Əlaqə Arxiv
news Image
2015.02.18
16:15
| A A A
Naxçıvan Avtomobil Zavodu Bakı 2015 Avropa Oyunlarının 8-ci Rəsmi Dəstəkçisi oldu

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi Naxçıvan Avtomobil Zavodunun (NAZ) bu yay keçiriləcək ilk Avropa Oyunlarının Rəsmi Dəstəkçisi elan edildiyi sazişə imza atıb.

Oyunların Əməliyyat Komitəsindən Movqe.az-a verilən məlumata görə, saziş çərçivəsində Azərbaycanın ən iri avtomobil istehsalçısı olan NAZ Bakı 2015 avtomobil markası kateqoriyasında ölkədə müstəsna hüquqlara malik olacaq.

NAZ, həmçinin "Bakı 2015 Avropa Oyunlarının Rəsmi Avtomobili" titulunu və Bakı 2015 Avropa Oyunları loqosundan Avropada və Çində istifadə edilməsi hüququnu Çinin avtomobil istehsalçısı olan "Lifan" şirkətinə ötürəcək və Oyunlar müddətində istismar məqsədilə 280 ədəd "Lifan"’ markalı avtomobillər təchiz edəcək.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: "Hər bir irimiqyaslı beynəlxalq çoxsaylı idman yarışlarında işlərin maneəsiz şəkildə görülməsi üçün mükəmməl nəqliyyat vasitələrinin olması çox önəmlidir. Azərbaycanın ən iri avtomobil istehsalçısı olan NAZ şirkətini Bakı 2015 Avropa Oyunlarının Rəsmi Dəstəkçisi kimi görmək sevindirici haldır və əminəm ki, həm Naxçıvan Avtomobil Zavodu, həm də "Lifan" markalı avtomobillər bizim müştərilərimizə və maraqlı tərəflərə ən yaxşı şəkildə xidmət göstərəcək".

Yarışların keçirildiyi 12-28 iyun tarixlərində Milli Olimpiya Komitəsi üzvləri, KİV və yayım işçiləri daxil olmaqla bir sıra müştərilərin daşınması üçün həmin 280 ədəd nəqliyyat vasitəsindən istifadə olunacaq.

NAZ-ın direktoru Musa Abdullayev deyib: "Biz Bakı 2015 Avropa Oyunları ailəsinin bir üzvü olacağımıza və ölkəmizin tarixindəki ən iri idman yarışlarına dəstək verəcəyimizə görə fəxr edirik. "Lifan" avtomobil şirkəti ilə yaxından çalışaraq, tarixə yazılacaq ilk Avropa Oyunlarının bütün müştərilərinə və maraqlı tərəflərə dünya səviyyəli xidmət göstərəcəyik".

Müqavilənin bağlanması ilə Naxçıvan Avtomobil Zavodu McDonald’s Azerbaijan, Tickethour, Milla, Sitecore, Motorola Solutions, Azersun Holding və Bazarstore şirkətlərindən sonra Bakı 2015 Avropa Oyunlarının səkkizinci Rəsmi Dəstəkçisinə çevrildi.


Sizin Reklam Yeriniz