"Rəvan" klubunun baş məşqçisi Vladislav Qədirovun Apasport.az
saytına müsahibəsi.
- Öncə lider "Xəzər Lənkəran"a qarşı keçirilən görüş barədə
fikirlərinizi bildirərdiniz...
- Səfərdə "Xəzər Lənkəran"a qarşı oynamaq çox çətindir. Biz ilk
dövrədə də bu komandadan xal götürmüşdük. Bildiyim qədəri ilə onlar
bizimlə qarşılaşmayanadək öz meydanlarında xal itirməmişdilər. Amma
çətin səfərdən xalla dönməyi bacardıq.
- Rahid Əmirquliyev 89-cu dəqiqədə qol vurduqdan sonra artıq əliniz
hər şeydən üzülmüşdü, yoxsa nəyəsə nail olacağınıza
inanırdınız?
- Düzdür, Rahid son dəqiqələrdə fərqləndi. Amma hiss edirdim ki,
uduzmayacağıq. Çox təəssüf ki, oyun canlı yayımlanmadı. Əgər
azarkeşlər baxsaydılar, "Rəvan"ın necə mübarizə apardığını
görərdilər. Fikrimcə, rəqib bizdən cəmi 15 dəqiqə üstün futbol
oynadı. Mənim futbolçulara sözüm yoxdur, əhsən! Onlar qarşılaşmanın
məsuliyyətini dərk etdilər. Lənkəranda oynamaq asan deyil, onların
yaxşı azarkeşləri var. Bunları nəzərə alsaq da, səfərə qələbə üçün
getmişdik. Yəni oyunu avtobusda uduzmamışdıq.
- Bir müddət öncə 3 futbolçunu heyətdən uzaqlaşdırdınız. Ola
bilərmi ki, bu, komanda üzvlərində məsuliyyəti bir qədər də
artırıb?
- Bilirsiniz ki, Con Pelu "İnter"lə matçda penaltini dəqiq vura
bilmədi. Yazdılar ki, bəs gedişinə səbəb budur. Əgər belədirsə,
bütün klublarda futbolçu qalmasın. Hər bir oyunçunun səhv etmək
ehtimalı var. 1 penaltiyə görə futbolçu qovmaq peşəkarlığa sığmır.
Əlbəttə, istənilən futbolçunun gedişi komandaya mənfi təsir göstərə
bilər. Amma mən futbolçularımla söhbət etmişdim.
- Ardıcıl qələbələr və münasib nəticələr qazansanız da hələlik ilk
"altılığ"a düşə bilmirsiniz. Balansı aradan qaldırmaq üçün nə etmək
lazımdır?
- Komanda hücum futboluna üstünlük verir. Gələn gündən demişəm ki,
sürətli, hücum futbolu oynadacağam. İddialarımla komandanın
potensialı üst-üstə düşür. Nə oldusa, "Simurq" və "İnter"ə qarşı
oyunlardan sonra oldu. Biz "Simurq"la görüşdə 1 xal qazanmadıq, 2
xal itirdik. Komandamız səfərdə daha yaxşı oynayır. Biz səfərdə 10
xal toplamışıq. Əlbəttə, arada balans var. "Sumqayıt Şəhər"lə
oyunda qeydə alınacaq nəticə bizim üçün çox önəmlidir.
- Demək olarmı ki, bu fərq sizdən öncəki məşqçinin vaxtında meydana
gəlib?
- Mən ancaq özümdən danışa bilərəm.
- "Rəvan" özünəməxsus futbol oynayır. Bir neçə dəfə hesabda geri
düşməsinə baxmayaraq, tarazlıq yaradır, qələbə qazanır. Bu, nədən
irəli gəlir?
- Futbolçularla baş məşqçi arasında mütləq qarşılıqlı inam
olmalıdır. Komandanı qəbul etməzdən öncə futbolçulara göz
gəzdirdim. Gördüm ki, bunlarda potensial var. İnanıram ki, biz belə
davam edəcəyik.
- "Rəvan" "Muğan"ın davamçısı hesab olunur. Artıq bu 2 komandada
dəfələrlə baş məşqçi olsanız da, istefaya göndərilmisiniz. Yenə
eyni halın təkrarlanacağından ehtiyatlanmırsınız?
- Olanlar keçmişdə qalıb. Gələcəkdə nəyin baş verməsini isə
bilmirik. Hər şeyi zaman göstərəcək. Amma bütün bunlar məni
çəkindirə bilməz. Belə keçici şeylərdən qorxmuram.
- Komandanın ev oyunlarının yayım hüququ "Space" TV-yə verilsə də
sonradan bu telekanal oyunlarınızı canlı yayımlamadı. Bu mövzuda
nəsə irəliləyişlər varmı?
- Biz onlarla müqavilə imzalamışdıq. Amma bu kanal bizim oyunumuzu
yayımlamaqdan imtina edib, voleybol klubu ilə Dohaya getdi. Əlbəttə
ki, biz də alternativ variantlar axtardıq. Komandamız növbəti 2
turu səfərdə oynayacaq. Bundan sonrakı ilk ev oyunumuz isə "İdman
Azərbaycan" kanalı ilə göstəriləcək. Bu barədə qarşılıqlı razılaşma
əldə olunub.
- Artıq bəzi klublarımız qış "transfer pəncərəsi"ndə görəcəyi
işləri konkretləşdirib. Sizin də axtarışda olduğunuzu bilirik.
Artıq menecer Anatoli Ponomaryov sizə yeni oyunçular təklif
edibmi?
- Yaxşı 1 hücumçu istəyirik. Mənə taran tipli hücumçu yox, özündə
top saxlamağı bacaran, vəziyyətləri dəyərləndirən oyunçu lazımdır.
Anatoliyə demişəm ki, bu tipdə ön xətt oyunçusu axtarıram. O, bizim
üçün oyunçu seçməlidir. Eyni zamanda, müdafiəçi və yarımmüdafiəçi
də axtarıram. Çox güman ki, 3 oyunçu almaqla kifayətlənəcəyik.
- Son vaxtlar hakimliklə bağlı müəyyən narazılıqlar əmələ gəlib.
Siz də etiraz edənlər arasındasınız?
- Bizi sıxmırlar, problem yaratmırlar. Amma həqiqətən də elə
oyunlar olub ki, təcrübəsizlikdən bəzi anlaşmazlıqlar meydana
gəlib.