Əlaqə Arxiv
news Image
2012.12.11
17:20
| A A A
Türkiyə ilə dostluğumuz əbədidir
Azərbaycan -Türkiyə münasibətləri əvvəlki kimi yüksələn xətt üzrə inkişaf edir "Türkiyə həmişə Azərbaycanın haqlarını müdafiə edəcək". Bu fikri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf partiyasının cari ilin sentyabr ayında keçirilən qurultayında səsləndirib. Baş nazir birmənalı şəkildə bəyan edib ki, Ermənistan Azərbaycan torpaqlarını azad etməyincə, onunla siyasi, iqtisadi və diplomatik əlaqələr qurulmayacaq və bu işdə bizə heç kəs mane ola bilməz.
Qeyd edək ki, eyni fikirləri Azərbaycanda diplomatik fəaliyyətini başa vurmuş keçmiş səfir Hulusi Kılıç da səsləndirmişdi. Səlahiyyət müddətinin başa çatması ilə bağlı Bakıda keçirdiyi son mətbuat konfransında səfir bir daha bəyan etmişdi ki, Azərbaycanın haqlı davasında Türkiyə həmişə onun yanında olacaq. Bütün bunlar onu göstərir ki, Azərbaycan Türkiyə dostluğu və qardaşlığı dərin tarixi köklərə malikdir. Qeyd edək ki, ölkələrimiz arasında olan dostluq münasibətləri həm Türkiyədə, həm də Azərbaycanda yüksək dəyərləndirilir. Deyilənlər bu günlərdə İstanbul şəhərində sakinləri arasında keçirdiyimiz sorğuda da öz təsdiqini tapdı. Müsahiblərim birmənalı olaraq bildirdilər ki, Türkiyə- Azərbaycan münasibətləri xalqlarımızın tarixi qədər qədimdir və milli köklərə söykənir: "Bizim dilimiz, dinimiz birdir, adət-ənənələrimiz eyni kökdən gəlir. Bu yaxınlıq, faktiki olaraq, qardaşlıq münasibətlərimizin tarixində də özünü göstərməkdədir. Hələ ötən əsrin əvvəllərində erməni faşistləri rus bolşeviklərinin dəstəyi ilə Azərbaycanda qırğın törədəndə Türkiyə kömək əlini uzatdı və Azərbaycanlı qardaşlarımız bu ağır fəlakətdən qurtardı".
Xatırladaq ki, XX əsrdə ikinci dəfə Azərbaycan xalqı müstəqillik qazandıqdan sonra da bu müstəqilliyi tanıyan ilk ölkə Türkiyə Cümhuriyyəti oldu. Azərbaycanın ümummilli lideri Heydər Əliyev isə bu dostluq və qardaşlığı daha da dərinləşdrərək "bir millət iki dövlət" mərhələsinin əsasını qoydu.
Söhbətləşdiyim şəhər sakinləri isə ölkələrimiz arasında münasibətlərin inkişaf edərək digər sahələrə də yol acdığını bildirdilər. Qeyd edək ki, əksər ekspertlər də son illər Azərbaycan-Türkiyə münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyi qənaətindədirlər. Rəsmilərin bildirdiyinə görə, yaxın illər ərzində Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 10 milyard dollara, qarşılıqlı investisiyanın həcmini isə 20 milyard dollara çatdırılması gözlənilir. Araşdırmalarımız nəticəsində bir daha məlum oldu ki, hazırda iki ölkə arasında bütün sahələrdə münasibətlər yüksək səviyyəyə çatıb. Belə ki, təkcə son 4 ildə Azərbaycana Türkiyədən 40-a yaxın yüksək səviyyəli səfərlər olub. Bir sözlə Azərbaycan-Türkiyə dostluğu "bir millət, iki dövlət" ifadəsini tam ehtiva edir.
Statistik məlumatlar onu göstərir ki, son illər ölkələrimiz arasında 148 mühüm sənəd imzalanıb. Ankara Ticarət Palatasının məlumatına görə, Türkiyənin Azərbaycanda birbaşa investisiyaları 3,8 milyard dolları ötüb.
Bununla yanaşı, Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədə "Petkim" neft-kimya kompleksinin ərazisində neft emalı zavodunun tikintisinə investisiya qoyması ilə Türkiyə və Azərbaycan arasında investisiyaların ümumi həcmi 15 milyard dolları keçəcək. Hər iki ölkə rəsmilərinin sözlərinə görə, yaxın tezlikdə istifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişinin başa çatması hər iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişlənməsinə növbəti nəfəs verəcək. Bu yolun tikintisinin isə yaxın aylarda başa çatdırılması gözlənilir. Xəttin istifadəyə verilməsindən sonra 1,2 mln. sərnişin və 3,5 mln. ton yük daşınacaq. 2034-cü ildə isə dəmiryolu xəttinin üzərində 7,8 mln. sərnişin və 21,5 mln. Ton yük daşıması olacağını təxmin edilir. Bakı-Tiflis-Qars xətti, Marmaray və tikintisi davam edən sürətli qatar layihələri ilə yalnız Türkiyə deyil, Gürcüstan və Azərbaycan da Asiya-Avropa dəhlizinin ən sərfəli və etibarlı variantı halına gələcək.
Sizin Reklam Yeriniz