Əlaqə Arxiv
news Image
2013.12.07
13:11
| A A A
Süfrəmizdəki bomba effektli qatil: bir ədədi bəsdir...
Bir neçə gün əvvəl Sumqayıtda bir ailənin dörd üzvü pomidor turşusundan zəhərlənib. Sumqayıt Şəhər Polis İdarəsindən verilən məlumata görə, şəhər sakinləri Nazilə, Rəna, Könül və Natiq Qasımovlar pomidor turşusundan zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır. 

Ümumiyyətlə, payız-qış fəsillərində turşudan, xüsusilə də pomidor turşusundan zəhərlənmə hallarına tez-tez rast gəlinir. Ağır zəhərlənmələr verən turşular əslində düzgün qoyulmadıqda ölüm mənbəyi olur. ToksikoloqHəcər Şahmuradovanın sözlərinə görə, bəzən bir pomidor belə insanın həyatı ilə oynamağa kifayət edir: "Rayonlarda kim necə gəldi turşu qoyur. Keyfiyyətinə fikir vermirlər. Əgər pomidor turşusunun balonunda bircə pomidor çürük olsa, bu, ölüm deməkdir. Camaat turşu ilə zarafat edir. İnanmırlar ki, zəhərlənərlər". 

Həmsöhbətimiz deyir ki, zəhərlənmə baş verəndə birinci növbədə bunun səbəbi müəyyənləşməlidir. "Yalnız səbəb ortaya çıxandan sonra onun niyə baş verdiyini və turşunun zəhərli olduğunu qabaqcadan necə bilməyin mümkün olduğunu söyləmək olar. Adətən turşunun olduğu qabın qapağı çox pas atmamalı, çox şişməməlidir. Mikroblar içəridədirsə, qapaq şişməyə başlayır. Bəzən elə ailələr olur ki, qapaq atdıqdan sonra turşu ziyana getməsin deyə, onu yeyirlər. Bu isə birbaşa zəhərlənməyə səbəb olur. Bu zaman bankada yaranan botulizm mikrobu inkişaf edir və qidalanma zamanı zəhərlənmə gedir. Bu da müxtəlif insanlarda özünü bir cür büruzə verir. Əgər insanın orqanizmi mikroba tab gətirirsə, o, ölümdən qurtula bilir, amma orqanizm zəifdirsə, zəhərlənmə ölümlə nəticələnir. Kəskin zəhərlənmə zamanı orqanizmə birdən-birə çoxlu miqdarda toksik maddə daxil olur. İlk yardım zamanı öncə zəhərin nə olduğu, nə qədər qəbul edildiyi, hansı yolla qəbul edildiyi, nə qədər vaxt keçdiyi nəzərə alınmalıdır". 

Turşu adətən evlərdə kustar üsulla hazırlanır ki, evdə konservləşdirilən bu məhsullardan istifadə zamanı problemlər yaranır. Belə ki, həmin məhsullar hətta ölümlə nəticələnmək riski yüksək olan botulizm hallarına gətirib çıxarır. İnsanlarda botulizm iti gedişata malik olmaqla üç əsas sindromla xarakterizə edilir ki, onlardan biri ümumi intoksikasiya adlanır. İkincisi mədə-bağırsaq, nəhayət, sonuncusu paralitik sindromdur. Onlardan birincisi olan ümumi intoksikasiya sindromu zamanı xəstələrdə ümumi halsızlıq, baş ağrısı, baş gicəllənməsi halları qeydə alınır. Mədə-bağırsaq sindromu üçün xarakterik əlamətlər qarın nahiyəsində ağrılar, ürək bulanması, qusma, sutkada 4-10 dəfə ishaldır. Paralitik sindrom üçün ağız boşluğunun quruması, meteorizm xarakterikdir. İnsanlarda xəstəliyə yoluxmadan bir neçə saat sonra, bəzən bir-iki sutka keçdikdən sonra görmə qabiliyyətinin pozulması, gözün hərəkətli sinirlərinin zədələnməsi ilə bağlıdır. Xəstəlik zamanı hətta ağır hallarda belə orqanizmin daxili bədən temperaturu normal qalır, xəstəlik zamanı ölüm halları 20-70 faizdir. 

Qeyd edək ki, çoxları turşunu necə hazırlamağı bilmirlər. Buna çox səthi yanaşırlar. Təkcə məhsulun özü deyil, onun bağlanacağı qab da təmiz yuyulmalıdır. Qapaqlara vaxtaşırı nəzər yetirilməli, qapaqları paslanmış, qalxmış turşular atılmalıdır. Əks halda zəhərlənmə riski hər zaman olacaq. Mütəxəsislərin fikrincə, plastik qablarda satılan və istehsal tarixi yeni olan turşulara üstünlük vermək lazımdır. 

Bu arada, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) qış mövsümü ilə əlaqədar əhaliyə xəbərdarlıq edib. Mərkəzin Qidalanma bölməsinin rəhbəri İmran Abdullayev "movqe.az"a bildirib ki, ötən mövsüm ev şəraitində konservləşdirilmiş məhsullarda zəhərlənmə halları çox olduğundan Mərkəz turşuların labarator müayinəsinə başlayıb: "Hazırda yoxlamalar davam edir. Biz istehsal müəssisələrindən, satışdan konservləşdirilmiş məhsullardan müayinələr götürərək laborator şəraitdə yoxlayırıq. Amma baş verən hadisələr göstərir ki, zəhərlənmələr daha çox ev şəraitində hazırlanan turşulardan törəyir. Həmin məhsullar konservləşdirilərkən yaxşı yuyulub təmizlənmədiyindən botulizm toksinləri üçün əlverişli şərait yaranır. Həmin toksinlər isə zəhərlənməyə səbəb olur". 

İ.Abdullayev toksinlərin miqdarı artıq olduqda zəhərlənmənin ölümlə nəticələndiyini söyləyir. Onun sözlərinə görə, əhali turşulardan istifadə edərkən diqqətli olmalıdır. Xüsusilə azyazşlı uşaqlar, yaşlı insanlar, hamilə qadınlar ev şəraitində hazırlanan konservləşdirilmiş məhsullardan uzaq durmalıdırlar. Biz evdə hazırlanan turşunu açıb yoxlaya bilmərik. Ona görə də məsləhət görürük ki, sənaye üsulu ilə isyehsal edilən konservləşdirilmiş məhsullardan istifadə etsinlər.
Sizin Reklam Yeriniz