Əlaqə Arxiv
news Image
2012.10.12
20:16
| A A A
BSU-da Dr. Cavad Heyətlə görüş
12 oktyabr 2012-ci ildə BSU-nun Azərbaycanşünaslıq tədris-mədəniyyət mərkəzinin təşkilatçılığı ilə görkəmli alim, tanınmış türkoloq, "Varlıq" dərgisinin baş redaktoru, Paris Cərrahlar Akademiyasının fəxri üzvü Dr. Cavad Heyətin "Dilimiz, ədəbiyyatımız və kimliyimiz uğrunda" kitabının təqdimat mərasimi keçirildi.
Universitetin tədris işləri üzrə prorektoru professor A.Hacıyev çıxış edərək tədbir iştirakçılarını salamladı. Dr. Cavad Heyətin həyat və fəaliyyəti haqqında danışaraq, "Dilimiz, ədəbiyyatımız və kimliyimiz uğrunda" kitabını dilimiz, mədəniyyətimiz, ədəbiyyatımız, ümumiyyətlə, türkçülüyün qiymətli əsəri adlandırdı. Çıxışında universitetin rektoru prof. Kamal Abdullayevin təbriklərini professora çatdıraraq onun universitetimizin fəxri qonağı olduğunu bildirdi.
Pedaqoji fakültənin dekanı prof. E.Piriyev çıxışında "Varlıq" dərgisinin əhəmiyyətindən söhbət açdı. "Dilimiz, ədəbiyyatımız və kimliyimiz uğrunda" kitabına dilçilik aspektindən yanaşaraq onu Azərbaycan dilçiliyi üçün son dərəcə qiymətli əsər olduğunu söylədi.
Azərbaycanşünaslıq tədris-mədəniyyət mərkəzinin böyük elmi işçisi f.e.n. G.Əliyeva da çıxışında dr.C.Heyətin dilçiliyə aid əsərləri üzərində dayanaraq onun "Türk dili və ləhcələrinin tarixinə bir baxış" əsərini Mahmud Kaşğarlının, "İki dilin müqayisəsi" əsərini Əlişir Nəvainin "Mühakimət-ül lüğəteyn" əsəri ilə müqayisə etdi.
Tədbirdə həmçinin Azərbaycanşünaslıq tədris-mədəniyyət mərkəzinin əməkdaşı R.Əliyev çıxış edərək "Varlıq" dərgisinin Cənubi Azərbaycan jurnalistikasına böyük töhfə olduğunu qeyd etdi, Lüğət mərkəzinin ETL müdiri T.Şükürbəyli də çıxışında onu Qorqud Ata adlandırdı.
Sonda Prof. Dr. Cavad Heyət tədbiri təşkil edən universitet rəhbərliyinə təşəkkürünü bildirdi. Özünün "Dilimiz, ədəbiyyatımız və kimliyimiz uğrunda" kitabı haqqında danışaraq burada 60 məqaləsinin toplandığını qeyd etdi, kitabın fəsilləri haqqında qısa danışdı.
Tədbirin sonunda tədris işləri üzrə prorektor prof. A. Hacıyev 2012-ci ildə Bakı Slavyan Universitetinin elmi şurasının qərarı ilə "Filoloqun kitabxanası-100" layihəsi çərçivəsində nəşr olunmuş Cavad Heyətin təqdimatında Bertran Rasselin "Qərb fəlsəfəsi tarixi" adlı kitabı haqqında da məlumat verdi.
Sizin Reklam Yeriniz