Əlaqə Arxiv
news Image
2012.12.14
12:29
| A A A
“Şəhər istiqrazları”nın Azərbaycanda da buraxılışı aktuallaşır
Ruslan Atakişiyev: “Regionların inkişafı istiqamətində bu gün iri şəhərlərdə istiqrazların buraxılması əsasında əlavə investisiyaların həyata keçirilməsi Azərbaycan üçün tezdir və yenidir” Oqtay Haqverdiyev: “Şəhər istiqrazları”nı prinsip etibarı ilə buraxmaq olar” Məlumdur ki, bu gün regionların sosial - iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün həmin yerlərə investisiya yatırımları həyata keçirilməkdədir. Bu cür tədbirlərdən biri kimi də ayrı - ayrı şəhərlərə məxsus şəhər istiqrazlarının buraxılması təklif olunur. Xatırladaq ki, belə maliyyə aləti xarici təcrübədə mövcuddur. Məsələn, hal - hazırda Sankt-Peterburqda bunun tətbiqi istiqamətində müəyyən addımlar atılır. Amma iqtisadçılar indiki vəziyyətdə bu kimi praktikanın ölkəmizdə həyata keçirilməsinin qeyri-mümkünlüyünü bildirirlər.
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri, iqtisadçı Ruslan Atakişiyev hesab edir ki, real dövr üçün bunun Azərbaycanda həyata keçirilməsi erkəndir: "Regionların inkişafı istiqamətində bu gün iri şəhərlərdə istiqrazların buraxılması əsasında əlavə investisiyaların həyata keçirilməsi Azərbaycan üçün tezdir və yenidir. Çünki, indiki vəziyyətdə burada bir sıra problemlər mövcuddur. Birincisi, hələ Azərbaycanda qiymətli kağızlar bazarı sona qədər inkişaf etməyib. Bu gün Bakı Fond Birjası, ümumiyyətlə, qiymətli kağızların idarə olunması istiqamətində fəaliyyət göstərən dövlət qurumları hələ də beynəlxalq standartlara uyğunlaşmaq istiqamətində iş aparır. İkinci məsələ ondan ibarətdir ki, bu gün şəhərlərdə həmin istiqrazlar buraxıldığı zaman əhalidən yığılan pullar borc pullardır. Bu o deməkdir ki, bir müddətdən sonra istiqrazlar əsasında cəlb olunmuş vəsaitlər, həmin sənəd əsasında yenidən üzərinə vəsait əlavə olunmaqla əhaliyə qayıtmalıdır. Bu da onu göstərir ki, borc vəsaiti toplandığı halda səmərəli idarə və istifadə olunmalıdır. Lakin bu gün Bakıdan kənardakı şəhərlərdə əldə olunmuş investisiya vəsaitlərinin səmərəli idarə edilməsi hələ də mövcud deyil. Həmin vəsaitlər əgər investisiya şəklində cəlb olunarsa, bunlar şəffaf şəkildə toplanmalı, səmərəli xərclənməlidir ki, o istiqamətdə də gəlirlər əldə olunsun. Gəlirlilik təmin olunduqdan sonra əhalidən borc şəkildə yığılmış vəsaitlərin yenidən əhaliyə qaytarılması mümkün olsun. Bu baxımdan da həmin istiqrazların Bakıdan kənar yerlərdə təqdim olunması bu gün üçün aktual deyil".
Ekspert onu da bildirdi ki, hansısa inkişaf etmiş ölkədə şəhərlərin inkişafı üçün istiqrazlar vasitəsi ilə vəsait cəlb olunursa, bunu bələdiyyələr həyata keçirir: "Bu da bələdiyyələrin gəlir mənbələrindən bir istiqamətidir. Ona görə də bu işlərin icra hakimiyyətlərindənsə, bələdiyyələr tərəfindən həyata keçirilməsi beynəlxalq tələblərə daha çox cavab verər. Amma bu gün bizim bələdiyyələrdə maliyyələşmə mexanizmi sona qədər formalaşmayıb. Odur ki, belə bir istiqrazların buraxılması üçün ilk növbədə bələdiyyələrdə maliyyə - idarəetmə mexanizmləri mövcud olmalıdır ki, bunun əsasında hansısa istiqrazlar buraxılsın və əldə olunmuş vəsaitlər idarə olunsun ki, şəhər inkişaf etsin. Ancaq bu gün bələdiyyələrin maliyyələşməsi indiki vəziyyəti, investisiya layihələrinin hazırlanmasında yetərincə təcrübəsinin olmaması fonunda belə bir maliyyə alətinin tətbiqi Azərbaycan üçün tezdir. Ona görə "şəhər istiqrazları" buraxılmamışdan qabaq, onunla bağlı instiosional tədbirlər həyata keçirilməsinə ehtiyac var. Yəni, bunun fundamenti hazırlanmalıdır. Bu da ondan ibarətdir ki, Azərbaycanda ümumiyyətlə, qiymətli kağızlar bazarının daha da inkişaf etdirilməsi istiqamətində islahatlar davam etdirilməlidir. Regionların, iri şəhərlərin bələdiyyələrində maliyyə idarəetmə sistemi müasirləşdirilməlidir. Vəsaitlərin idarə olunması, investisiyaların cəlbi mexanizmi hazırlanmalıdır. Bunun üçün də həmin institutisional dəstək işləri görülməlidir. Düzdür, bu gün Azərbaycan regionlarının, iri şəhərlərin, rayonların inkişafı ilə bağlı müəyyən infrastruktur layihələri həyata keçirilir. Dövlət büdcəsindən hər il müxtəlif şəhərlərin inkişafı ilə bağlı vəsaitlər ayrılır və nəzərdə tutulur. Amma hazırki dönəmdə əsas diqqət, iri şəhərlərdə dövlət tərəfindən ayrılmış vəsaitlərin səmərəli idarə olunması, xərclənməsi, artırılmasına yönəldilməlidir".
Digər iqtisadçı Oqtay Haqverdiyev isə bildirir ki, "şəhər istiqrazları"nı prinsip etibarı ilə buraxmaq olar: "Amma hazırda Bakıdan başqa digər şəhərlərdə həmin mühit yoxdur. İstiqraz deyəndə bunun arxasında nəsə əmlak durmalıdır. Amma Bakıdan başqa bizim şəhərlərimizin hamısı büdcədən maliyyələşən şəhər və rayonlardır. Ona görə də onların bunu etməyə hazırda imkanı da yoxdur. Hətta sənaye şəhəri sayılan Sumqayıtda olan müəssisələr də dövlətindir. Dövlətin olduğu halda da hansısa istiqraz buraxması mümkün deyil. Həm də həmin istiqrazın alıcısı da olmayacaq. Bizdə bəzi açıq səhmdar cəmiyyətlər var ki, onların müəssisələrinin hamısı özəlləşməyib. Həmin müəssisələrin bəzi əmlakları hələ də dövlətə məxsusdur. Amma Maliyyə Nazirliyi büdcədə kəsir olanda kəsri bağlamaq üçün müəyyən müddətli qiymətli kağızlar buraxır. İş burasındadır ki, həmin istiqrazları da adi vətəndaş almır. Onu Mərkəzi Bank alır, sonra da yenidən müəyyən faizlə qaytarır".
Sizin Reklam Yeriniz