Əlaqə Arxiv
news Image
2015.06.29
11:00
| A A A
Patrik Hikki: “İlk Avropa Oyunları Odlar Diyarında 17 günlük idman bayramı oldu”

"İlk Avropa Oyunları Odlar Diyarında 17 günlük möhtəşəm idman bayramı oldu". Movqe.az-ın məlumatına əsasən, bunu Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki I Avropa Oyunlarının bağlanış mərasimində deyib.


O, Azərbaycan Prezidenti İlham Əliyevə, "Bakı 2015" I Avropa Oyunları Təşkilat Komitəsinin sədri, birinci xanım Mehriban Əliyevaya, idmançılara, bu 17 gündə idman bayramının sevincini paylaşan hər kəsə təşəkkürünü bildirib.


P.Hikki Azərbaycanın səmimi və mehriban ev sahibi olduğunu qeyd edib: "Burada inşa etdiyiniz idman qurğuları uzun illər idmançılara, cəmiyyətinizə və gənclərə xidmət edəcək".


O, həmçinin möhtəşəm layihəyə dəstək olan hər kəsə minnətdarlığını bildirib və qeyd edib ki, milli olimpiya komitələri Oyunların Avropa idmanı üçün əhəmiyyətini gördülər: "İdman arenalarında mükəmməl çıxış etmək üçün komandalarınız yaxşı hazırlıq keçdi".


P.Hikki həmçinin beynəlxalq və Avropa federasiyalarına təşəkkür etməklə yanaşı, onların I Avropa Oyunlarında yeniliklərə açıq olmasını qeyd edib.


Avropa Olimpiya Komitəsinin prezidenti bildirib ki, avropalı idmançılar I Avropa Oyunları zamanı öz ölkələrini və qitələrini layiqli təmsil etdilər: "Böyük oyunlar böyük idmanla təyin edilir. Böyük idman isə sizin bizə bəxş etdiyiniz çıxışlardır".


P.Hikki qeyd edib ki, idmançılar Avropanın ən yaxşı idmançıları ilə mübarizə apardıqdan sonra "Rio 2016" Olimpiya Oyunları çərçivəsində dünyanın ən yaxşı atletləri ilə görüşməyə hazırdırlar: "Avropa ziddiyyətlər və böyük qarşıdurmalar qitəsidir. Lakin burada I Avropa Oyunlarında biz bir bayraq altında toplaşdıq. İdman və Olimpiya idealına çatmaq inamı bizi birləşdirən cəhətlərin, bizi ayıran cəhətlərdən daha əhəmiyyətli olduğu səviyyəyə qaldırdı. Əminəm ki, dörd ildə bir dəfə, iki həftə ərzində biz Avropanın əlli ölkəsi bir ola bilərik".


O bildirib ki, bütün növbəti Avropa Oyunları bu Oyunlara əsaslanacaq: "Avropa Olimpiya ailəsi və dünyadakı dostlarımızın adından əminliklə deyə bilərəm: Azərbaycanın, Avropa Oyunlarının, Avropanın möhtəşəm idmançılarının parlaq gələcəyi var".

Sizin Reklam Yeriniz