımda futbolla bağlı bir sıra uğurlar qazanmışam. Futbolçu kimi ən böyük uğrum 2006-cı ildə keçirilmiş dünya çempionatının qalibi olmağımdır və o zaman bu günlə müqayisədə daha gənc idim. Biz bu uğura komanda olaraq, bir məqsəd ətrafında sıx birləşməklə nail olduq. Könüllülük də bu işlərin bir parçasıdır. Burada da birlikdə hərəkət etmək, məqsədə doğru birgə addımlamaq vacib şərtlərdəndir. Bu gün bütün futbol oyunlarında könüllülərin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Ümidvaram ki, bu forum Azərbaycanda könüllülərin bundan sonrakı fəaliyyətinin istiqamətləndirilməsi baxımından çox faydalı olacaq".


Çıxışlar başa çatdıqdan sonra müxtəlif ölkələrdən dəvət olunmuş beynəlxalq səviyyəli spikerlərin iştirakı ilə məşğələlər keçirilib.


Sizin Reklam Yeriniz