Əlaqə Arxiv
news Image
2015.06.28
22:00
| A A A
"Bakı 2015"in bağlanış mərasiminin detalları açıqlanıb
Bağlanış mərasimi 10 hissədən ibarət olacaq

Bu gün Bakıda I Avropa Oyunlarının möhtəşəm bağlanış mərasimi keçiriləcək. Movqe.az-ın  xəbərinə görə, bağlanış mərasiminin detalları açıqlanıb.

Mərasim "Five Currents" şirkətinin köməyi ilə əsaslı şəkildə planlaşdırılıb, Azərbaycan və 17 ölkəni təmsil edəcək 1 600 könüllünün çıxışını nümayiş etdirəcək. Bağlanış mərasimi 68 000 tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionunda keçirilir. 

Bağlanış mərasiminin bədii direktoru Dimitris Papaioannou, mərasimlər üzrə heyətin rəhbəri Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, mərasimlər üzrə direktor Ketrin Uqvu, icraçı rejissor isə Skot Givensdir.


Bağlanış mərasimi 10 hissədən ibarət olacaq:


Ölkə rəhbərinin gəlişi

Şeypurun sədaları Azərbaycan Prezidenti İlham Əliyevi, birinci xanım Mehriban Əliyevanı və Avropa Oyunları Komitəsinin prezidenti Patrik Hikkini salamlayır.


Geriyə sayım və milli himn

Ta Bakıyadək bütün qədim məkanları diyar-diyar dolaşan xalça ilmələri stadionun ekranlarında canlanacaq. Geriyə sayım sıfıra çatdığı an xor dövlət himnini yeni simfonik aranjemanda ifa edir və Azərbaycan bayrağl yüksəlir.


Transformasiya

Şounun bu hissəsi Azərbaycan musiqisi, rəqsi və memarlığının müasirliyin enerji və gücü ilə zənginləşdirilmiş ənənələrini tərənnüm edir. Bu epizod 500-dən çox rəqqasənin ifası və heyranedici səhnə effektləri ilə səciyyələnir.


İdmançıların paradı

Stadionun ekranlarında nümayiş olunan qısa film öz enerjisi, ruh yüksəkliyi və fədakarlıqları ilə Bakı 2015 Avropa Oyunlarının uğurla keçməsinə töhfə verən 12 500 alovqoruyan könüllüyə minnətdarlığı ifa edir. Bunun ardınca 50 uşaq "Çal-oyna" xalq mahnısını xorla oxuyacaq. Bu, 17 gün ərzində qəlbləri idman ustalığı, cəsarəti və sadiqliyi ilə fəth edən, 50 dövlətin təmsilçisi olan 6 000 atlet üçün bayram havasıdır.


Avropanın səsi

İlk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki nitq söyləyəcək.


Gəncliyin enerjisi

Yeni texnologiyalar sayəsində ölkələr və ayrı-ayrı adamlar - onların ideyaları, mənsub olduqları xalqın mədəniyyəti və daşıdıqları enerjini ötürmək baxımından əvəzolunmaz mübadilə imkanları yaranır. 500 nəfərdən artıq ifaçı arasında enerjili hip-hop rəqqasları və havada heyrətamiz şou göstərən akrobatlar var.


Oyunların əsas məqamları

Birinci Avropa Oyunları Azərbaycan idman ictimaiyyəti üçün tarixi hadisə oldu. 17 günün əsas məqamları stadionun ekranlarında nümayiş olunur.


Oyanış

Elnur Mikayılov kasanın işığı altında bənzərsiz və həzin səsli kamançanı "dilləndirir" və Lamiyə Kərimova zövq oxşayan ifası ilə onu yanına çağırır. Qum rəssamı sehrli simurq quşu əfsanəsindən olan obrazları çəkir və onlar sanki möcüzəli şəkildə səhnədə canlanır.


Alovun söndürülməsi

Avropa Oyunlarının alovunun söndürüldüyü an 17 günün kulminasiya nöqtəsidir. Bu müddətdə idmançılar şücaətləri ilə dünyanın diqqət mərkəzində olublar. Kasanın alovu yavaş-yavaş sönür. Avropa Oyunları alovunun zərrəcikləri qəlblərdə daşınıb dünyayla paylaşılsa, o da simurq quşu kimi ölməz olacaq.


Birlik

İdmançılar, rəsmi şəxslər və könüllülər üçün Oyunlar sona yetib. İndi isə tarixə dönən ilk Avropa Oyunlarını bayram etməyin vaxtıdır. Mərasim möhtəşəm atəşfəşanlıqla başa çatır.

Sizin Reklam Yeriniz