Əlaqə Arxiv
news Image
2015.09.04
13:45
| A A A
Dünya çempionatının dörddəbir final yürüşləri keçirilib

Fransanın Eqebelet şəhərində Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli akademik avarçəkmə üzrə dünya çempionatının dörddəbir final yürüşləri keçirilib. 

Movqe.az Goal.az-a istinadən  xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən Aleksandr Aleksandrov-Boris Yotov dueti ikinəfərlik qayıqla (M2X) 2000 metr məsafəyə yürüşdə finişə 6 dəqiqə 22,09 saniyəyə çatıb. Təmsilçilərimiz üçüncü yeri tutaraq yarımfinala vəsiqə qazanıblar və 12 ən güclü duet arasına yüksəliblər. Növbəti mərhələdə onların rəqibləri Norveç, Xorvatiya, Yeni Zelandiya, Avstraliya və İtaliya cütlükləri olacaq. Yürüş sentyabrın 4-də Bakı vaxtı ilə saat 13:37-də başlanacaq. Olimpiadaya lisenziya qazanmaq üçün bu duetlər arasında sonuncu olmamaq kifayət edir. Aleksandr Aleksandrov-Boris Yotov dueti yarımfinalda da ilk üçlüyə düşərək finala yüksələcəyi təqdirdə həlledici mərhələnin nəticəsindən asılı olmayaraq lisenziyanı təmin edəcək. Digər təmsilçilərimizə gəldikdə, qeyri-Olimpiya növü olan birnəfərlik yüngül çəkili qayıqla (LM1X) 2000 metr məsafəyə yürüşdə Cavid Əfəndiyev "D" finalında (19-24-cü yerlər) mübarizə aparacaq. Tarixdə ilk dəfə paralimpiyaçı akademik avarçəkənlərin mübarizəsində təmsil olunan Asif Qasımov da eyni yerlər uğrunda yarışacaq. Nüfuzlu reqataya 77 ölkədən 1300 idmançı qatılıb. Onlardan 129-u Olimpiya, 24-ü isə Paralimpiya oyunlarına vəsiqə qazanacaq. Dünya çempionatına sentyabrın 6-da yekun vurulacaq.

Sizin Reklam Yeriniz