Əlaqə Arxiv
news Image
2012.12.25
11:49
| A A A
Elmi dərəcələr üçün prosedurların sadələşdirilməsi zərurətə çevrilir
Məhərrəm Zülfüqarlı: "Avropada hətta magistraturanı bitirən şəxs elmi araşdırma ilə çıxış edə bilir" Müstəqillik əldə etdikdən sonra, sosializmdən kapitalizmə qəfil keçid zamanı ölkədə elm sektoru tənəzzülə uğramağa başladı. Düzdür, sonradan bu sahədə vəziyyət dəyişdi. Lakin ekspertlərə hələ də elm sahəsinəd islahtların aparılmasını vacib sayırlar. Məsələn,  ölkəmizdə elmi adların alınması üçün hələ də sovet dövründə qüvvədə olan prosedurlar qalmaqdadır.
Bu da gənclərin elmə axınının qarşısını alır. Təhsil naziri Misir Mərdanov bildirib ki,  gənc alimlərin sayı kritik həddə az olmasa da, onların sayının artırılması üçün indidən tədbirlər görülməldir. Onun  sözlərinə görə, elmi dərəcələr almaq istəyən gənclər üçün tələb olunan prosedurlar sadələşdirilməlidir: "Avropa ölkələrində gənclər elmlər doktoru dərəcəsi almaq üçün bir o qədər də problemlərlə rastlaşmırlar. Biz nə ediriksə, onların hamısı elmin inkişafına yönəlməli, süni maneələr aradan qaldırılmalıdır. Ona görə də istəyirəm ki, biz hamımız bir söz deyək və prosedurların sadələşdirilməsi üçün işlər görək".
M.Mərdanov qeyd edib ki, Azərbaycanda gənc alimlərin sayı çox azdır: "Hazırda Azərbaycanda 30 mindən artıq elmi pedaqoji işçi var. Onlardan 1918 nəfəri elmlər doktoru, 8976 nəfəri fəlsəfə doktoru və elmlər namizədidir. Azərbaycanda alimlərin, elmlər doktorlarının böyük əksəriyyəti yaşlı insanlardır. Bu məsələ məni çox narahat edir. Hazırda gənc alimlərin sayı kritik həddə az olmasa da, onların sayının artırılması üçün indidən tədbirlər görülməldir".
MEA prezidenti Mahmud Kərimov isə bildirib ki,  Qərbdə Ali Attestasiya Komissiyasına sənədlərin təqdim edilməsi proseduru yoxdur: "Sadəcə, hansısa elmi tədqiqat müəssisəsinin Elmi Şurası işi dinləyir, müraciət edənə fəlsəfə elmlər doktoru və digər elmi dərəcələrin verilməsi barədə qərar qəbul edir. Əslində bu, sadələşdirilmiş prosedurdur. Bunun da öz üstünlükləri var. Ancaq o şərtlə ki, Elmi şuralar həqiqətən də obyektiv olacaqlar. Əgər bu prinsipiallıq, obyektivlik təmin olunmayacaqsa, onda hesab edirəm ki, Ali Attestasiya Komissiyasının mövcudluğu zəruridir".
AMEA prezidenti Azərbaycanda elmi dərəcələrin alınması üçün əsas çətinliyin nədən ibarət olduğunu da açıqlayıb: "Çətinlik ondan ibarətdir ki, hər bir müdafiə şurasına ay ərzində müdafiə oluna bilən dissertasiyaların sayını özündə əks etdirən hansısa plan təqdim olunur. Ancaq faktiki olaraq bəzən iddiaçıların sayı bundan qat-qat çox olur. Nəticədə növbə yaranır. Bəzən bu, illərlə davam edir. İşin özünün müdafiə olunması, rəylərin verilməsi tez həll olunur, o qədər də vaxt aparmır. Hər bir iddiaçı öz növbəsini gözləməlidir. Bu da bir qədər maneə yaradır".
Ekspertlər hesab edirlər ki, maliyyə durumunun aşağı olması ilə yanaşı, prosedurların çoxluğu gənclərin elmə axınına mənfi təsir göstərir. İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri Məhərrəm Zülfüqarlının sözlərinə görə, Azərbaycanda elmi adların alınmasında təqdim olunan elmi işin sanballılığından daha çox, prosedurların dəqiqliyinə fikir verirlər: "Sovet dövründə belə bir fikir var idi ki, nə istəyirsən yaz, təki prosedurları düzgün keçəsən. İndi də bunun əziyyətini çəkirik. Avropada hətta magistraturanı bitirən şəxs elmi araşdırma ilə çıxış edə bilir. Avropada təqdim olunan məqalədə elmi kəşflərin gücünə diqqət yetirilir. Orada elmi araşdırma şuraları o qədər müstəqildilər ki, qəbul etdikləri qərar heç kəsdə şübhə doğurmur".
M.Zülfüqarlının fikrincə, Azərbaycanda elmi adların alınması sahəsində prosedurlar asanlaşdırılsa, başqa bir problem meydana çıxacaq: "Bundan sui-istifadə edənlər tapılacaq. Məlumdur ki, Azərbaycanda elmi titulları olan şəxslərə dövlət tərəfindən ciddi təqaüd verilmir. Bir çoxları şöhrət üçün elmi ad almaq istəyir. Amerikada yalançı elm adamları heç bir problem yaratmır. İstənilən şəxs ödənişini ödəməklə Nyu-York Elmlər Akademiyasının üzvü ola bilir. Akademiya üzvlərinin ödənişindən gəlir götürür.  Alim istəsə boş-bekar gəzər, istəsə də gedib hansısa şirkətdə müqavilə əsasında elmi araşdırmalarla məşğul ola bilər. Bu gün dünyada elmi araşdırmaların arxasında biznes durur. Biznes dəstəyi, təlabat olmadan elmi adların, araşdırmaların heç bir faydası yoxdur".
Sizin Reklam Yeriniz