"Bu məsələlərdə "Neftçi" klubunun prezidenti Sadıq Sadıqovun
günahı yoxdur. O, xeyli vaxtdır idman sahəsində çalışır, xidmətləri
var. "Neftçi"nin prezidenti kimi Azərbaycan futbolunun inkişafına
çalışır. Ancaq bəzi insanlar Sadıq Sadıqovun işinə xələl
gətirirlər". Bu fikirləri Apasport.az saytına açıqlamasında
azərbaycanlı sabiq FİFA hakimi Babək Quliyev deyib.
AFFA-nın 2009-cu ilin yazında hakimlikdən kənarlaşdırdığı 37 yaşlı
B.Quliyevin fikrincə, "Neftçi" klubunun hakim köməyinə ehtiyacı
yoxdur: "Neftçi"nin oyununda, qalib gəlməyində problem yoxdur.
Məgər zəif komandadır ki? Sadəcə, Sadıqovu istəməyən insanları
tapıb, üzə çıxarmaq lazımdır. Onların məqsədi Sadıq müəllimin
gördüyü işə kölgə salmaqdır. Heç vaxt inanmaram ki, Sadıq müəllim
hakimə desin ki, komandama kömək et. Sadəcə, özlərini Sadıq
müəllimin gözündə yüksək tutmaq istəyənlər hərəkətləri ilə onun
işinə xələl gətirirlər".