Əlaqə Arxiv
news Image
2013.10.11
15:01
| A A A
Doğum evinə buraxılmadı, həyətdə doğdu-FOTO
Meksikada yeni qalmaqal yaşanır. 29 yaşlı hamilə İrma Lopes və onun əri Oahaka ştatındakı San Felipe Halapa de Dias qəsəbəsinin klinikasına gəlmişdilər.
İrmanın doğuş sancıları başlanmışdı və bu səbəbdən də əri onu klinikaya gətirmişdi.

Lakin klinikanın həkimləri yerli masatek xalqından olan İrmaya "Yer yoxdur, olmaz" deyiblər.
Zavallı İrma da klinikanın həyətində doğmalı olub.

Milli.Az bildirir ki, İrma Lopesin klinikanın həyətində oğlunu doğduğu anların əks olunduğu fotoları ən nüfuzlu jurnallardan biri La Razon dərc edəndən sonra böyük qalmaqal qopub.

Klinikanın direktoru Adriana Krus vəzifəsindən kənarlaşdırılıb.
Meksikanın Federal Səhiyyə Nazirliyinin qərarı ilə o, araşdırma başa çatana qədər vəzifə səlahiyyətlərini icra etməyəcək.
San Felipe Halapa de Diasın meri bildirib ki, bu yeganə hal deyil.

Belə ki, iyul ayında da elə həmin klinikaya hamilə qadın qəbul edilməmişdi və biçarə qadın klinikanın həyətində doğmuşdu.

3 övlad anası, 29 yaşlı İrma Lopesin dediyinə görə, hamiləliyin 8-ci ayında kəskin doğuş ağrıları tutmuşdu.
Masatek olan Lopes ispan dilini bilmir: "Buna görə də tibb bacıları ilə həkimlərin mənə nə dediklərini anlamadım. Amma başa düşdüm ki, içəri buraxmaq istəmirlər. Məcbur qalıb ərimlə çölə çıxdıq. Ağrılar şiddətlənmişdi. Elə klinikanın həyətində doğdum. Səhər saat 7.30 olardı. Diz çöküb qışqırırdım, çünki doğmağa başladığımı anlamışdım. Bu, çox pisdi".

İrmanın ərinin dediyinə görə, tibb bacılarına yalvararaq yardım istəsə də, kimsə onu eşitmək istəməyib.

Bir saat sonra klinikanın həyətindəki adamlar hiddətləniblər və qadın içəri buraxılmasa, qapıları sındıracaqlarını deyiblər.
Klinika rəhbərliyi yalnız bundan sonra İrma Lopesi içəri buraxıb və ona palatalardan birində yer ayırıb.

İrma və onun dünyaya gətirdiyi Salvador palataya yerləşdiriləndən sonra həkimlər üzrxahlıq ediblər.

Ekspertlərin dediklərinə görə, yaşanan olay Meksikadakı yerli xalqların mənsublarının ayrı-seçkiliklərə məruz qalmaları, onların hüquqlarının kobud şəkildə pozulmaları ilə yanaşı, hamilə qadınların doğuşqabağı qulluqla yetərli səviyyədə təmin olunmamalarına dəlalət edir.

İrma Lopesin yaşadığı Oahaka ştatında hər 5 qadından biri klinikalar və doğum evlərindən kənarda doğurlar.

"Oğlumun adını Salvador qoydum, çünki ispan dilində bu sözün mənası "xilas olmuş" deməkdir. Oğlum gerçəkdən də xilas oldu", - İrma Lopes deyib.
Sizin Reklam Yeriniz