Əlaqə Arxiv
news Image
2012.12.17
17:58
| A A A
Komitədən nazirliyə çağırış
Faiq Şahbazlı: “TQDK Təhsil Nazirliyinin qiymətləndirməsini hörmətdən salmaq üçün yeni bir qiymətləndirmə modeli yaradır” Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlının "TQDK dərsliklərin monitorinqi zamanı Təhsil Nazirliyindən narazı olan adamlardan daha çox istifadə edir" fikrinə münasibət bildirib.
TQDK mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya açıqlamasında deyib ki, Komissiya tərəfindən orta məktəblərdə qüvvədə olan dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vəsaitlərinin monitorinqi ilə bağlı keçirilən seminarlarda iştirak tam sərbəstdir: "Bununla əlaqədar TQDK-nın rəsmi internet saytında əvvəlcədən məlumat və seminarların iş cədvəli asılıb. Seminarlarda bütün orta məktəblərdən olan müəllimlər, müstəqil ekspertlər, pedaqoq və repetitorlar, ayrı-ayrı dövlət orqanlarında çalışan işçilər iştirak edə bilərdilər. Biz müxtəlif tədris şöbələrinə də müraciət edib onların müvafiq fənlər üzrə müəllimlərinin bu seminarlarda fəal iştirakını təmin etməsinə köməklik göstərməsini xahiş etmişdik. Yəni TQDK bu seminarlara kimisə seçərək xüsusi olaraq dəvət etməyib və etmir. TQDK yalnız xüsusi olaraq Təhsil Nazirliyini dəvət edib. O nazirlikdən də müvafiq şöbənin müdiri Faiq Şahbazlı bu seminarlarda müntəzəm olaraq iştirak edir. Seminarlar tam açıqdır və şəffaflıq şəraitində keçir. Burada alternativ fikirlər də səslənə bilər. Nəyisə müzakirə edib nöqsanları müəyyənləşdirmək və daha təkmil bir iş ortaya qoymaq üçün yalnız tərifləri eşitmək lazım deyil, tənqidləri də dinləmək lazımdır. Bu fikirlərdən narahat olmaq lazım deyil. Biz insanları əvvəllər dərslik müəllifi, yaxud narazı olub-olmamasına görə müəyyənləşdirib dəvət etməmişik. Seminar iştirakçılarının tam əksəriyyəti orta məktəb müəllimləridir. Seminarlarda Təhsil Nazirliyinin tabeliyində olan məktəblərin müəllimləri tərəfindən daha çox narazılıqlar ifadə olunur, nəinki narazı qalan dərslik müəllifləri".
TN-in dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı isə APA-ya deyib ki, dərs ilinin başa çatmasına 5 ay müddət qalıb. Bu müddət ərzində dərsliklər istifadə olunmadan, praktikada onlara şagirdin, müəllimin, valideynin münasibəti ortalığa çıxmadan dərsliklərin monitorinqini aparmaq düzgün deyil: "Əslində TQDK Təhsil Nazirliyinin qiymətləndirməsini hörmətdən salmaq üçün yeni bir qiymətləndirmə modeli yaradır. Çünki gərək dərsliklərin istifadəyə verilməsindən bir il keçsin ki, ondan sonra bu barədə nə isə deyək. Amma I, IV və V sinif dərslikləri bu il yenidən hazırlanaraq kurrikulum əsasında istifadəyə verilib. Belə halda monitorinqi necə etmək olar?"
Elnur Nağızadə isə deyib ki, hələ TQDK-nın monitorinqləri başa çatmayıb: "Prosesi qabaqlamaq lazım deyil. Hələ bu qiymətləndirmənin nəticələri açıqlanmayıb. Monitorinqin nəticələri yekunlaşmamış indidən buna qarşı çıxmaq doğru deyil".
Sizin Reklam Yeriniz