Əlaqə Arxiv
news Image
2015.06.26
13:00
| A A A
Azərbaycanın 8 cüdoçusu "Bakı 2015"də mübarizəyə qoşulacaq
Onlardan 3-ü kişi, 5-i isə qadın idmançıdır

Bu gün "Bakı 2015" I Avropa Oyunlarında Azərbaycanın 8 cüdoçusu mübarizəyə qoşulacaq. Movqe.az-ın məlumatına görə, onlardan 3-ü kişi, 5-i isə qadın idmançıdır.

Kişilər arasında 73 kq çəki dərəcəsində Rüstəm Orucov mübarizə aparacaq. O, yarışa 1/16 finaldan başlayacaq. R.Orucov rəqibi 1/32 final mərhələsində iştirak etmədiyi üçün birbaşa tur keçib. Onun bu mərhələdəki rəqibi almaniyalı Kristofer Voelk və çexiyalı Jaromir Jezek arasında keçiriləcək döyüşün qalibi olacaq.

Qadınlar arasında 63 kq çəkidə Xanım İsmayılova 1/16 finalda makedoniyalı Katerina Nikoloska ilə üz-üzə gələcək. Qalib idmançı 1/8 final mərhələsində fransalı Klarisse Aqbeqnenou ilə görüşəcək. Digər qadın idmançı Nuriyyə Axundova da eyni çəkidə çıxış edəcək. Onun rəqibi polşalı Aqata Ozdoba olacaq. Cütlüyün qalibi 1/8 finalda israilli Gerbi Yardenlə qarşılaşacaq.

70 kq-da isə Validə Mirzəzadə uğur qazanmağa çalışacaq. Qadın cüdoçunun ilk rəqibi almaniyalı Roksan Taeymansdır. Bu görüşdən qalib ayrılan idmançı hollandiyalı Kim Pollinqlə görüşməli olacaq. Bu çəkidə çıxış edəcək Azərbaycan idmançısı Nərgiz İbrahimbəyova Matiç Barbara səddini keçməyə çalışacaq. Görüşü qələbə ilə başa vuran idmançı Julian Robra (İsveçrə) - Anka Poqaçnik (Slovaniya) döyüşünün qalibi ilə 1/8 finalda qarşılaşacaq.

Azərbaycanın paralimpiyaçı cüdoçuları da bu gün mübarizəyə start verəcək. Gözdən əlillərin yarışında kişilərdən İlham Zəkiyev, Zakir Mislümov, qadınlardan isə Səbinə Abdullayeva iştirak edəcək.

90 kq-dan yuxarı çəkidə İ.Zəkiyev birbaşa yarımfinal mərhələsindən mübarizəyə qoşulacaq. Buna səbəb 1/4 finalda onun rəqibinin iştirak etməməsidir. Azərbaycan cüdoçusu yarımfinalda türkiyəli Dursun Hayran və yunanıstanlı Klimis Papaçristos arasındakı döyüşün qalibi ilə üz-üzə gələcək. Eyni çəkidə Zakir Müslümov isə 1/4 finalda ukraynalı Oleksandr Pominovla görüşəcək. Qalib idmançı Aleksandr Parasiuk (Rusiya) - Julien Taurines (Fransa) cütünün ən güclüsü ilə yarışacaq.

Qadınların yarışında isə Səbinə Abdullayeva 1/4 finaldan mübarizəyə qoşulacaq. 57 kq-da onun rəqibi Maria Monika Merenkiano Herrero olacaq. Yarımfinala vəsiqə qazanan idmançı finala çıxmaq üçün ukraynalı Nataliya Nikolayçuk və türkiyəli Serife Koseoğlu duelinin güclüsü ilə yarışacaq.

Sizin Reklam Yeriniz