Keçmiş sovet respublikalarından olan Latviya ofşor zona statusu almaq niyyətini nəhyaət ki, reallaşdırıb. Bu statusla o ərazisində müəyyən vergi güzəştləri tətbiq etməklə qonşu ölkələrin investisiyalarının cəlbinə nail olmağa çalışır. Belə vəziyyət isə istər-istəməz ölkənin iqtisadi baxımdan daha da inkişaf etməsinə gətirib çıxara bilər. Azərbaycana gəldikdə, ölkəmizdə hələ ki, ofşor zonası barədə düşünmürlər. Amma buna baxmayaraq, iqtisadi maraqlar baxımından Azərbaycan da həmin statusu ala bilər. Görəsən, Azərbaycanın da belə bir statusa yiyələnməsi nə dərəcədə məqsədəuyğundur?
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun fikrincə, Azərbaycanın ofşor zonaya çevrilməsi arzuolunan deyil: "Öncə onu qeyd edim ki, dünyada ofşor zonalarına münasibət heç də birmənalı deyil. Nəzərə almaq lazımdır ki, ofşor zonaları yalnız vergi güzəştlərini tətbiq etmir. Belə zonalarda şirkətlərin qeydiyyatı kifayət qədər asan olmaqla yanaşı, eyni zamanda onların hesabatlılığı kifayət qədər zəifdir. Praktik olaraq ofşor zonada qeydiyyatdan keçən şirkətlər heç bir ölkəyə mənsub olan şirkətlər olmadığından onlar hesabat vermirlər. Hesabatlılıq burada zəif olduğundan şirkətlərin vergidən yayınması, bəzi hallarda çirkli pulların yuyulması kimi müəyyən şübhələrə də yol açır. Bu baxımdan Latviyanın tətbiq etdiyi ofşor zona modeli daha çox vergi güzəştlərilə bağlı olan modeldir. Faktiki olaraq isə Latviya daha çox ofşor zonaya çevrilmək niyyətində deyil. Əslində onlar vergi güzəştləri tətbiq etməklə daha çox Rusiya kapitalının ölkəsinə cəlb olunmasına çalışır. Bu gün Latviyada yaşayan əhalinin təxminən yarısının rusdilli olduğunu nəzərə alsaq, deməli onların cəmiyyətə təsir imkanları da genişdir. Belə bir vəziyyətdə MDB və Rusiyadan investisiyaların cəlbi baxımından Latviyanın ofşor zonası statusu alması əhəmiyyətlidir. Amma onu da nəzərə alaq ki, Latviya kiçik ölkədir, əhalisi cəmi2,5 milyon nəfərdir. Ölkənin iqtisadiyyatı da kifayət qədər kiçikdir. O baxımdan düşünürəm ki, həmin islahat heç də Latviyaya ciddi investisiyanın cəlbinə imkan yaratmayacaq. Azərbaycana gəldikdə, ölkəmizin ofşor zonaya çevriləmsi arzuolunan deyil. Azərbaycanın investisiya qoymaq və cəlb edilməsilə bağlı problemi yoxdur. Ofşor zonası ölkə iqtisadiyyatı üçün müəyyən şübhələr yaratmaqla yanaşı, eyni zamanda Azərbaycana olan inamın azalmasına gətirib çıxarar. Azərbaycan əslində ofşor deyil, xüsusi iqtisadi zonaların yaradılması yolu ilə investisiyaların cəlbinə nail olmalıdır. Ölkəmizin qeyri-neft sektoruna xarici investisiyanın cəlb olunması zərurəti vardır. Amma bu proses birmənalı şəkildə ofşor zonaların yaradılması yolu ilə formalaşmamalıdır. Bunun üçün vergi güzəştlərinin tətbiq olunduğu xüsusi iqtisadi zonaların olması daha məqsədəuyğundur. Ölkəmizin ofşor zonaya çevrilməsi, nə iqtisadi, nə də siyasi baxımdan hər hansı bir mənfəət gətirməz".
Politoloq
Elşən
Manafov
isə ölkəmizin də
ofşor
zonasına qoşulmasını lazım bildi: "Britaniya parlamentinin dəstəyilə fəaliyyət göstərən İngiltərə qeyri-hökumət təşkilatlarının birinin apardığı tədqiqata görə, 1994-2010-cu illər arasında dünyanın135 ölkəsindən
Avropanın
ofşor
zonasına bir neçə trilyon dollar pul
keçirilib.
Azərbaycanın isə offşor statusunu hüquqi baxımdan qazanması əslində münasibətlərin hüquqi müstəviyə keçirilməsi istiqamətində növbəti addım olardı. Bu da Azərbaycanın imicinə müsbət mənada təsir göstərəcək. Çünki Azərbaycan ofşor zona statusu almaq istəsə, üzərinə müəyyən öhdəliklər götürəcək. Həmin öhdəliklərin yerinə yetirilməsi isə Azərbaycanda hüquqi dövlət və demokratik cəmiyyət quruculuğu yolunda müsbət töhfə verəcək".