Əlaqə Arxiv
news Image
2012.12.19
12:01
| A A A
Tikinti şirkətlərinin mənzil fırıldağına son qoyacaq təklif
Emil Cəfərov: “Gərək qanunvericilikdə cəza tədbirləri sərtləşdirilsin” Nüsrət İbrahimov: “Yarımçıq binalara əvvəlcədən çıxarış almaq mümkündür” Səməd Vəkilov: "Çıxarış əldə edilərsə, həmin mənzilin ikinci bir şəxsə verilməsi mümkün olmayacaq"


Ölkədə tikinti şirkətləri tərəfindən mənzil hüququ pozulan, bu şirkətlərin fırıldağının qurbanı olan hələ də xeyli insan var. Xatırlatmaq yerinə düşərdi ki, adları artıq cəmiyyətə bəlli olan və payçıları aldadan MTK - lar barədə hazırda istintaq aparılır. Lakin bu, hələ də aldanmış payçıların mənzil hüququnun bərpa olunmasına gətirib çıxarmayıb.
Belə halların təkrar olunmaması üçün isə belə təklif də səsləndirilir ki, vətəndaş yeni binada mənzilə yiyələnmək istəyirsə, gərək o mənzil üçün Dövlət Reyestr Xidmətindən çıxarış edilsin. Ekspertlər isə təklifi müxtəlif cür qiymətləndirirlər.
"Müvəkkil" Hüquq Mərkəzinin sədri Səməd Vəkilov isə qeyd edir ki, burada qanunvericilikdə problem yoxdur: "Mülki qanunvericiliyə görə, mülkiyyəti təsdiq edən yeganə sənəd, Əmlak məsələləri üzrə Dövlət Komitəsinin təsdiq etdiyi çıxarışdır. Bu olmadan vətəndaşın mülkiyyətini təsdiq etmək mümkün deyil. Amma problem ordadır ki, vətəndaş tikinti şirkətinə müraciət edən zaman, həmin şirkətin ona çıxarış vermək imkanı olmur. Çünki, tikinti başa çatmayıb. Tikinti başa çatandan sonra müvafiq dövlət orqanları onu istismara yararlı olmasını təsdiq edir və o, mülkiyyət hüquqlarına dair çıxarış ala bilər. Hazırda ilkin sənədlər, icarə müqaviləsi əsasında hansısa mənzili vətəndaşa verirlər. Eyni mənzili digər vətəndaş müraciət edərkən icarə müqaviləsi əsasında ona da verirlər. Hətta həmin evi 10 nəfərə də verə bilərlər. Çünki, bina hazır olmamışdan qabaq ucuz olduğuna görə, vətəndaş oradan ev almağa can atır. Amma bina hazır olanda həmin mənzilin qiyməti artır. Problemlər buradan yaranır. Ona görə də əgər çıxarış əldə edilərsə, həmin mənzilin ikinci bir şəxsə verilməsi mümkün olmayacaq. Sadəcə olaraq dövlət bunu nəzarətə götürməlidir. İcarə müqaviləsi əsasında verilən tikililərə ümumi bir nəzarət olmalıdır. Qanunvericiliyə bu cür təklif etmək olar ki, tikinti şirkətlərinin nəzarət mexanizmi olsun. Amma bunun özü də kapitalist münasibətləri sistemində o qədər də real görünmür. Çünki, sahibkar müstəqildir. Odur ki, hazırda hansısa sahibkar dələduzluq edirsə, o, fərdi qaydada cəzalandırılmalıdır".
Hüquqşünas bildirir ki, bu kimi halların qarşısını almaq üçün, fərdi sahibkarların fəaliyyətinə korrupsiyaya qarşı mübarizə kontekstində yanaşmaq lazımdır: "Fəaliyyətləri vaxtaşırı yoxlanmalıdır. Hökumət onların mühasibatlığını yoxlamaqla, icarə müqaviləsindən əldə olunan gəlirlərə nəzarət etməklə, icarə müqaviləsinin reyestrini aparmaqla nəzarət edə bilər. Yəni, reyestrdə bir nəfərin adı keçirsə, həmin mənzili icarə müqaviləsi ilə ikinci şəxsə vermək mümkün olmayacaq. Amma bunlar aparılmadığından hazırda aldanmış payçılar çoxdur".
Daşınmaz əmlak məsələləri üzrə digər bir ekspert Emil Cəfərov bildirir ki, özünü doğrultmuş şirkətlər heç vaxt belə işlər etmirlər: "Hətta elə tikinti şirkətləri var ki, əvvəlcə bütün mənzilləri özəlləşdirir, ondan sonra satışa çıxarır. Yəni, bina tikiləndə artıq özəl sayılır. Onların özlərində bütöv bina üçün kupça olur. Evi də öz adından birbaşa payçının adına keçirirlər. Amma hazırki vəziyyətdə bütün tikintilərdə evləri özəlləşdirmək çətin məsələdir. Ona görə də təklif olunan praktika bu gün üçün keçərli hesab oluna bilər. Hətta bu praktika xaricdə də var. Belə olsa, bütün şirkətləri əhali arasında etibar qazanar. İşlər notariusdan olsa, kompüter vasitəsi ilə yaddaşa yazılsa, eyni mənzili bir neçə nəfərə satmaq mümkün olmayacaq. Bundan başqa, gərək qanunvericilikdə cəza tədbirləri sərtləşdirilsin".
Sizin Reklam Yeriniz