Azərbaycan cüdoçusu XIV Paralimpiya Yay Oyunlarında qızıl medal qazanıb
Londonda keçirilən XIV Paralimpiya
Yay Oyunları Azərbaycan millisi üçün uğurlu start
götürüb. Apasport.az saytının məlumatına görə, Böyük Britaniya
paytaxtına 21 idmançı ilə yollanan yığmamız möhtəşəm yarışın ilk
günündə qızıl medal qazanıb. Bu uğura 60 kq çəki dərəcəsində
mübarizə aparan cüdoçumuz Ramin İbrahimov imza atıb. İlk görüşündə
koreyalı Min-Ca Liyə qalib gələn həmyerlimiz 1/4 finalda Fransa
idmançısı Kevin Villemontu da yarışdan kənarlaşdırmaqda çətinlik
çəkməyib. Yarımfinalda İbrahimovun rəqibi daha güclü
yaponiyalı Takaaki Hirai olub. Lakin asiyalı idmançı da
təmsilçimizin fəndləri qarşısında aciz qalıb. Nəticədə inamlı
qələbə qazanan Ramin finala yüksəlib və burada Xiaodong Li (Çin)
ilə üz-üzə gəlib. Cüdoçumuz ilk mərhələdə olduğu kimi
həlledici görüşdə də Londona çempion olmaq üçün gəldiyini sübut
edib. Rəqibinə heç bir şans verməyən İbrahimov qalib gəlməklə,
Paralimpiadada millimizə ilk qızıl medalı qazandırıb.
Qeyd edək ki, yarışlara sentyabrın 9-da yekun vurulacaq.
Qeyd edək ki, yarışlara sentyabrın 9-da yekun vurulacaq.